Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:24

İsveçdə gənclər niyə tək yaşayır


Stokholm
Stokholm

BBC «Pew» Tədqiqat Mərkəzinin araşdırmaya istinadən yazır ki, ABŞ-da 1940-cı ildən bu yana ilk dəfədir ki, bu qədər gənc valideynləri ilə birlikdə yaşayır. Britaniyanın «Civitas» beyin mərkəzinin 2019-cu ildə apardığı araşdırmaya görə isə, bu ölkədə valideynləri ilə yaşayan 23-yaşlı gənclərin nisbəti 1998-ci ildə 37% olubsa, 10 il sonra 49%-ə çatıb.

18-19 yaşında evdən gedirlər

İsveçdə isə vəziyyət başqadır. Ən çox rast gəlinən evi tərketmə yaşı 18-19 arasındadır. Avropadakı orta göstərici isə 26 yaşdır. BBC bu rəqəmləri Avrostat-dan (Avropa Komissiyasının statistika üzrə baş direktoratı) götürüb. Qeyd edilir ki, böyüdükləri evi tərk edən bu gənclər tələbə yataqxanasında, yaxud otaq yoldaşları ilə birlikdə qalmır, tamamilə tək yaşayırlar.

19 yaşından bəri Stokholm ətrafında özünə kirayə ev tutub yaşayan Ida Staberg deyir ki, öz qayğısına qala bildiyinin fərqinə varmaq onun üçün çox vacibdir.

İsveçdə ev təsərrüfatlarının yarıdan çoxu birnəfərlikdir. Avrostat-ın məlumatına görə, bu, Avropa Birliyində ən yüksək göstəricidir. İsveç hökumətinin statistika idarəsindən BBC-yə bildiriblər ki, bunların təqribən beşdə birini yaşı 18-25 arasında olan gənclər təşkil edir. Tədqiqatçılar real rəqəmin daha yüksək ola biləcəyini istisna etmirlər. Çünki gənclərin çoxu hələ də valideynlərinin evində rəsmi qeydiyyatdadırlar.

Gənclərin erkən yaşda evi tərk etməsi hətta ölkədə uzun ev növbələri səbəbindən kirayə qiymətləri qalxanda da davam edir. İsveç Statistika İdarəsinin məlumatına görə, gənclərin tək yaşaması nisbəti 2011-ci ildən bəri dəyişməyib.

Müstəqil fərd yetişdirmək

«Avropanın digər yerlərində ailədən asılı olmaq problem sayılmır, cənubi Avropada isə hətta məqsəd sayılır – ailənlə yaşamasan ailəni rədd etmiş sayılırsan. İsveçdə isə … məqsəd müstəqil fərd yetişdirməkdir… Uşağın evdə qalmasını problem kimi görürlər», – Stokholm Universitetinin demoqrafiya professoru Gunnar Andersson BBC-yə deyib.

Andersson deyir ki, İsveçin «individualizm mədəniyyəti»nin əsrlərlə tarixi var. Kənd yerlərində yeniyetmələr evi tərk edərək başqa fermalarda işləməyə gedirlərmiş. Daha yaxın zamanlarda isə gənclərin tək yaşaması İsveçin güclü rifah dövləti qurması sayəsində real qala bilib. Bu onlara, ailələrindən, yaxud həyat yoldaşlarından asılı olmadan, uyğun ev, tibb xidmətləri və təhsilə çıxış imkanı verir.

Professor Andersson əlavə edib ki, İsveç şəhərlərində evlərin əsasən kompakt, birnəfərlik olması da bu normanın qorunub saxlanmasına kömək edir. London, Paris, Nyu-York kimi şəhərlərdə evlərin çoxu daha böyükdür və gənclər onları paylaşa bilir. Buna görə də daha çox insan otaq yoldaşları ilə yaşayır.

Yazıda deyilir ki, İsveç gəncləri dünyanın başqa yerlərindəki yaşıdlarına fantastika kimi görünən sosial və maliyyə azadlığına malik olsalar da, evi tez tərk etmələrinin öz mənfi nəticələri var. Mütəxəssislər məktəbi bitirən kimi evi tərk etməyin hələ müstəqil yaşamağa hazır olmayan gənclərə mənfi təsir göstərdiyini deyirlər.

Hazırda 21 yaşı olan Ida Staberg ilk dəfə öz ayrı evinə köçəndə büdcə və məişət çətinlikləri ilə üzləşib.

«Emosional tənhalıq»

İsveçin ruhi sağlamlığa fokuslanan «Mind» xeyriyyə təşkilatının baş katibi Karin Schulz hesab edir ki, bu məsələdə çətinliklərdən biri də emosional tənhalıqdır. Onun sözlərinə görə, bəzi gənclərin həyatları və hissləri haqda danışmağa dostları, yaxud ailə üzvləri yoxdur.

İsveç azyaşlı uşaqları olan valideynlərin ailəni işdən üstün tutduğu ölkə kimi tanınır. Buna baxmayaraq, Schulz hesab edir ki, övladları evdən köçən valideynlər çox vaxt emosional yox, praktik dəstək verirlər. Ölkənin statistika idarəsinin məlumatına görə, 16-24 yaşlı gənclərin 55%-dən çoxu yaxın ailə üzvləri ilə ünsiyyət qurmur.

Tənhalıqla ruhi sağlamlıqla bağlı bəzi diaqnozlar arasında əlaqə olduğunu iddia etmək mümkün olmasa da, son 10 ildə İsveçdə yaşı 16-24 arasında olan gənclər arasında psixiatrik xəstəliklərdən müalicə olunan insanların sayı 70%-ə qədər artıb. Schulz bu rəqəmləri İsveçin Milli Səhiyyə və Rifah Şurasına istinadən verib.

İsveçdə tənhalıqla bağlı ümummilli sorğu sonuncu dəfə 2013-cü ildə aparılıb. Ancaq statistika idarəsinin apardığı tədqiqat nəticəsində bəlli olub ki, 16-24 yaş qrupunda olan gənclərin 16.8%-i «son iki həftə ərzində» özünü tənha hiss edib. Bu göstəricinin yalnız yaşı 75-dən yuxarı olan isveçlilər arasında daha yüksək (17.4%) olduğu bildirilir.

XS
SM
MD
LG