Ukrayna prezidenti Petro Poroşenkonun partiyasından millət vəkili İvan Vinnik AzadlıqRadiosuna deyib ki, o öz ölkəsinin Rusiya ilə diplomatik münasibətləri kəsməsini nəzərdə tutan qanunvericilik aktının layihəsini təklif etməyi planlaşdırır.
Vinnik noyabrın 8-də AzadlıqRadiosunun Ukrayna xidmətinə müsahibə verməzdən əvvəl belə xəbərlər yayılmışdı ki, millət vəkili sözü gedən qanun layihəsini artıq təqdim edib və bu Moskvanın qəzəbli reaksiyasına səbəb olub.
Bu arada Ukrayna parlamenti – Verxovna Rada Ukraynanın separatçıların nəzarətində olan bir sıra şərq regionlarının təkrar reinteqrasiyası haqqında qanun layihəsi hazırlayır.
Ukrayna parlamenti sözü gedən qanun layihəsini oktyabrın 6-da birinci oxunuşda qəbul edib. İkinci və son oxunuş gələn həftə keçirilməli və bundan sonra qanun imzalanma üçün Poroşenkoya təqdim olunmalıdır.
Vinnik AzadlıqRadiosuna deyib ki, o Ukraynanın Rusiya ilə diplomatik münasibətlərini kəsməsini nəzərdə tutan qanun layihəsini hələlik təqdim etməyib, amma belə bir niyyəti var.
Onun təklifinə görə “Nazirlər Kabineti qanunun qəbulundan keçən üç ay ərzində Ukrayna və Rusiya arasında diplomatik münasibətlərin qurulmasına dair protokoldan çıxmaq barədə qərar qəbul etməlidir”.
Vinnik deyib ki, diplomatik münasibətlərin qırılmasından sonra da Rusiya ilə bəzi ticarət münasibətləri qala bilər.
Ukrayna Xarici İşlər Nazirliyi Vinnikin niyyəti ilə bağlı heç bir şərh verməyib.
Rusiya rəsmiləri diplomatik münasibətlərin kəsilməsinə dair təklif barədə xəbərlərə əsəbi reaksiya veriblər.
Prezident Putinin sözçüsü Dmitri Peskov deyib ki, əgər belə bir qərar qəbul edilsə, bu, hər iki xalqın maraqlarına zidd olaraq situasiyanı daha da pisləşdirəcək.
Peskov bildirib ki, belə bir hal Ukraynanın şərqində davam edən müharibənin dayandırılması cəhdlərinə zərbə vura bilər.
Kiyev və NATO bildirirlər ki, Moskva Ukraynanın şərqindəki separatçılara dəstək üçün öz qoşunlarını Ukrayna ərazisinə göndərir.
Moskva ortalıqda çoxsaylı dəlillərin olmasına baxmayaraq bu iddiaları təkzib edir.