Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:50

İsrail 'Hizbullah'ı siyasi və iqtisadi güc olaraq zəiflətməyə çalışır


"Hizbullah" döyüşçüləri dəfn mərasimində.
"Hizbullah" döyüşçüləri dəfn mərasimində.

Həftələr boyunca qurudan və havadan Livana hücum edən İsrail "Hizbullah" liderlərini və təşkilatın hərbi imkanlarını hədəf alır.

İsrail indi öz hədəflərini genişləndirir və mülki infrastruktura, o sıradan "Hizbullah"la bağlı banklara da hücum edir. Siyasi partiya da olan "Hizbullah"ın silahlı qurumu Livanın cənubunun xeyli hissəsini nəzarətdə saxlayır.

Mütəxəssislər deyirlər ki, İsrailin məqsədi "Hizbullah"ı təkcə hərbi güc kimi deyil, Livandakı siyasi və iqtisadi güc kimi də məhv etməkdir. ABŞ bu təşkilatı terrorçu kimi tanısa da, Aİ onun yalnız hərbi qanadını qara siyahıya salıb.

"İsrail "Hizbullah"ı təkcə hərbi güc, heyət və silah baxımından deyil, siyasi, sosial və maliyyə baxımından da zəiflətməyə çalışır", - keçmiş İsrail diplomatı və İsrailin Milli Güvənlik Şurası sədrinin keçmiş müavini Eran Etsion belə deyir.

İsrail vurduğu hədəfləri artırır

Oktyabrın 21-də İsrail "Hizbullah"la bağlı "Əl-Qərd Əl-Həsən" (AQAH) maliyyə-kredit assosiasiyasına hava zərbələri endirib.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin hazırladığı materialda deyilir ki, "Hizbullah"ın güclü dəstəyi olan ərazilərdə mülki şəxslərə maliyyə xidmətləri göstərən bank var. Ancaq İsrail və ABŞ həmin bankı "Hizbullah"ın öz hərbi fəaliyyətlərini maliyyələşdirməsinə yardım etməkdə günahlandırır.

İsrailin "Əl-Qərd Əl-Həsən"ın filialına aviazərbəsi
İsrailin "Əl-Qərd Əl-Həsən"ın filialına aviazərbəsi

"AQAH şöbələrini hədəf alması İsrailin vurduğu hədəf növlərini artırdığını göstərir. Ancaq bu o demək deyil ki, İsrail "Hizbullah"ı tam demontaj etməyə çalışır", - Etsionun sözləridir.

Ekspertlər deyirlər ki, İsrailin məqsədi "Hizbullah"ı məhv etmək deyil, ən azı, bunun gerçəkdənuzaq məqsəd olduğuna görə. Onların fikrincə, İsrail bunun əvəzində "Hizbullah"ın hərbi imkanlarını və siyasi bazasını aşındırmağa çalışır.

""Hizbullah" Livanda üstünlüyə sahib siyasi gücdür və hərbi baxımdan ciddi zəifləyərsə, bu onun siyasi gücünü də azaldacaq", - Belçikada yerləşən Beynəlxalq Böhran Qrupunun Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Yost Hilterman belə deyir.

Livanın təriqətçi siyasi sisteminə görə, prezident xristian, baş nazir sünni müsəlman, parlamentin spikeri isə şiə müsəlman olmalıdır.

Güc bazası şiələrin arasında olan "Hizbullah"ın həm nazirliklər, həm və parlament səviyyəsində təmsilçiləri var. Qeyri-şiə partiyaları ilə birliyi də ona əlavə siyasi nüfuz qazandırır.

Hilterman İsrailin Livanda siyasi dəyişikliyə təsir etmək iqtidarında olmasına şübhə ilə yanaşır. O deyir ki, İranın dəstəklədiyi "Hizbullah" hətta Livan ordusundan da güclüdür. Livandakı nisbətən daha kiçik siyasi qruplarınsa onu sıxışdırıb çıxarmaq üçün hərbi gücü, yaxud siyasi nüfuzu yoxdur.

Liderlər arasında bölünmə var

İsrail 1982-ci ildə Livana hücum etdikdən sonra israilyönlü xristian partiyasını hakimiyyətə gətirməklə Livanın siyasi səhnəsini dəyişməyə çalışsa da, bu cəhdi uğur qazanmadı.

"İsrailin konkret bu sahədə imkanlarının məhdud olduğu bilinir", - Etsion belə deyir.

Qəzzada HƏMAS tərəfindən girov saxlanılan israillilərin qohumları və tərəfdarları Təl-Əvivdə keçirilən nümayiş zamanı ABŞ-ni onların azad edilməsinə müdaxilə etməyə çağıran plakatları qaldırıblar.
Qəzzada HƏMAS tərəfindən girov saxlanılan israillilərin qohumları və tərəfdarları Təl-Əvivdə keçirilən nümayiş zamanı ABŞ-ni onların azad edilməsinə müdaxilə etməyə çağıran plakatları qaldırıblar.

Müşahidəçilər deyirlər ki, "Hizbullah"la mövcud münaqişəyə yanaşma məsələsində İsrailin mülki və hərbi liderləri arasında bölünmə var.

Düşərgələrdən biri müharibəni zəiflədərək BMT Təhlükəsizlik Şurasının 1701-ci qətnaməsinə əsasən, siyasi çözümə nail olmaq istəyir. Bura "Hizbullah" döyüşçülərinin İsrail sərhədinin yaxınlığından çəkilməsi və BMT-nin sülhqoruma qüvvələrinin sərhəd boyunca güvənliyi təmin etməsi də daxildir.

Etsion deyir ki, Netanyahunun da daxil olduğu digər düşərgə isə münaqişəni genişləndirərək İran, və ABŞ-nin də qatıldığı tammiqyaslı regional savaşa çevirməyə çalışır.

İsrail Tehranın oktyabrın 1-də gerçəkləşdirdiyi geniş raket hücumuna cavab olaraq, İranı vuracağına söz verib. Çoxları İsrailin hücumunun belə əvəz-əvəz hücumları silsiləsini sürdürüb-artıracağından, bütün bölgəni ağuşuna alacaq müharibəyə çevirəcəyindən narahatdır.

Etsion deyir ki, Netanyahunun əsas məqsədi hakimiyyəti əlində saxlamaq və hakimiyyətdən kənarlaşdırılmamaqdır: "…Onun bu müharibəni daimiləşdirməyə açıq-aşkar siyasi, şəxsi və cinayət maraqları var".

Netanyahunun tənqidçiləri onu HƏMAS-ın 7 oktyabr hücumu ilə nəticələnən güvənlik boşluqlarına görə də suçlayırlar.

Netanyahu ciddi korrupsiya ittihamları ilə də üz-üzədir. Onun əleyhdarları baş nazirin öz məhkəməsini qeyri-müəyyən müddətədək ertələməyə çalışdığını deyirlər.

XS
SM
MD
LG