Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:51

Son beş ildə iş qəzalarının sayı iki dəfə artıb


Şirvandakı silah zavodunda partlayış anları
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Şirvandakı silah zavodunda partlayış anları (2016)

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda əmək bazarı ilə bağlı göstəriciləri açıqlayıb. Burada ilboyu istehsalatda baş verən bədbəxt hadisələr haqqında bilgilər də var. Belə hadisələr deyərkən, işçinin ölməsi və ya əmək qabiliyyətini itirməsi ilə nəticələnən olaylar nəzərdə tutulur. Rəsmi rəqəmlər göstərir ki, son illər bu tip hadisələrin sayı çoxalır. Rəsmi rəqəmlərə görə, ötən il 327 nəfər belə olaylardan zərər görüb. Daha bir il öncə bu say 250 nəfər olub. Demək ki, son bir ildə istehsalatdakı bədbəxt olaylardan zərər çəkənlərin sayı 30 faiz artıb. Eyni müqayisə 2015-ci illə aparılsa, həmin vaxtdan bəri qeydə alınan halların sayının düz iki dəfə artdığı üzə çıxar.

Ötən il qeydə alınan 327 halın 51-də işçi öz yaşamının, 276-da əmək qabiliyyətini itirib. Bu rəqəmlər yalnız rəsmi qeydə alınan halları göstərir. Müstəqil araşdırmaçılar gerçəkdə bu rəqəmin daha çox olduğunu düşünürlər. Axı istehsalatda baş verən bədbəxt hadisələr bəzi hallarda hüquq-mühafizə orqanlarında, bəzi hallarda isə heç onlara çatmadan da ört-basdır edilir. Yenə rəsmi rəqəmlərə görə, son 10 ildə ölkədə 2 min 335 nəfər istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində ölüb və ya əmək qabiliyyətini itirib.

Ötən il əmək güvənliyi ilə bağlı diqqətçəkən daha bir məqam şirkətlərin bu istiqamətdə xərclədiyi vəsaitin iki il aradan sonra artmasıdır. 2018-ci ildə ölkədəki şirkətlər əməyin təhlükəsizliyi ilə bağlı 66 milyon manata yaxın vəsait sərf etmişdilər. 2019-cu ildə bu rəqəm 62 milyon manata, 2020-ci ildə isə 61 milyon manata geriləmişdi. Ötən il həmin rəqəm yenidən 66 milyon manata yaxınlaşıb.

Bədbəxt hadisələr ən çox harada qeydə alınır?

Statistika Komitəsinin hesabatından aydın olur ki, ölkədə istehsalatda bədbəxt hadisələrin ən çox qeydə alındığı sektor tikintidir. Bu sektorda ötən il 60 bədbəxt hadisə qeydə alınıb. Həmin hadisələr nəticəsində 12 nəfər vəfat edib, daha 48 nəfər əmək qabiliyyətini itirib. Bu o deməkdir ki, ötən il əmək bazarında rəsmi qeydə alınan hər 5 bədbəxt hadisədən biri – bütün belə olayların 20 faizi tikinti sektorunun payına düşüb. Emal sənayesi ikinci yerdə gedir. Ötən il emal sənayesində 45 belə hadisə baş verib. Həmin bədbəxt hadisələr nəticəsində 6 nəfər ölüb, 39 nəfər əmək qabiliyyətini itirib.

Əlverişsiz iş ortamında çalışanlar

DSK-nın hesabatında əlverişsiz şəraitdə çalışan işçilərlə bağlı göstəricilərə də toxunulub. Rəsmi rəqəmlərə görə, təkcə sənaye sektorunda 16 mindən çox adam sanitar-gigiyena tələblərinə cavab verməyən iş yerlərində çalışır. Onların 2 mindən çoxu qadınlar, 14 minə yaxın hissəsi kişilərdir. Sənayedə daha 8 mindən çox adam səs-küyün normadan çox olduğu ortamda fəaliyyət göstərir. Ölkədə 3 min 600 şəxs vibrasiyanın (titrəyişin) normadan çox olduğu iş yerlərində çalışır. Maraqlıdır ki, son bir ildə belə iş yerlərində çalışanların sayı min nəfərə yaxın artıb. Zərərli kimyəvi maddələrin normanı aşdığı yerlərdə çalışanlara gəlincə, onların sayı 6 min 555 nəfərdir. Sənayedə çalışan daha 5 min 644 nəfər tozun normadan artıq olduğu ortamda işləyir. Azərbaycanda 9 nəfər də şüalanmanın normanı aşdığı təhlükəli işlərdə çalışır.

XS
SM
MD
LG