Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:47

'İranda deyirlər, siz pensiya alanda bizim bazar canlanır'


Gömrüyə giriş burdandır
Gömrüyə giriş burdandır

Astara gömrüyünün önündə İrandan qayıdan adamlarla söhbət edirik. Bir ortayaşlı qadından İrandan nə gətirdiyini soruşuruq. O, danışmağa həvəslidir, əlindəkilərini bir-bir göstərir:​ «Çaydandır, bizdə 10 manatdan yuxarıdır. Oradan 3 manata almışam. Sabun, yuyucu toz, kərə yağı - əlimə nə keçib almışam. Şəxsi istifadə üçün almışam, satlıq deyil. Bizim gömrük toyuq əti buraxmır. İran tərəfi böyük həcmdə düyü gətirəndə müsadirə edir. Elə də qadağa yoxdur. Amma İranda da mallar bahalaşır. İndi hər şey almaq olmur. İranda sənaye malları ucuzdur».

«Xiyar, pomidor da gətirməyə qoymurlar»

Özünü Səttar adı ilə təqdim edən bir şəxs isə toxumluq kartofun əlindən alındığını iddia edir: «İstifadə üçün icazə verirlər, əkmək üçün yox. İran tərəfi mane olmur. Bizim gömrük qoymur. Deyirlər ki, toxumluq kartof gətirmək olmaz. Xiyar, pomidor da gətirməyə qoymurlar. İranlılar öz vəziyyətlərindən narazıdırlar. İranda deyirlər ki, siz pensiya alanda bizim bazar bir az canlanır. Haçan pensiya alırıq bilirlər. Onlar deyirdilər ki, İran Azərbaycana viza tətbiq etsə, etiraza qalxarlar. Çünki onların bazarı ölər. Onlar qəzəblidirlər. Hər gün onlarda azca bahalaşma gedir».

O, Azərbaycanda ailəsini dolandıra bilmədiyini dilə gətirir: «İş yoxdur, işləmirəm. Getdim İrana ki, 5-6 manat qabağa düşüm. O da olmadı...».

Astara gömrük məntəqəsinin önü
Astara gömrük məntəqəsinin önü

İrandan qayıdan başqa bir sakin isə deyir ki, dərman alıb: «İndi İran aptekində hər dərmanı vermirlər. Həkimdən sənəd istəyirlər. Orada həkimə müraciət edirsən, sənəd verirlər. Qiymət fərqi böyükdür. Dərmanlara İranda 20-30 manat pul vermişəm, burda 70-80 manat xərc çəkməli idim».

«Ağa, mənim Bakıda evim var»

Azərbaycana gələn bir İran vətəndaşı da adının çəkilməsini istəməsə də, suallarımıza cavab verməyə razılıq verir. O deyir ki, işadamıdır, xırda bizneslə məşğuldur, siyasətdən uzaqdır: «Ağa, mənim Bakıda evim var. İran azərbaycanlılarından Bakıda ev alanlar çoxdur. Arabir gedib istirahət edirik. İş görürük... İranda çətinliklər var, amma o bizi narahat etmir. Biz işimizi görürük».

Postun önündəki taksi sürücüləri deyir ki, həftənin sonunda müştərilərin sayı artır. Sürücülərdən birinin dediyinə görə, Bakıya gediş qıyməti dəyişməyib: «Yeni İpək yolu ilə gedirik. Bu yol 40 kilometr qısadır, rahatdır, 3 saata müştərini Bakıya çatdırırıq. Qiymət yerində qalır. Bir adamı 10-15 manata aparırıq. Adi günlərdə müştərilərin sayı az olur. Müştərilərimiz əsasən İran vətəndaşlarıdır, onların da sayı azalıb... Novruz bayramı ərəfəsində İrandan gələnlərin sayı artacaq».

Söhbətləşdiyimiz şəxslərin şikayətinə Astara Gömrük İdarəsi və Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb. Amma bu qurumun rəsmiləri bundan əvvəl mətbuata açıqlamalarında vurğulayıblar ki, vətəndaşlar öz şikayətləri ilə bağlı onlara müraciət edə bilərlər. Rəsmilərin deməsinə görə, şikayətlər araşdırılacaq.

Xatırlatma

2010-cu il fevralın 1-də İran Azərbaycanla vizanı birtərəfli qaydada ləğv edib. İrandan Azərbaycana gələnlər isə viza almaq məcburiyyətindədirlər.

XS
SM
MD
LG