30 il əvvəl Qarabağ döyüşlərində birinci qrup əlil olan Səməd Əsgərovun 15 ildir nə ölüsündən xəbər var, nə də dirisindən. Yaxınları bu istiqamətdə gedən araşdırmalardan narazıdır. Bacısı Rəsaqət Hüseynova iddia edir ki, əgər lazım olan addımlar atılsaydı, qardaşının başına nə gəldiyi çoxdan üzə çıxmışdı.
Bacısı AzadlıqRadiosuna danışır ki, qardaşı 1992-ci ildə Qarabağda yaralananda 21 yaşı vardı: "Başına qəlpə dəymişdi, əməliyyat elədilər, başının bir hissəsindən sümüyü çıxardılar. Nəticədə bir əli, bir ayağı işləmirdi. Özünü idarə edə bilmirdi, nitqində ciddi problemlər yaranmışdı".
"Bizdən xəbərsiz ruhi dispanserə yerləşdiriblər"
Masallı rayonunun Qızılağac kəndində yaşayan Qarabağ əlili bir neçə dəfə Bakıdakı neyrocərrahiyyə xəstəxanasında və başqa tibb müəssisələrində müalicə alıb. O, 2007-ci ilin iyununda itkin düşüb və bu günə qədər də heç bir xəbər yoxdur.
Hüseynova deyir ki, qardaşının başına gələnlərə görə şübhələndikləri adamlar var. Onların kimliyini də polis və prokurorluq orqanlarına deyiblər. Onun sözlərinə görə, itkin düşməmişdən bir müddət əvvəl qardaşının qonşu ilə problemi olub: "Anam yıxılıb ayağını sındırmışdı, xəstəxanaya düşmüşdü. Onda qardaşım tək, baxımsız, ac-susuz qalmışdı. Qonşuya gedib, çörək istəyib. Qonşular qardaşımın hərəkətindən qəzəblənib, onu döymüşdülər. Sonra "kənd soveti" (yerli icra nümayəndəsi) Vidadi Həsənova və sahə müvəkkili İlqara şikayət ediblər ki, Səməd onları narahat edir. Vidadi və İlqar da bizdən xəbərsiz qardaşımı Lənkərandakı ruhi dispanserə yerləşdiriblər".
Hüseynovanın sözlərinə görə, Masallıda yaşayan bacısı bundan xəbər tutan kimi dispanserə gedib, amma qardaşıyla görüşə bilməyib. Ona deyilib ki, Səməd yatıb, oyananda gətirdiyi paltarları da, yeməyi də ona çatdıracaqlar. Üç-dörd gün sonra bacısı bir daha dispanserə gedəndə ona bildirilib ki, Əsgərovu artıq xəstəxanadan evə buraxıblar. Amma bacısı evə gedib çıxanda qardaşının evdə olmadığını görüb.
"Məzarı açıb, ekspertiza keçirdilər"
Yaxınları Əsgərovun dispanserdən yoxa çıxması haqda polisə şikayət ediblər. Dispanserdən bildirilib ki, əməkdaşlar onu aparıb Təzəkənd yolunda düşürüb, evə yola salıblar.
"Deyirlər ki, guya gətirib düşürüblər. Bəs bu adam necə oldu? 15 ildə bu adamın ya ölüsünü, ya dirisini tapa bilmədilər? Necə olur, bizdən xəbərsiz dispanserə yerləşdirilir, orada olanda bacıma göstərilmir, bizdən xəbərsiz çıxarılır? Nə qədər xəstə olsa da, azıb getsə də, bir yerdə tapılmalıydı. Tapılmayıbsa, deməli, onun başına nəsə bir iş gətiriblər", – bacısının sözləridir.
Əsgərovun itkin düşməsiylə əlaqədar 11 iyun 2007-ci ildə Masallı rayon Polis Şöbəsində axtarış işi açılıb. 18 iyul 2007-ci ildə bu məsələ ilə bağlı cinayət işi başlanması rədd edilib, bu haqda qərar çıxarılıb.
Hüseynova iddia edir ki, hüquq-mühafizə orqanları səhlənkar yanaşmasaydı, indiyə nəticə olardı: "87-yaşlı anamın gözləri yolda qalıb. Lap meyiti də tapılsaydı, azacıq rahatlıq tapardı. Səhv eləmirəmsə, 2019-cu ildə zəng gəldi ki, Hövsan qəbiristanlığında kimliyi məlum olmayan meyit dəfn olunub. Polis bölməsinin rəisi iddia edirdi ki, elə mənim qardaşımdır. Dedim, qardaşımın başında nişanəsi var. Nə qədər çürümüş olsa da, o hissədən bilinər. Məzarı açıb, ekspertiza keçirdilər, məlum oldu ki, qardaşım deyil...".
Prokurorluğun cavabı
Hüseynovanın sözlərinə görə, ötən 15 il ərzində hüquq-mühafizə orqanlarına onlarla məktub, teleqram göndəriblər, hamısı da nəticəsiz qalıb.
Masallı rayon Prokurorluğundan bildirilib ki, Səməd Əsgərovun itkin düşməsiylə əlaqədar Masallı rayon Polis Şöbəsində araşdırmalar aparılıb, bir sıra addımlar atılıb. Onun haqqındakı axtarış işi üzrə də xeyli əməliyyat-axtarış tədbirləri həyata keçirilib: "Buna baxmayaraq, hazırkı vaxta qədər Səməd Əsgərovun yerini müəyyən etmək mümkün olmayıb. Onun barəsində axtarış işi bir neçə dəfə Masallı rayon Prokurorluğunda öyrənilib. Yerinin müəyyənləşdirilməsi üçün axtarış işi üzrə bir neçə dəfə yazılı göstəriş verilib, icra olunması üçün Masallı rayon Polis Şöbəsinə göndərilib".
Prokurorluq bu məsələ ilə əlaqədar sonuncu yazılı göstərişin 2022-ci il yanvarın 4-də verildiyini bildirir.
AzadlıqRadiosu yazıda adı çəkilən digər şəxslərdən münasibət ala bilməyib.