Mayın 23-dә üç jurnalist saxlanaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.
Müstəqil jurnalist Fərqanə Novruzovanın sözlərinə görə, onu və ToplumTV-nin əməkdaşı Türkan Bəşiri metronun «İçәrişәhәr» stansiyasının yanından mülkigeyimli şəxslər fiziki güc tətbiq edərək, 9-cu Polis Bölməsinə aparıblar:
«Qolum əzilib, paltarım cırılıb»
«Biz «Futbol+» kollektivini gözləyirdik. Onlar Prezident Administrasiyasına müraciətə gəlmişdilər. Metronun «İçәrişәhәr» stansiyası yanında toplaşmışdıq. Orada üç polis maşını, mülkigeyimli şəxslər və polislər var idi. Onlar mənə yaxınlaşaraq «nə çəkirsən?» soruşublar. Mən onlara heç nə çәkmәdiyimi dedim, lakin buna baxmayaraq, mənə qarşı fiziki zor tətbiq edərək polis maşınına apardılar. Türkan Bәşiri da maşına otuzdurdular və bölməyə apardılar. Qolum əzilib, paltarım cırılıb».
«Biz olanı yazdıq, lakin...»
F.Novruzovanın sözlərinə görə, bölmədə onlara «dövlətə qarşı təbliğat aparırsız» deyərək izahat yazdırıblar: «Biz olanı yazdıq, lakin bu izahatı qəbul etmədilər və başqa mətn yazdılar. Biz qol çəkmədik, onda bizi rəisin yanına apardılar. Rəis bizə dedi ki, bu dəfə bizi buraxır, gələn dəfə isə tutacaq».
MeydanTV-nin əməkdaşı Aytac Әhmәdova isə AzadlıqRadiosuna Prezident Administrasiyası qarşısında saxlandığını bildirib: «Maşına otuzdurub bölməyə gətirdilər, 3 saatdan çox saxladılar. İzahat yazdıq, indi sərbəst buraxdılar».
Jurnalistlər polislərin hәrәkәtlәrindәn rəsmi qaydada lazımı quruma şikayət edəcəklərini bildiriblər.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən jurnalistlərin dedikləri ilə bağlı «Turan» agentliyinin sualına cavab verməyiblər. Məsələyə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan da münasibət almaq mümkün olmayıb.
«Futbol+» etiraz edir
Prezident Administrasiyasının önünə gələn «Futbol+» qəzetinin əməkdaşları isə bildiriblər ki, bu ildən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu onlara maliyyə yardımı ayırmağı dayandırıb. Administrasiyaya da elə bu məqsədlə müraciət etməyə gəldiklərini söyləyiblər.
Son illər sözügedən Fond Azərbaycanda nəşr edilən əksər qəzetlərə maliyyə yardımı göstərib. Bu ildən bəzi qəzetlərə maliyyə yardımının dayandırıldığı bildirilib. Fonddan bunu ölkədə nəşr edilən bəzi qəzetlərin oxucu toplamadığı, sırf «makulatura»ya xidmət etmələri ilə izah ediblər.
Amma maliyyə yardımı dayandırılan qəzetlərin bir çox əməkdaşları bu dəyərləndirmə ilə razılaşmırlar.
Bəzi müstəqil ekspertlər də hesab edirlər ki, hökumətin kütləvi informasiya vasitələri ilə bağlı siyasəti əvvəlcədən yanlış olub. Onların fikrincə, hökumət qəzetlərə maliyyə yardımı ayırıb, onları özündən asılı vəziyyətə salmaqdansa, azad rəqabətə şərait yaratmalı, cəmiyyətə iqtisadi, siyasi azadlıqlar verməli idi.