Astara sərhəd-keçid məntəqəsinin önündə İrana getmək istəyən yük maşınların uzun növbəsi qalmaqdadır.
İrana keçmək istəyən yük maşınları, əsasən, Rusiyaya məxsusdur. Sürücülərin verdiyi məlumata görə, maşınları İrana buraxırlar, amma növbə davam edir. Rusiyaya məxsus bir yük maşınının sürücüsünün vurğulamasına görə, dünən yanvarın 29-dan növbədədir: «Ləng buraxırlar. Deyirlər ki, İranın gömrüyündə yer yoxdur. Bu tərəfdə də terminal maşınlarla doludur. Hələ belə vəziyyət bir-iki gün çəkəcək. Bura yeni-yeni maşınlar da gəlir. İki maşını İrana buraxırlarsa, üç maşın növbəyə qoşulur».
Astara gömrük məntəqəsinin növbətçi hissəsindən bundan əvvəl, yanvarın 27-də bildirmişdilər ki, uzun növbənin yaranmasına səbəb bəzi cərimə olunmuş yük maşınların İrana buraxılmamasıdır.
Məsələyə, hələlik, İran rəsmilərindən münasibət almaq mümkün olmayıb.
İranla sərhəddə kilometrlərlə maşın növbəsi
Astara sərhəd keçid məntəqəsinin önündə İrana getmək istəyən yük maşınlarının böyük növbəsi yaranıb. Avtomobil növbəsinin uzunluğu 2 kilometrə yaxındır. Adının çəkilməsini istəməyən bir sürücü AzadlıqRadiosuna deyib ki, üç gündür növbədədir:
«Maşınların bəzisinin cəriməsi var»
«Hava soyuqdur, əziyyət çəkirik. Maşınların bəzisinin cəriməsi var. Ona görə gecikmələr baş verir. Növbədə olan maşınların əksəriyyəti Rusiyadan gəlib. Onların cəriməsi olmasa da, növbəyə durmaq məcburiyyətindədirlər. İrandan, əsasən, kənd təsərrüfatı məhsulları gətiririk».
Astara Yük Terminalının direktor müavini Rafael Abdullayevin deməsinə görə, son aylarda keçid məntəqəsinin önündə belə problemlər tez-tez yaşanır:
«Terminalın həyətində 300-dən çox yük maşını dayana bilər. Gömrüyə gedən yol dardır. Özləri bilərəkdən belə şərait yaradıblar. Əvvəllər də cərimələr var idi, bəs onda nə üçün belə növbələr yaranmırdı?».
«Başqa səbəb yoxdur»
Astara gömrük məntəqəsinin növbətçi hissəsindən isə bildirdilər ki, növbənin yaranması radara düşmüş və cərimə olunmuş yük maşınları ilə bağlıdır: «Başqa səbəb yoxdur».