Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:00

Ukrayna üçün İsrail modeli – kirpinin tikanlarını çoxaltmaq...


Kiyev növbəti raket hücumundan sonra
Kiyev növbəti raket hücumundan sonra

Rusiyanın Ukraynaya hücumu artıq 16-cı ayına girir və sonu görünməyən bu müharibə dünyanı narahat etməkdədir.

Qərb paytaxtlarında münaqişənin nə qədər davam edəcəyi, Ukraynanın nə qədər dözə biləcəyi və Qərb seçicilərinin, xüsusən də ABŞ-ın Kiyevə milyardlarla dollarlıq silah göndərilməsini nə qədər dəstəkləyəcəyi ilə bağlı səbirsizlik artır.

Vaşinqton, Brüssel və başqa yerlərdə, Ukraynanın ən sadiq tərəfdarlarından bəziləri NATO-ya tam üzvlükdən başqa heç nəyin münaqişəni həll etməyəcəyini deyirlər.

Ancaq məsələ ondadır ki, Kreml İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük quru müharibəsinə başlamasını həm də Ukraynanın NATO-ya üzvlük ehtimalı ilə əsaslandırıb.

Bəlkə, proqnozlaşdırılan gələcəkdə Qərb silahlarını göndərməklə, məhdud təhlükəsizlik təminatı da verməklə yaxın perspektivdə NATO-ya üzvlük məsələsini masadan qaldırmaq olar?

Bir növ İsrail kimi

“Kirpi” modeli kimi bu ideya, diplomatların Ukraynanı təhlükəyə atmadan və ya təcavüzkarlığına görə Rusiyanı mükafatlandırmadan münaqişənin həll yolunu tapmağa çalışan NATO-da maraq oyandırmağa başlayıb.

Ukraynanın ən güclü tərəfdarlarından biri olan Polşa prezidenti də bu ideyanı dəstəkləyir. “Bu barədə müzakirələr hazırda davam edir”, – Prezident Anjey Duda (Andrzej Duda ) “Wall Street Journal”-a müsahibəsində deyib.

Ukrayna prezidenti Volodimir Zelenski iyulda Litvada keçiriləcək NATO sammitə qatılmaq dəvətini qəbul edib. Alyans üzvləri Ukrayna NATO Şurası adlı yeni qurumun yaradılmasını nəzərdən keçirəcəklər. Qəzetin yazdığına görə, bu razılaşma Ukraynaya təhlükə vəziyyətlərində şuranı çağırmağa və kömək istəməyə imkan verəcək. Bu halda bütün alyans yox, ayrı-ayrı üzv dövlətlər yardım göstərəcək.

Dünyanın ən güclü ordularından biri

Müharibə başlayandan Ukrayna ordusu gözləntilərə meydan oxuyub. İşğaldan əvvəl bir çox kənar müşahidəçilər uzun illər korrupsiya və pis idarəçilik nəticəsində çökmüş Ukrayna ordusunun Rusiya qüvvələri tərəfindən sürətlə darmadağın ediləcəyini düşünürdülər.

Bu baş vermədi, əksinə, Ukrayna Qərb tərəfdarlarına daha müasir silahlardan istifadə etməyə qadir olduğunu göstərdi. Rusiyanın “Vaqner” muzdlu qruplaşmasının başçısı, sərt və birbaşa danışan Yevgeni Priqojin keçən həftə Ukrayna ordusunu “dünyanın ən güclü ordulardan biri” adlandırdı.

Konsepsiya tərəfdarlarının fikrincə, Ukraynanın daha çox təlim və silahla təmin edilməsi ölkəni kirpi tək daha da “tikanlı” edəcək və Rusiya kimi düşmən rəqibi hücumdan əvvəl dayanmağa vadar edəcək.

Corctaun (Georgetown) Universitetinin professoru Liz Hovard (Lise Howard) və Brukinqz (Brookings) İnstitutunun xarici siyasət üzrə tədqiqat direktoru Maykl O'Hanlon (Michael O'Hanlon) bu ay bir məqalədə yazıblar: “Bu strategiya Rusiya və Ukrayna arasında, İsrail və İran, Şimali və Cənubi Koreya və ya Soyuq Müharibə dövründəki Şərqi və Qərbi Almaniyaya bənzər bir strategiya yaratmaq məqsədi daşıyır”.

Sadəcə çoxlu silah vermək

“Aydın və qətiyyətli “kirpi” strategiyası həm siyasi cəhətdən səmərəli ola bilər, həm də Rusiyanı həqiqətən çəkindirə bilər”, – Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Frans-Stefan Qadi (Franz-Stefan Gady) mayın 22-də dərc olunan məqalədə qeyd edib.

Başqa bir sual doğuran məsələ isə budur ki, sadəcə Ukraynaya çoxlu silah vermək kifayət edəcəkmi? Yoxsa bu başqa bir təhlükəsizlik sazişi ilə birləşdirilməlidir? Digər məsələ isə, ümumiyyətlə, buna ehtiyac olub-olmamasıdır.

“Rusiya və Ukrayna ilə müharibəyə son qoymaq üçün razılaşma əldə olunsa, “kirpi” modeli ilə getmək olardı. Ancaq indi bunu tövsiyə və ya tətbiq etməyə tezdir”, – ABŞ ordusunun təqaüddə olan hərbi briqada generalı və hazırda Harvard Kennedi Məktəbində müəllim işləyən Kevin Rayn (Kevin Ryan) deyir.

“Mənim seçimim Ukrayna ilə tamhüquqlu üzvlük yönündə addımlar atmağa başlamaq olardı. Rusiya artıq Ukraynanı bir NATO üzvü kimi görür. Və hesab edirəm ki, Ukrayna iqtisadi və siyasi cəhətdən çöküşdə olsa da, istənilən Avropa üzvü arasında ən yaxşı orduya malikdir. Bu, NATO-nun müdafiəsinə dəyər qatacaq”, – Rayn əlavə edir.

İsrailləşmə

ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olan İsrail onilliklər ərzində silahlı qüvvələri üçün böyük qazanclar əldə edib. 2016-cı ildə imzalanan 10 illik müdafiə sazişi 38 milyard ABŞ dolları məbləğində hərbi yardımı nəzərdə tuturdu. Bu da İsrailin düşmən qonşularını, ölkənin silahlı qüvvələri ilə qarşı-qarşıya gəlməkdən çəkindirdi.

“İsrail nümunəsi belə bir modelin tətbiqinə yaxşı sübutdur. İnsanlar cəlbedici ifadələrə deyil, real dünya nümunələrinə daha çox inanırlar. Kirpi/İsrail strategiyası ilə bağlı müvəqqəti razılaşma olsa belə, heç kim Ukraynanın NATO üzvlüyünü gündəmdən çıxarmayacaq”, – Kiyevdə yerləşən Milli Strateji Araşdırmalar İnstitutunun elmi işçisi Mikola Bielyeskov deyib.

“İsrail nümunəsi ilə bağlı problem ondan ibarətdir ki, İsrail qeyri-nüvə mühitində nüvə dövlətidir, Ukrayna isə qeyri-nüvə dövləti kimi dünyanın ən böyük nüvə dövlətinin qonşusudur. Ona görə də məsələ təkcə Ukrayna ordusunu gücləndirməklə yekunlaşmır. Çünki bu, Ukraynanı nüvə şantajından qoruya bilməz”, – Avropa Şurasının Berlin ofisinin direktoru Jana Puqliyerin (Jana Puglierin) bildirib.

Ukrayna 1994-cü ildə imzalanmış Budapeşt Memorandumuna əsasən, ABŞ, Böyük Britaniya və Rusiyanın təhlükəsizlik zəmanəti qarşılığında öz ərazisində nüvə silahından imtina edib.

Vaşinqtondakı “Defence Priorities” analitik mərkəzinin “Böyük Strategiya” proqramının direktoru Rajan Menonun (Rajan Menon) fikrincə, İsrail modeli ilə bağlı digər problem də odur ki, İsrail sərhədlərində həqiqətən də heç bir adi silah təhlükəsi yoxdur. Amma Ukrayna özündən qat-qat güclü ölkə ilə həmsərhəddir.

Bürünc medal

Kiyevdən danışan Menon, Ukrayna rəsmilərinin Vaşinqton, Brüssel və başqa yerlərdə gəzən bu fikirlərdən xəbərdar olduğunu bildirib. “Bu ideya o qədər də müsbət qarşılanmır, çünki bildiyiniz kimi, NATO-ya üzvlük ilk seçimdir”, – Menon söyləyib.

2021-ci ildə Ukraynaya qarşı təhdidlərin artdığı vaxtda Kreml Ukraynanın NATO üzvlüyünün qırmızı xətt olduğunu bəyan etdi. Rusiya Qərbi bu üzvlükdən qəti şəkildə imtina etməyə inandırmağa çalışdı.

Menonun sözlərinə görə, ukraynalılar üçün ikinci seçim təhlükəsizliyin təminatıdır. “Onlar kirpi strategiyasını ya NATO-ya üzvlük, ya da təhlükəsizlik zəmanətinin ləğvi ilə nəticələnə biləcək müzakirə kimi görürlər. Amma ukraynalılar bu modelin müzakirəsinə başlamayıblar. Məncə, onların NATO üzvlüyünə layiq olmasına inam var. “Kirpi” strategiyası ən yaxşı halda onların bürünc medalıdır. Bəziləri hətta bunun medal olmadığını deyə bilər. Hətta deyə bilər ki, bu, Putini çəkindirmək üçün kifayət deyil”, – Menon bildirib.

XS
SM
MD
LG