Qazaxıstanın cənubundakı silah anbarında baş vermiş yanğın və partlayışlar nəticəsində ölənlərin sayı 12-yə, xəsarət alanların sayı isə 100-ə çatıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirlyinin sözçüsü avqustun 27-də daha iki nəfərin itkin düşdüyünü və onların axtarışının davam etdirildiyini deyib.
Sözçü Talqat Ualı bildirib ki, ölənlərin arasında FHN qoşunlarından, hərbi heyət üzvlərindən olanlar və bir prokurorluq işçisi də var.
Partlayış nəticəsində xəsarət alan 98 nəfərin yarısı FHN əməkdaşlarıdır.
Müdafiə naziri Nurlan Ermekbayev mətbuat konfransında deyib ki, avqustun 26-da Cambul vilayətindəki hərbi anbarda başlanmış yanğının səbəbi bilinmir. Bu anbarda mühəndis işləri üçün partlayıcılar saxlanırdı. Nazir hadisənin təxribat olmasını istisna edib.
Ermekbayev anbarda 500 tonadək partlayıcı olduğunu deyib. Onun sözlərinə görə bu maddələrin bir qismi 2019-cu ildə Arıs şəhərindəki anbarda 4 nəfərin həyatına son qoymuş partlayışdan sonra bura gətirilmişdi. O vaxt Arısın 40 minlik əhalisi təxliyə olunmuşdu.
Nazir istefaya hazır olduğunu deyib
Ermekbayev AzadlıqRadiosunun Qazax xidmətinə istefaya hazır olduğunu, lakin bu barədə qərarın ölkə prezidenti tərəfindən qəbul olunacağını deyib.
Hakimiyyət orqanları silah anbarının bir kilometrlik çevrəsində olan üç kəndin sakinlərini vilayət mərkəzi olan Taraz şəhərinə evakuasiya edib.
Cambul vilayətinin rəsmiləri vəziyyətin sabitləşdiyini və evakuasiya edilənlərin evlərinə qayıtmasının mümkün olduğunu deyiblər.
Hadisə ilə bağlı paytaxt Almatıdan Özbəkistanın Əfqanıstanla həmsərhəd Termez şəhərinə gedən dəmir yolu da bağlanıb.
Telegram kanalda rəsmi qaydada təsdiqlənməmiş videoda anbardan tüstü qalxması və partlayış baş verməsi görünür.
Qazaxıstanın cənubunda hərbi bazada partlayışlarda 9 nəfər həlak olub, 90 nəfər xəsarət alıb. Ölənlərdən biri yanğınsöndürəndir. Ölkənin müdafiə naziri istefa ərizəsi yazıb.
Nazir Nurlan Yermekbayevin avqustun 27-də mətbuat konfransında deməsinə görə, partlayıcıların saxlandığı hərbi obyektdə yanğının səbəbi bəlli deyil. O, qəsdən yandırma, sabotajın istisna olunmadığını söyləyib.
Beş hərbçi yanğınla mübarizədə həlak olub. Yermekbayev deyib ki, anbardakı partlayıcılar Aris şəhərindən gətirilibmiş. 2019-cu ildə həmin şəhərdə oxşar insidentdə dörd nəfər həlak olmuşdu.
Yermekbayev-in AzadlıqRadiosu-nun Qazaxıstan xidmətinə deməsinə görə, hadisədən sonra istefa ərizəsi yazıb, son qərarı ölkə rəhbərliyi verəcək.
***
Qazaxıstanın cənubundakı Jambil vilayətində sursat anbarında bir neçə partlayış baş verib, azı 60 nəfərin xəsarət aldığı bildirilir.
Avqustun 26-da baş vermiş partlayışlardan sonra yanğının söndürülməsi davam edir.
Ərazinin təxminən 1 kilometrliyində yerləşən dörd kəndin sakinləri köçürülüb. Məlumatı Müdafiə Nazirliyi yayıb.
Xilasetmə işlərinə yüzlərlə hərbçi, polis əməkdaşı, tibb işçisi cəlb olunub.
Prezident Qasım-Jomart Toqayev Twitter-də yazıb ki, xəsarət alanların azı 30 nəfəri hərbçilər və fövqəladə xidmət əməkdaşlarıdır.
O, “qurbanların sayının artdığını”, amma “vəziyyətin ümumilikdə nəzarətə alındığını” deyib.
Partlayışın səbəblərini müəyyənləşdirmək üçün istintaq başladılıb.
Ərazidəki binaların, əsasən özəl evlər olmaqla 85 faizinə tüstüdən, silkələnmədən, partlayışın qalıqlarından ziyan dəyib.
2019-cu ildə qonşu Türküstan regionunun Aris şəhəri yaxınlığında sursat anbarında partlayışda dörd nəfər həlak olub, onlarla insan yaralanıb.