Keyt Lyuis adlı amerikalı publisist «The Washington Post»a yazdığı məqalədə göstərir ki, tanıdığımız və uşaqlarımıza oxuduğumuz bir çox klassik uşaq hekayələrində problemli məqamlar var.
Cəmiyyət inkişaf etdikcə, bu klassik uşaq nağıllarına yenidən baxılır. Misal olaraq, Lora İnqlz Uaylderin «Böyük meşələrdə balaca ev» adlı silsilə hekayələrində Amerikanın yerli xalqlarının təsvirini və Mark Tvenin «Heklberri Finnin macəraları» kitabındakı irqçi məqamları göstərmək olar. Bu kitablar ciddi ziddiyyətə yol açıb və bir çox valideynlər onları uşaqlarına necə oxuyacaqlarını anlamaqda çətinlik çəkiblər. Uşaqlıqda sevərək oxuduğumuz «Piter Pen»də də belə mübahisəli məqamlar az deyil.
Kitabla razılaşmamaq
«Amerika hindiləri uşaq ədəbiyyatında» (American Indians in Children’s Literature) adlı bloqun yazarı, Nambe-Pueblo xalqının nümayəndəsi Debbi Riz hesab edir ki, problemli klassik kitabları uşaqlara oxumaq onlara irqçiliyi izah etməyin yolu deyil. Ancaq onun sözlərinə görə, problemli məzmunu olan kitablar müəyyən məqamda oxuna bilər. Riz hətta «Böyük meşələrdə balaca ev»i öz seminarlarına daxil edir.
Problemli klassik əsərləri ailələri ilə birlikdə oxumaq istəyən valideynlərə isə belə əsərlər haqda tənqidi yazıları da oxumağı məsləhət görür.
Yazar Filip Nel tövsiyə edir ki, belə kitabları oxuyarkən problemli məqamların üzərində dayanılsın və məhz nəyin yanlış olduğu müzakirə edilsin.
«Uşaqlar kitabla razılaşmamağın və hətta kitaba qəzəblənməyin normal olduğunu anlamalıdırlar», – o deyir.
Hekayədə məhz kimin zərərli düşüncə ortaya qoyduğu və onun işlətdiyi ifadələrin hədəfə aldığı insanlara necə təsir göstərə biləcəyini müzakirə etmək də vacibdir.
«Uşağa deyin ki, bəzi adamlar «o zaman belə düşünürdülər» deməklə kitabın normal olduğunu iddia edir. Siz uşağa bu kimi suallar verə bilərsiniz: «Kim belə düşünürdü? Hamı belə düşünürdü? Kitabda o tərzdə təqdim olunan adamlar özləri haqda eyni cür düşünür?». Bu suallar ətrafında müzakirə uşaqlara fərqli baxış bucaqlarını, qərəz və …gücü anlamaqda kömək edir», – Riz qeyd edir.
Kitabxanaların rolu
Kitabxanalar klassik ədəbiyyatdakı mövzular və dil məsələlərinə tənqidi reaksiya baxımından çox gözəl yerdir. Kitabxanalar həmçinin, sizə informasiyanı uşaqlarınıza necə çatdıracağınızla bağlı yol göstərə bilər. Uşaqlara Kitabxana Xidməti Assosiasiyası Amerika Kitabxanalar Assosiasiyasının tərkib hissəsidir. Qurum cəmiyyətə uşaqlarla irq məsələləri haqda danışmağın yollarını və kitabların köməyi ilə fərqli insanların müsbət yönlərini göstərməyi öyrədir.
Valideynlərin problemli klassik kitabları uşaqlara oxuyub-oxumamasından asılı olmayaraq, mütəxəssislər uşaqlarla fərqli kitabların oxunmasını vacib sayırlar. Bura özəlliklə də mədəniyyətlər, cinslər və irqlərin müsbət nümunələrini göstərən kitablar aid edilir.
Bura fərqli qrupları təmsil edən müəlliflərin yazdığı kitablar daxildir. Riz öz saytında Amerikanın yerli xalqlarının təmsilçilərinə aid kitabların siyahısını təqdim edir və #OwnVoices ideyasını diqqətə çatdırır.
Riz deyir ki, müəyyən bir qrup haqda ən dəqiq və reallığa yaxın təsviri həmin qrupun nümayəndəsi verə bilər.
«İllər öncə bir nəfər məndən soruşdu ki, kişi müəllif uşaq doğmağı yaxşı təsvir edə bilərmi, bu mövzuda kitab yaza bilərmi? Mən «hə» dedim. Sonra soruşdu ki, mən bu mövzuda uşaq dünyaya gətirmiş qadının yazdığı kitaba üstünlük verərdimmi? Mən «hə» dedim. Kənar adamın yaxşı kitab yazması mümkündürmü? Bəli. Mən işin içində olan adamın yazdığı kitaba üstünlük verərdimmi? Bəli», – Riz qeyd edir.