Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:20

İ.Əliyevə istefa tələb edən cəbhəçi gənc məhkəmə önündə


Azerbaijan -- opposition activist Sahladar Isgandarli - 30Aug2019
Azerbaijan -- opposition activist Sahladar Isgandarli - 30Aug2019

Metronun «28 May» stansiyasının qarşısında təkbaşına aksiya keçirdikdən iki gün sonra həbs olunan AXCP üzvü Səhlədar İsgəndərli avqustun 30-da məhkəmə önünə çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onun iki aylıq həbsindən verilən şikayətə baxılıb.

Məhkəmədə vəkili Əsabəli Mustafayev deyib ki, Suraxanı Rayon Məhkəməsinin onun haqqında çıxardığı qərar qanunsuz və əsassızdır. Vəkilin sözlərinə görə, qərarda Səhlədarın Suraxanı rayonunda tutulduğu, onun üzərindən narkotik tapıldığı, polisin qanuni tələbinə tabe olmadığı göstərilib. Amma onu iş yerindən - Kukla Teatrının yanından tutub aparıblar. Müdafiəçi deyir ki, S.İsgəndərli tutulmamışdan təxminən bir saat əvvəl sosial şəbəkələrdə evlərinə polislərin gəldiyini, onu axtardıqlarını yazıb: «Səhlədar İsgəndərli avqustun 18-də təkbaşına aksiya keçirib. Avqustun 19-dan onu axtarıblar, evlərinə gəliblər. Avqustun 20-də tutulmamışdan əvvəl özü də bu barədə Facebook səhifəsində yazıb. Adam bilir ki, onu polislər axtarır, üzərində narkotik saxlayarmı? Məntiqli deyil axı...».

Vəkil deyir ki, əgər Səhlədarın iş yerinin yanındakı kameraların görüntülərinə baxış keçirilsə, onun Suraxanıda yox, iş yerində saxlandığı sübuta yetirilər.

Ə.Mustafayev cəbhəçi gəncin müdafiə hüququnun pozulduğunu, işinə baxılarkən vəkillə təmin olunmadığını söyləyib.

S.İsgəndərli özü də siyasi baxışlarına, keçirdiyi aksiyaya görə cəzalandırıldığını söyləyib.

Hakim Vaqif Mursaqulov Suraxanı rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarını qüvvədə saxlayıb. Qərara əsasən, S.İsgəndərli İnzibati Xətalar Məcəlləsinin 206 (narkotik maddənin şəxsi istehlak miqdarında əldə olunması, saxlanması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, qərardan Avropa Məhkəməsinə şikayət veriləcək.

S.İsgəndərli avqustun 18-də metronun «28 May» stansiyasının qarşısında təkbaşına aksiya keçirərək, üzərində prezident İlham Əliyevə istefa, siyasi məhbuslara azadlıq tələbləri yazılmış plakat qaldırıb. Bu video sosial şəbəkələrdə yayılıb.

XS
SM
MD
LG