Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:02

Azərbaycanın mədəni həyatında Səməd Vurğunun yeri


Bakıda Səməd Vurğunun abidəsi
Bakıda Səməd Vurğunun abidəsi
Bu «İz»də:

- Azərbaycan mədəniyyətində Səməd Vurğunun izinə düşəcək;


- Yeni mədəniyyət nazirinin mətbuat konfransından soraq tutacaq;


- Səməd Vurğunun öz ifasında «Bahar» şeirini dinləyəcək;


- və hər dəfə Səməd Vurğunun qız yadigarı Aybəniz Vəkilovanın açıqlamalarını eşidəcəksiz


AZƏRBAYCANIN YENİ MƏDƏNİYYƏT NAZİRİ İLK MƏTBUAT KONFRANSINI KEÇİRDİ


Yeni nazir «İz»in 2 sualını – 1) «cənab nazir, bölgələrin mədəni inkişaf dərəcəsi arasındakı fərqi azaltmaq üçün hansı konkret planlarınız var?» və 2) «dünyanın hər yerində mədəniyyət və sənət adamları tam müstəqil fəaliyyətə meyllidir. Məmurların və bürokratiyanın gətirdiyi məhdudiyyətləri azaltmaq üçün hansı yeni idarəçilik üsullarından faydalanmağı düşünürsünüz?» suallarını cavablayaraq bildirir ki, bölgələrdə mədəniyyətin inkişafı diqqətdə saxlanılacaq və başlıca diqqət informasiya texnologiyalarının yayılmasına veriləcək. 2-ci sualı cavablayan Əbülfəz Qarayev mədəniyyət və turizm sahəsində ixtisaslaşmış kadrların, uyğun araşdırmaların yoxluğundan gileylənir və mədəniyyət qurumlarının işinə müdaxilə etməyəcəklərini, əksinə, onlara maliyyə yardımlarını əsirgəməyəcəklərini vurğulayır.

SƏMƏD VURĞUNUN DÜNYAYA GƏLMƏSİNDƏN 1 ƏSR ÖTDÜ


Yazın Novruzlu günlərində doğulan Səməd Vurğun 20-ci yüzilin Azərbaycan şerinə adını qızıl hərflərlə yazdırıb. Hələ sağlığında canlı əfsanəyə çevrilən bu böyük şair Azərbaycan türkcəsinin qorunub gəlişməsinə, milli ədəbiyyatın inkişafına və Azərbaycan mədəniyyətinin özünütəsdiqinə önəmli töhfələr verib.


«İz»in aparıcısı Sevda İsmayıllının Səməd Vurğunun qızı Aybəniz Vəkilovaya ünvanladığı suallara cavabların xülasəsi:


Aparıcı: Səməd Vurğun hələ sağlığında canlı əfsanəyə döndü. Səbəbi nəydi bunun, Aybəniz xanım?


Aybəniz Vəkilova: Çünki həmişə xalqın arasında idi. Fitri istedad onun yeganə üstünlüyü deyildi. S. Vurğunun bütöv və insanlara açıq şəxsiyyəti vardı...


Aparıcı: Yaddaşlarda bir ovçu Səməd Vurğun da əbədiləşib. Bu ovçu sevdasının arxasında nə gizlənib, Sizcə?

Aybəniz Vəkilova:Onun nə ceyran, nə də quş ətinə ehtiyacı yoxdu, bunları istəsə, dükandan ala bilərdi. Təbiətə vurğunluğu, sadə adamların arasında olmağa can atması söylədiyiniz «ovçu əfsanəsi»nin yaranmasına səbəb olmuşdu.


Aparıcı: Çox ziddiyyətli dövrdə yaşayıb Səməd Vurğun. Stalinə şerlərində o, nə dərəcədə səmimiydi?


Aybəniz Vəkilova: Səməd Vurğun sosializm cəmiyyətinə inanırdı və bu baxımdan bütün yanlışları-doğruları ilə dövrünün şairi idi. Stalinə həsr etdiyi bir çox şeirini də səmimi yazmışdı. Ancaq Vətənə həsr etdiyi şeirlərində də «partiya» və Stalini «anmağa» məcbur qalırdı, çünki onu millətçilikdə təqsirləndirmək istəyirdilər.


Aparıcı: Aybəniz xanım, sarsıntılar, hədə-qorxular Səməd Vurğunun həyatında təsadüflər idi, yoxsa dövrün-dönəmin qanunauyğunluğu? Doğrudanmı Səməd Vurğunu da tutmaq istəyirdilər?


Aybəniz Vəkilova: 1937-ci ildə KQB ona qovluq açmışdı, həmin nazik qovluq 1953-cü ildə – M.C. Bağırov Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunanda, qalın qovluğa çevrilmişdi. Yeri gəlmişkən, Bağırovun məhkəməsində üzə çıxdı ki, S. Vurğunun 1953-cü ildə millətçilik ittihamı ilə həbsinə order hazırlanıbmış. Yalnız Bağırovun işdən azad olunması və Xruşşovun hakimiyyətə gəlməsi onu həbsdən xilas edib.


Aparıcı: Şair 50 yaşında dünyadan köçdü. Nisbi azadlığın-isinmənin başlandığı – 1956-cı ildə. Köklü dəyişmələri duyub-görməyə macal tapmışdımı Səməd Vurğun?


Aybəniz Vəkilova: Yox. O, 1956-cı ilin mayında dünyasını dəyişdi. Səməd Vurğun həmin il keçirilən və Stalin şəxsiyyətinə pərəstişi açıqlayan SovİKP 20-ci qurultayından [aybəniz xanım səhvən 21-ci qurultay deyir] və sonrakı ilıqlaşma dönəmindən xəbərsiz qaldı...


XS
SM
MD
LG