Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:46

İTV-nin müvəqqəti direktoru kimdir: Cəmil Quliyev, ya Balakişi Qasımov?


TV kamera
TV kamera

«İTV-nin Yayım Şurasının xəbəri olmadan mediaya xəbər ötürülüb. Kim tərəfindən xəbər ötürüldüyünü biz bilmirik. O xəbəri Yayım Şurası ötürməyib», – «İctimai TV»nin Yayım Şurasının üzvü Azər Həsrət qurum ətrafında baş verənlərdən danışarkən AzadlıqRadiosuna belə deyir.

Mayın 11-də xəbər agentlikləri, o cümlədən rəsmi xəbər agentliyi AZƏRTAC İctimai Televiziya və Radio Yayımları Şurasının iclasında baş direktor Cəmil Quliyevin səlahiyyətlərinə xitam verildiyi barədə informasiya yaydı. İnformasiyada həmçinin, Balakişi Qasımovun İTV-nin yeni baş direktoru seçildiyi deyilirdi.

Bundan sonra məsələ sosial mediada geniş müzakirə edilməyə başlandı. Mütəxəssislər bunu qanun pozuntusu kimi dəyərləndirdilər. Xüsusən də İctimai Teleradio Yayımı haqqında qanunun 20.3.1 maddəsinin və 21.1-ci maddəsinin tələbinin pozulduğu vurğulanırdı. Çünki qanuna görə, sözügedən quruma baş direktor təyin edilmir, seçilir.

Hər 4 ildən bir baş direktorluğa namizəd seçimi elan olunmalı, 10 gün ərzində namizədlər irəli sürülməli, sonra Yayım Şurasının azı 6 üzvünün səs verdiyi namizəd bu posta seçilməlidir.

Sonuncu dəfə bu vəzifəyə seçki ötən il - 2017-ci ilin aprelində keçirilib.

Ə.Məmmədli
Ə.Məmmədli

«Üzrü günahından betər»

«Cəmil Quliyevin 4 ildən tez getməsi bu prosesi dəyişməz. Yenə boşalan yerə müsabiqə keçirilməli idi. Heç olmasa, qanunlara baxmağı da artıq hesab edirlər», – media üzrə hüquqşünas Ələsgər Məmmədli Facebook-da yazır.

Bu müzakirələrin sonucu olaraq üç gün sonra Milli Televiziya və Radio Şurası ayrıca seçkilərin keçiriləcəyini bəyan etdi. Üstəlik də, MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov APA-ya deyib ki, Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib, o bu vəzifəni müvəqqəti icra edir.

Ə.Məmmədlinin qənaətincə, bu, «üzrü günahından betər» addımdır. O sual edir: «İTV-nin baş direktorunun istefası baş veribsə, onun yerinə seçilməmiş bir şəxs müvəqqəti necə gələ bilər?».

Amma məsələ bununla bitmir. Eyni gündə İTV Yayım Şurasının üzvü A.Həsrət AzadlıqRadiosuna deyir ki, səlahiyyətlərinə xitam verilən C.Quliyevdən bu vəzifəni bir neçə gün müvəqqəti icra etməsini istəyiblər.

«Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəylinin qənaətincə, addım atılıb, ancaq sonradan səs-küy qalxdığını görüb «formal seçki» keçirmək qərarına gəliblər. O güman edir ki, baş direktor yenə Balakişi Qasımov olacaq:

R.Hacıbəyli
R.Hacıbəyli

«Mənə elə gəlir ki, İTV direktorluğu ətrafında hansısa oyunlar gedir. Ola bilsin, hansısa qruplaşma məsələsidir. Hansısa qruplar mübarizə aparır. Hamıya bəllidir ki, İTV rəhbərliyi seçki yolu ilə seçilir. Amma mayın 11-də Cəmil Quliyev qəflətən getdi. Onun yerinə Balakişi Qasımov təyin edildi. Həmin gün Ələsgər Məmmədli də, mən də yazmışdım ki, seçkili quruma təyinat ola bilməz. Görünür, bu, kimlərəsə təsir edib və bundan sonra hərəkətə keçiblər. İTV-nin Yayım Şurasını, Milli Televiziya və Radio Şurasını işə salıblar ki, vəziyyətdən çıxsınlar. Pis vəziyyətdə qalmasınlar, beynəlxalq aləmdə səsi-sorağı çıxmasın deyə, belə addım atıblar».

«Biz də çaşqınlıq içindəyik»

AzadlıqRadiosu isə bu «müəmmalı» xəbəri A.Həsrətlə söhbətdə davam etdirir:

- Deyirsiniz ki, məlumat sızdırılıb. Yəni rəsmi agentlik olan AZƏRTAC-a içəridən məlumat ötürülüb, onlar da dəqiqləşdirmədən veriblər?

- AZƏRTAC-a da ötürülüb. Geniş yayılıb. Yəni şəxsən Yayım Şurasının xəbəri yoxdur. Yəni baş verən odur ki, Cəmil Quliyev səhhətiylə bağlı İTV-nin direktorluğundan getmək haqda istefa ərizəsi yazıb. Biz də yığışmışıq, müzakirə etmişik. Adam getmək istəyirsə, zorla tutub saxlayası deyildik. Sadəcə, xahiş etdik ki, İctimai Televiziya özbaşına qalmasın deyə, bir neçə günlük vəzifəsini icra etsin. O da razılaşdı. Onun istefasını da qəbul etdik. Bu gün də Milli Televiziya və Radio yeni direktor vəzifəsi ilə bağlı elan verib. Hər şey qanun çərçivəsində gedir. Ortada anlaşılmazlıq olub, biz Yayım Şurası olaraq qanun çərçivəsində hərəkət edirik. Amma mətbuatda fərqli xəbərlər dolaşır, hətta tirajlanır da. Təbii ki, biz də çaşqınlıq içindəyik. Bizə də gəlib heç kim deməyib ki, beləmi etdiniz, eləmi etməliydiniz? Çünki Yayım Şurası müstəqil qurumdur. Qanundankənar addım atılmayıb, atılmasına da imkan verə bilmərik.

A.Həsrət
A.Həsrət

- Bəs Balakişi Qasımovun adı haradan çıxdı?

- Ola bilsin, Balakişi Qasımovun adı iddialılardan biri kimi hallanır. Normal şeydir. Balakişi Qasımov prodakşn fəaliyyətiylə özünü tanıda bilmiş biridir. Geniş kütlə tanınmasa da, bizim kimi işin içində olan adamlar onu tanıyır. İddialılarda biri kimi adı hallanır. Ola bilsin, özü də iddiasını hansısa formada dilə gətirib, hansısa məkanda açıqlayıb. Bu da normaldır. Yenə də deyirəm, hələ ki, Yayım Şurasında direktor seçkisi keçirilməyib. Buna görə də kiminsə direktor seçilməsindən söhbət gedə bilməz.

- Baş verənlərə baxanda güman etmək olar ki, Balakişi Qasımov İTV-nin yeni sədri olacaq.

- Mən bu məsələdə neytrallığımı qorumağa məcburam. Namizədlərin irəli sürüldüyü mərhələdə mən Yayım Şurasının üzvü olaraq kiməsə simpatiyamı ifadə etsəm, seçimimiz şübhə altına alınacaq.

- Bir daha dəqiqləşdirək. Balakişi Qasımovun adı bu məsələdə təsadüfən hallandırılıb?

- Bu suala cavab verməyim çətindir. Ona görə ki, onun adının niyə hallanması haqda məlumatlı deyiləm. Haqqında oradan-burdan oxumuşam. Özü ilə də təmasım yoxdur ki, soruşam bu nə məsələdir. Eyni zamanda, mənim buna ixtiyarım da yoxdur. Hər halda, onun bizim qabağımızda öhdəliyi də yoxdur.

«Yayım Şurası üzvlərinin açıqlaması özünümüdafiədir», –R.Hacıbəyli deyir.

«Belə başa düşürəm ki, bu addım Yayım Şurasının razılığı olmadan atılıb. Bu, oyuncaq qurumdur. İndiyə qədər onun ortaya müstəqil mövqe qoyduğunu görməmişik, bundan sonra da gözlənilmir. Deyirlər ki, guya bunlardan xəbərsiz informasiya yayılıb. İnformasiyanı isə AZƏRTAC yayıb. Rəsmi dövlət agentliyidir. O, kimlərdənsə xəbərsiz, Prezident Administrasiyasının icazəsi olmadan, dəqiqləşdirmədən hər hansı xəbəri yaymaz», – o, sözlərinə əlavə edir.

AZƏRTAC-dan AzadlıqRadiosuna bildirilib ki, məlumatı onlara elə İTV-nin Yayım Şurası verib: ​«Biz bir daha dəqiqləşdirdik. Xəbərin elə ilk cümləsində də deyilir ki, «İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasından AZƏRTAC-a daxil olan məlumata görə, İTV Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib»».

Agentlik məsələ haqqında bundan əlavə şərh verməyib.

XS
SM
MD
LG