Martın 29-dan xüsusi karantin rejimi gücləndiriləcək. Bu barədə bu gün, martin 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda deyilir ki, karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olunmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılmalıdır.
Qərargah qeyd edib ki, Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Metronun iş vaxtı
Açıqlamada bildirilir ki, nəqliyyat vasitələri üzrə Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.
Buna qədər isə Bakı metrosu səhər saat 6-dan gecə 12-yə qədər fəaliyyət göstərirdi:
“Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin”.
Habelə, bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalı, evə götürmə, çatdırma, onlayn satışlara məhdudiyyətsiz icazə verilməlidir:
“Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın”.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 25 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Azərbaycanda indiyə qədər rəsmi şəkildə 165 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 15 nəfərinin sağalıb evlərinə buraxıldığı, 3 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı 3 mindən çox şəxsin karantində saxlandığı açıqlanıb.
Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.
Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.
Operativ Qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib.
Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.