Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:17

Hökumət rəsmi işsizlərə biznes mayası verir


Foto illüstrasiya
Foto illüstrasiya

«Əlimdə mayam yoxdur ki, bir iş görəm», «Azca pul olsa, öz biznesimi quraram» deyənlərə yaşıl işıq yanır: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni başladığı layihə ilə işsizlərə iş qurmaq imkanı yaratmağa çalışır. Nazirliyin Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov AzadlıqRadiosuna müsahibəsində yeni layihənin necə ortaya çıxmasından danışır. O, uzun müddətdir işsiz kimi qeydiyyata düşən və işlə təminatında problem yaranan adamların bu yolla iş tapacağını deyir: «Artıq 250-yə yaxın adamın təqdim etdiyi layihə bəyənilib. Onların maliyyələşməsinə başlanacaq».

Qalib gələn layihə müəlliflərinin adı nazirliyin rəsmi saytında da yerləşdirilib. Nazirlik bildirir ki, biznes-planların qiymətləndirilməsində biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsas götürülüb.

HEYVANDARLIQDAN ÇAY EVİNƏDƏK TƏŞƏBBÜSLƏR VAR

16 rayon üzrə 300-dən çox şəxs layihə təqdim etsə də, təbii ki, mənfi cavab alanlar da olub. Bəyənilən layihələrin 85 faizə yaxını kənd təsərrüfatı, 10 faizə qədəri xidmət, 7 faizi istehsal, çox azı isə ticarətlə bağlıdır. Nazirliyin təqdim etdiyi siyahıdan görmək olur ki, əksəriyyət heyvan alıb, ya kökəldib ətliyə vermək, ya da südçülük üzrə işləmək istəyir. Damazlıq heyvan almaq istəyən də var. Qoyunçuluqla bağlı layihələr də bəyənilib. Qaz, arıçılıq təsərrüfatları ilə bağlı layihələrə də müsbət cavab verilib.

Xidmətlə bağlı kiçik biznesə başlamaq istəyənlərin təşəbbüsləri bir-birindən fərqlənir. Məsələn, Ağcabədi sakinləri Allahverən Məmmədov və Etibar Əliyev çay evi açmaq, Mübariz Abbasov avtomobil təmiri, Kərimxan Məmmədovsa avtoyuma ilə məşğul olmaq istəyir.

Salyan sakinləri Əlibala Əhmədov mərasim xidməti göstərəcək, Fəxriyyə Abdullayeva dülgər sexi, Dəyanət Hüseynov bərbərxana açacaq, Bəhruz Zeynalov isə bəzək quşları alacaq. Hacıqabul sakini Aysel Rüstəmova xınayaxdı mərasimi ilə məşğul olacaq.

Kiçik biznesə dərziliklə, şirniyyat, makaron sexi, kompüter kursu açmaqla, tor toxumaqla başlamaq istəyənlər də var.

«NAĞD PUL VERİLMƏYƏCƏK»

Ancaq nazirlik bu adamlara nağd pul verməyəcək. İsa Həsənov deyir ki, biznes planı bəyənilən şəxslərə gərəkli material alınacaq: «Tutalım, gözəlliksalonu açmaq istəyən şəxsə kreslo, fen və digər zəruri əşyalar alınacaq və ya heyvandarlıqla məşğul olmaq istəyənə heyvan alınıb veriləcək».

Nazirlik icarə xərclərini qarşılamayacaq: «Xidmətlə və istehsalla məşğul olmaq istəyənlər icarəhaqqını özləri ödəyəcəklər, əgər kiçik təmirə ehtiyac olsa, bunu biz qarşılayacağıq», - İsa Həsənovun sözləridir.

Özünüməşğullaşdırmaya dövlət büdcəsindən 6 milyon manat ayrılıb və bir biznes planına, ən çoxu, 4 min manat nəzərdə tutulub. İsa Həsənovun sözlərinə görə, onlar araşdırıb bu qərara gəliblər ki, kiçik biznesə başlamağa təxminən bu qədər məbləğ yetər.

Ağcabədidə heyvandarlıq bazarı
Ağcabədidə heyvandarlıq bazarı

«HEYVAN VƏ QUŞLAR SIĞORTA OLUNA BİLƏR»

Kimsə öz biznes planını icra etməsə - verilən «material»dan yararlanmasa, əlindən alınacaq. Bunu vurğulayan şöbə müdiri deyir ki, heyvandarlıq və quşçuluqla məşğul olmaq istəyənlərə verilən heyvan və ev quşlarının sığortalanması məsələsinə də baxılır: «Düzdür, Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq xidməti bu işdə bizə yardımçı olacaq, o şəxslərə pulsuz yardım edəcək, amma heyvan xəstələnərsə, toyuq-cücə tələf olarsa, o zaman kiçik biznesmen məsuliyyət daşımayacaq».

Nazirlik hər biznes planını düz bir il izləyəcək və ondan sonra qiymətləndirəcək. Ortaya uğurlu iş qoyanlara yenidən dəstək veriləcək. İsa Həsənovun sözlərinə görə, bir il boyunca toplam 1500 işsizə iş qurmaqdan ötrü ilkin maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur.

XİDMƏT SAHƏSİNDƏ VERGİ GÜZƏŞTİ YOXDUR

Bu proqram çərçivəsində biznes quranlara vergi güzəştləri edilməyəcək. İsa Həsənovun sözlərinə görə, əslində, layihələrin 84 faizi kənd təsərrüfatına aiddir və bu sahə əksər vergilərdən onsuz da azaddır. Digər sahələrdə çalışanlarsa sadələşdirilmiş vergi ödəyiciləri kimi qeydiyyatdan keçib vergi ödəməli olacaqlar.

İsa Həsənov deyir ki, biznes planı bəyənilənlər təsadüfən seçilməyiblər. İşsiz kimi müavinət alan şəxslər biznesə başlamaq və onu inkişaf etdirməklə bağlı kurs keçiblər və sonra da onlara biznes-plan təqdim ediblər: «Biz bu kurslara davam edəcəyik».

«YAXŞI TƏŞƏBBÜSDÜR, AMMA...»

Nazirliyin bu layihəsindən yalnız rəsmi işsiz statusu alan şəxslər yararlana biləcəklər. Kiçik və Orta Biznesin İnkişafına Yardım Mərkəzinin rəhbəri İlkin Qarayevin fikrincə, işsiz olan bütün şəxslər rəsmi qeydiyyata düşməlidirlər: «Gedib deməlidirlər ki, mən işsizəm. Bu zaman onlara əmək yarmarkasından ya iş təklif ediləcək, ya da onlar müavinət alacaqlar».

İlkin Qarayev işsizlərin biznesə cəlb edilməsini alqışlayır, ancaq eyni zamanda bəzi məsələlərə şübhəsini də gizlətmir. Onun fikrincə, 4 min manat kiçik biznesə başlamaq üçün kiçik məbləğdir: «Bu, yəqin ki, mikrobiznesdir, əgər adamlar bunu rahat əldə edə biləcəklərsə, sərt şərtlərlə üzləşməyəcəklərsə, yaxşı təşəbbüsdür. Ancaq şəxs 4 min manatla necə biznes qura biləcək? Məşğul olmaq istədiyi sahə üzrə təcrübəsi varmı? Əlavə vəsaiti varmı ki, bu işə qatqısı olsun? Suallar çoxdur».

İlkin Qarayev düşünür ki, əslində, artıq kiçik biznesi olan şəxslərə əlavə yardımlar edilsəydi, daha effektiv nəticə əldə etmək olardı.

«4-5 MİN MANATIM OLSAYDI...»

İmişlinin Çahar kəndində yaşayan və özünü işsiz sayan İlham Əzizov rəsmi qeydiyyatdan keçmədiyindən, müavinət almır, ancaq dolanışığını kiçik təsərrüfatından çıxara bilir və kənd təsərrüfatında bir çox işi bacardığını deyir: «Heyvan da saxlayıram, ev quşlarına da baxa bilirəm. Amma imkanım yoxdur ki, təsərrüfatımı genişləndirib fermerə çevrilim».

İlham Əzizov deyir ki, 4-5 min manat olsaydı, uğurlu işlərə imza atardı: «Bir-iki heyvan alsınlar, ya toyuq-cücə versinlər, bir il sonra gəlib nəticə istəsinlər. Özü də bərabər gedək alaq, göstərdiyim heyvanı, toyuq-cücəni alsınlar, sona gəlib nəticəni görsünlər». Deyərkən, gözləri də parıldayır...

XS
SM
MD
LG