Prezident İlham Əliyev dekabrın 19-da yoxsul ailələrə birdəfəlik 100 manat yardım verilməsi haqda sərəncam izmalayıb. Sərəncama əsasən bayram öncəsi bu vəsait ünvanlı sosial yardım alanlara veriləcək.
Amma Lerik rayon sakini Camal İmanov deyir ki, kaş sərəncam hər bir aztəminatlı ailəyə şamil olunaydı:
“Hamıya şamil olunsaydı pis olmazdı. Azından uşağın pampersini alardıq. Yoxsa, pensiyanın heç üzünü görmürük. Günü on manata işləyirəm ki, təki gündəlik çörək pulunu çıxara bilim. Yaxşı olardı ki, yerində aztəminatlı ailələr axtarılıb onlara verilsin. Çünki o qədər ailələr var ki, heç sosial yardım almağın yolunu-izini bilmir. Ya da kiməsə əl açmaq, kiminsə yanında minnətli düşmək istəməz. Evində yeməyə bir tikə çörək olmasa da kiməsə əl açmaz. Məsələn, mən özümə sığışdırmıram ki, bürokratik əngəllər içində boynu bükük qalım. Şəffaflıq olsa, bəlkə də gedərdim”.
Camal İmanov deyir ki, əlilliyə görə ayda təxminən 180 manat təqaüd alır. Onun da 75 manatını birinci ailəsinə aliment kimi ödəyir. Yerdə qalan 105 manatla isə 3 uşaqlı ailəsini dolandırmalıdır. Deyir ona görə də xəstə olsa da günü 5-10 manata işləməli olur.
Azərbaycanda nə qədər aztəminatlı ailələrin ünvanlı sosial yardım alması haqda rəsmi məlumat yoxdur, lakin hesablamaq mümkündür.
Prezidentin sərəncamında qeyd olunur ki, birdəfəlik yardımlar sosial yardım alan ailələrin hər birinə veriləcək. Bunun üçün də 5 milyon manat ayrılıb. Yəni, hər ailəyə 100 manat verilirsə, bu, 50 min ailəyə yardım verilməsi deməkdir. Vəsait 2018-ci ilin dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalan hissəsindən ayrılması nəzərədə tutulub.
Hökumətə yaxın media bu xəbəri “Azərbaycan Prezidentindən aztəminatlı ailələri sevindirəcək sərəncam”, “Prezidentdən aztəminatlı ailələrə bayram hədiyyəsi” kimi başlıqlarla yayır.
Müxalifətdə olan Real partiyasının icra katibi, iqtisadçı eskpert Natiq Cəfərli də hesab edir ki, bayram öncəsi aztəminatlı ailələrə yardım ayrılması müsbət addımdır. Onun fikrincə, bu sərəncamla hökumət həm də aztəminatlı ailələrin sayını açıqlamış oldu:
“Və bu bir etirafdır ki, Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan, aztəminatlı ailələrin dolanışığı aşağı səviyyədədir. Əslində sistemli yanaşma olsaydı daha yaxşı olardı. Çünki birdəfəlik, bayram öncəsi yardımın onların güzəranına ciddi dəyişikliyi olmayacaq. Elə bir mexanizm fikirləşmək lazımdır ki, ilboyu azından özlərinin minimum təlabatlarını ödəyə bilsinlər”.
Statistika siyasiləşdirilib
Natiq Cəfərli deyir ki, Azərbaycanda statistika siyasiləşdirilib və reallığı əks etdirmir. Onun sözlərinə görə, Azərbaycanda minimum istehlak səbəti yanlış formalaşdırılıb, minimum xərclər reallığı əks etdmir. Belə olan halda 100 manatlıq yardımla sosial problemlər həll olunmaz:
“Məsələn, Avropanın aparıcı ölkəsi olan Almaniyada minimum ehtiyac 900 avrodur. Azərbaycanın indiki məzənnəsi ilə 1800 manat. Yəni, Almaniya hökuməti 1800 manat yardım təklif edir. Bu məbləğ Azərbaycanda ən yüksək maaşlardan biri hesab olunur. Azərbaycanda isə minimum istehlak zənbili və minimum ehtiyacları qarşılama indikatorları çox bərbaddır”.
Prezident İlham Əliyev 2018-ci ildə bir çox rəsmi səfərlərdə və çıxışlarında Azərbaycanda yoxsulluq və işsizliyin azaldılmasından danışıb. Prezident qeyd edib ki, hökumətin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayı son 15 il ərzində 49 faizdən 5,4 faizə düşüb. İşsizlik bir sosial problem kimi demək olar ki, aradan götürülür və 5 faiz səviyyəsindədir.
AzadlıqRadiosu bu basrədə Bakı sakinlərinin də fikirlərini öyrənib:
2019-cu ildə Azərbaycanda yaşayış minimumu 7 manat artırılaraq, 180 manat nəzərdə tutulub. Ehtiyac meyarı isə 143 manat nəzərdə tulub. 2018-ci illə müqayisədə bu məbləğ 27 manat artırılıb.
Dövlət büdcəsinin müzakirələri zamanı deputatlar, özəlliklə, ehtiyac meyarının artırılmasını müsbət dəyərləndiriblər. Bunun birbaşa aztəminatlı ailərə şamil olunacağını vurğulayıblar.
Azərbaycanda ünvanlı dövlət sosial yardımı məhz ehtiyac meyarı əsasında formalaşdırılır. Ailələrin aylıq gəliri hesablanır, ehtiyac meyarına çatmayan hissə dövlət tərəfindən onlara yardım şəklində ayrılır.
Amma iqtisadçı Natiq Cəfərli hesab edir ki, 143 manat ehtiyac meyarı olduqca aşağı göstəricidir. O hesab edir ki, bu rəqəmi bazardakı qiymətlərə uyğunlaşdırmaq lazımdır.