Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:33

İ.Əliyev: 'İslahatlara alternativ yoxdur'


İ.Əliyev
İ.Əliyev

«Bu bayramı biz yaxşı nəticələrlə qarşılayırıq. Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşıda duran bütün vəzifələr icra edilir…».

AZƏRTAC-ın xəbərinə görə, bu fikirlər prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrik müraciətində yer alıb.

Dövlət başçısı vurğulayıb ki, keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş verib: «Aprel ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdaram».

İ.Əliyev deyib ki, prezident seçkisindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanıb: «Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir».

Prezident qeyd edib ki, ölkədə qazlaşdırma 95 faizə çatıb və bu, dünya miqyasında ən böyük, ən yüksək göstəricilərdən biridir. «Şəhərlərimizin əksəriyyətinə təmiz içməli su xətləri çəkildi və bu proses davam etdirilir», - deyə İ.Əliyev vurğulayıb.

Prezident çıxışında Qarabağ münaqişəsinə də toxunub: «Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin, Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər…».

İlham Əliyev ölkədə nəyi dəyişsin?
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

«Azərbaycan yeni dövrə qədəm qoyub»

İ.Əliyev daha sonra bu ilin əvvəlindən sosial sahədə görülən işlərdən bəhs edib. O, minimum əməkhaqqının, təqaüd və müavinətlərin artırılmasından bəhs edib: «Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir».

Prezident deyib ki, islahatlar dərinləşəcək: «İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik…».

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Xatırlatma

Bu gün, martın 20-si Azərbaycanda Novruz bayramı axşamıdır.

Bu il bahar Azərbaycana martın 20-dən 21-nə keçən gecə saat 1:58 dəqiqədə qədəm qoyacaq.

XS
SM
MD
LG