Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:02

Ekspert: «Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»


Əkrəm Həsənov
Əkrəm Həsənov

-

Kredit qaydaları mövzusu media gündəmindən düşmür. Əslində, Azərbaycanda kredit münasibətləri elə indi də qanunla tənzimlənir. Ancaq ekspertlərin fikrincə, qanun şəffaf və məsuliyyətli kredit siyasəti tələblərinə cavab vermir və bu baxımdan yeniliklərə ehtiyac duyulur. Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində hələ 2 il əvvəl belə bir qanun layihəsi hazırlandığını deyir:

- 2 il əvvəl Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşəbbüsü və alman professor Krebs-lə birgə hazırladığımız kredit müqaviləsinə dair layihə Prezident Administrasiyasına təqdim edilmiş, administrasiya da həmin layihəni Nazirlər Kabinetinə göndərmişdi. Nazirlər Kabineti də Mərkəzi Banka (MB-yə), ədliyyə, iqtisadiyyat, maliyyə və vergilər nazirliklərinə. MB bu layihəni bütün banklara göndərmişdi. Banklar həmin layihəni bəyənmədilər. Yəqin elə bu səbəbdən layihədən xeyli müddət xəbər olmadı. Yalnız ötən ilin payızında xəbər çıxdı ki, Ədliyyə Nazirliyi aidiyyəti qurumların rəyini ümumiləşdirir və yekun layihə hazırlayır. Amma sonradan məsələ yenə hökumətin gündəmindən çıxdı.

- Demək olarmı ki, məhz banklar yenə bu qanunun qəbuluna imkan vermir?

- Layihənin məqsədlərindən biri - istehlak kreditləri üzrə borcluların (istehlakçıların) hüquqlarının müdafiəsidir. Məlum olduğu kimi, əksər ölkələrdə istehlak kreditləri haqqında ayrıca qanun var. Belə qanunlar bankların kredit müqaviləsinə istədiyi şərti daxil edib, sonra müştərinin onu imzaladığına istinad etməsinin qarşısını alır. Bizdə həmin qanun olmadığından, banklar, bank olmayan kredit təşkilatları və lombardlar əhalinin başına oyun açır. Bizim layihəmiz də qabaqcıl xarici təcrübə əsasında hazırlanıb. Təbii ki, bankları belə layihə qane etmir. Onlar əhalinin başına oyun açmaqda davam etmək istəyirlər.

- Layihə təkcə istehlak kreditlərinə aiddir?

- Yox, bütövlükdə kredit müqaviləsini tənzimləyir və Mülki Məcəllənin «Borc» adlanan 37-ci fəslinin yeni redaksiyasına da yer verib. Vaxtilə həmin fəslin mövcud redaksiyası da Almaniyanın Mülki Qanunnaməsi əsasında hazırlanmışdı, ancaq yarımçıq, tərcümə qüsurlarıyla və s. çatışmazlıqlarla. Ən əsası, Avropa ölkələri qanunvericiliyinin və məhkəmə təcrübəsinin digər məqamları nəzərə alınmamışdı. Ümumiyyətlə, mövcud 37-ci fəsil çox bəsit şəkildə tərtib olunub, ziddiyyət və anlaşılmazlıqlarla doludur. Bəzi müddəaların mənası belə aydın deyil. Təcrübədə artıq 16 il olar ki, yalnız borclulara deyil, banklara da xeyli problem yaradır. Məhz buna görə, bizim layihə, bankların da maraqlarını nəzərə alaraq, balanslaşdırılmış yanaşmanı rəhbər tutmuşdu. Banklarımızda, əsasən, savadsız və burnunun ucundan o yanı görə bilməyən insanlar çalışdığından, bunu anlamayaraq, layihəni «stop»layıblar.

- Layihədə hansı yeniliklər var?

- Layihə fərdi sələmçilərin fəaliyyətini məhdudlaşdırır. Layihəyə əsasən, vətəndaş yalnız ötənilki rəsmi gəlirinin yarısı həddində başqalarına faizlə borc verə bilər. Məlum olduğu kimi, hazırda sələmçilər gəlirlərini gizlədərək, əslində, qanunsuz bank fəaliyyəti ilə məşğul olur və vergidən yayınırlar. Layihə lombardı peşəkar kreditor sayır və istehlak kreditlərinə dair bütün tələbləri onlara da şamil edir. Hazırda lombardlar üçün heç bir qayda yoxdur, istədiklərini edirlər. Üstəlik, istehlak krediti müqaviləsinin mətni, ən azı, 12 ölçülü şriftlə və minimum bir sətirarası intervalla çap olunmalıdır. Bu zaman müqavilənin bəzi müddəaları (məsələn, faiz dərəcəsi) digər müddəalardan açıqca sezdirilməlidir. Hazırda kredit müqavilələri xırda şriftlə tərtib olunur vəmühüm müddəalar mətnin elə yerində yazılır ki, borclu müqavilədən baş çıxarmasın. İstehlak krediti müqaviləsinin bütün ziddiyyət və qaranlıq məqamları borc alanın xeyrinə şərh edilməlidir. Bu isə bankların çoxmənalı və aydın olmayan ifadələrdən istifadə edə bilməyəcəyi mənasına gəlir. Borc alan istehlak kreditini heç bir cərimə ödəmədən və istənilən vaxt hər hansı xəbərdarlıqsız borc verənə qaytara bilər. Layihəyə əsasən, istehlak kreditləri üzrə faiz dərəcəsinin yuxarı həddini Nazirlər Kabineti müəyyənləşdirəcək. Yəni, banklar kefləri istədiyi faiz dərəcəsini müəyyən edə bilməyəcək. İstehlak krediti müqaviləsində bu da nəzərdə tutula bilər ki, borc alan kreditin ödənilməsini gecikdirərsə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğ üzrə illik 3 faizədək dəbbəpulu ödəsin. Başqa sözlə, cərimənin maksimum həddi müəyyənləşdirilməlidir.

XS
SM
MD
LG