Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Seymur Həzi 'Free Media' mükafatını aldı


Həbsdə olan jurnalist Seymur Həzi
Həbsdə olan jurnalist Seymur Həzi

Noyabrın 26-da Tbilisidə Norveçin “Fritt Ord” beynəlxalq söz azadlığı təşkilatının “Free Media” mükafatını təqdimetmə mərasimi keçirilib.

Bu mükafatı alanlar arasında azərbaycanlı jurnalist, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” teleproqramının əməkdaşı Seymur Həzi də var.

Mükafatı S.Həzinin adından anası Qızqala Həziyeva və həyat yoldaşı Nigar Həzi qəbul edib.

Tədbirdə S.Həzinin məktubu oxunub. Məktubda azad sözə verilən dəyərə toxunulub:

"Biz tarix qarşısında tarix üçün nəsə etmirik. Bizim tək hakimimiz vicdan, tək suçumuz azadlığa can atmaq, onu başqalarına da daddırmaqdır. Biz hazırkı dünyada günahkarıq. Çünki biz həqiqətin yayılmasını istəyirik, həqiqət isə çoxları üçün ölüm gətirə bilər".

Seymur Həzi hamını “Azadlıq” qəzetini dəstəkləməyə də çağırıb:

"Sizin hər birinizdən Əliyevçi rejimin boğmaqda olduğu “Azadlıq” qəzetinə dəstək verməyinizi xahiş edirəm".

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist ittihamı qəbul etmir. “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirir.

“Amnesty International” təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG