Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 20:44

Karantinin sərtləşdirilməsinin fərqli yozumları...


Bakıda dezinfeksiya tədbirləri.
Bakıda dezinfeksiya tədbirləri.

Bakı, Gəncə, Sumqayıt şəhərləri, Lənkəran, Yevlax, Cəlilabad, Masallı və Abşeron rayonlarında iyunun 21-i saat 00.00-dan iyulun 5-i saat 06.00-dək ciddi karantin rejimi tətbiq ediləcək. Yenidən SMS-lə icazə almaq qaydası tətbiq ediləcək. Halbuki, bir müddət öncə (aprelin 27-dən başlayaraq) Azərbaycanda karantin mərhələlərlə yumşaldılmışdı. Son aylar ölkədə virusa yoluxma yenidən artmaqdadır.

"İranla sərhədlərin bağlanması məsələsini qaldıranda..."

İctimai fəal Bəxtiyar Hacıyev AzadlıqRadiosuna xatırladıb ki, Operativ Qərargahın iyunun 18-də keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı sərt karantin rejiminin tətbiqini xəstəxanalarda yerlərin 85 faizinin dolması ilə izah edib:


"Düşünürəm ki, virusa yoluxmaların bu səviyyəyə gəlib çıxmasına da hökumətin koronavirusla mübarizənin ilk mərhələsində buraxdığı səhvlər səbəb olub. Birincisi, vətəndaş cəmiyyəti İranla sərhədlərin bağlanması məsələsini qaldıranda (Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib. Bundan bir gün sonra İranla gediş-gəliş məhdudlaşdırılıb. Həmin vaxt İranda yoluxmanın kütləvi hal aldığı bildirilirdi-red). Səhiyyə Nazirliyi rəsmiləri və s. iddia edirdilər ki, Azərbaycanda koronavirus yoxdur, bu virusun ölkəyə daxil olmaması üçün bütün tədbirlər görülüb. Vətəndaş cəmiyyətini isə ölkədə ajiotaj, təlaş yaratmaqda ittiham edirdilər".

B.Hacıyev
B.Hacıyev

"Erkən yumşalmaya getmək..."

Onun fikrincə, ikinci səhv hökumətin erkən yumşalmaya getməsi idi. İctimai fəal deyir ki, yoluxma sayı nəzarətdə olanda hökumət sırf iqtisadi-sosial səbəblərə görə yumşalmaya getməyi qərara aldı, bu da öz fəsadlarını törətdi: (Hökumət aprel, may aylarında işsiz, və karantin dövründə işsiz qalan 600 min şəxsə 190 manat yardım verdiyini açıqlayıb. Ümumilikdə pandemiyanın biznesə, sahibkarlara və məşğulluğa mənfi təsirlərini aradan qaldırmaq üçün hökumət 3.5 milyard manatlıq paket həyata keçirdiyini açıqlayıb. Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmin şişirdildiyini düşünürlər)

"İndi isə vəziyyət həm iqtisadi-sosial, həm də virusa yoluxma baxımından pisdir. TƏBİB-in açıqlamasına görə, 1200 nəfərlik boş çarpayı yeri qalır. Bu da yoluxmanın indiki artım tempi ilə 3-4 gün sonra həmin yerlərin dolması deməkdir...".

B.Hacıyevə görə, sərt karantin tədbirlərinin nəticəsi olaraq bir neçə həftə sonra yoluxma sayında müəyyən azalmalar ola bilər. Amma onun fikrincə, bu uzunmüddətli effekt verməyə bilər.

"Dövlət kütləvi testləşdirmə aparmalı"

B.Hacıyev qeyd edib ki, Azərbaycanda test yalnız yoluxmanın simptomları özünü göstərəndə, ağırlaşma olduqda aparılır, cavab isə bir müddət sonra bilinir: "Həmin müddət ərzində isə şübhəlinin kimlərisə virusa yoluxdurması tam real məsələyə dönür. Odur ki, dövlət ən tez zamanda həm kütləvi testləşdirmə aparmalı, həm də yoluxmuş insanların ünsiyyət çevrəsini müəyyənləşdirməlidir".

C.İsayev
C.İsayev

"İnsanların karantin qaydalarına əməl etməməsi..."

"Sərt karantin rejiminin tətbiq olunması insanların karantin qaydalarına əməl etməməsi, yoluxmanın artmasının nəticəsidir", - Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Turan" agentliyinə bildirib. Onun deməsinə görə, vətəndaşlar qoruyucu vasitələrdən istifadə etsəydilər, sosial təcrid məsələsinə əməl olunsaydı, belə sərt tədbirlərin qəbul edilməsinə ehtiyac qalmazdı.

O deyib ki, bəzi insanlar xəstələnir, ağır vəziyyətə düşməyənə kimi həkimə müraciət etmirlər, bu da ümumilikdə həm xəstələnmələrin, həm də ölüm hallarının artmasına səbəb olur:

"Yoluxmanın sürəti azaldılsın, tibb sahəsi ağır vəziyyətə düşməsin"

"Digər tərəfdən, bu vəziyyət çarpayı fondunun, tənəffüs aparatlarının çatışmazlığına səbəb ola bilər. Əsas məqsəd də odur ki, yoluxmanın sürəti azaldılsın, tibb sahəsi ağır vəziyyətə düşməsin. Ona görə də karantin rejiminin sərtləşdirilməsinə gedildi".

Baş infeksionist hesab edir ki, yoluxma sayının artması həm də insanların bu xəstəliyə səhlənkar münasibətinin göstəricisidir.

Bununla belə o hesab edir ki, vəziyyət o qədər də vahiməli deyil, nəzarət altındadır: "Hesab edirəm ki, dövlət tərəfindən sərt tədbirlərin görülməsi məcburi xarakterlidir, başqa çıxış yolu qalmamasının ifadəsidir və insanlar bundan nəticə çıxarmalıdırlar".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 607 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 456 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyə qədər 11 min 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 min 192 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılmışdı. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılmışdı. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlamışdı.

Amma son vaxtlar yoluxma artdığından əks tədbirlər görülməyə başlandı. İyunun 6-dan 8-nə kimi Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyuldu. Ötən həftəsonu karantinin sərtləşdirildiyi yerlər bir qədər də artırıldı. Karantin dövrü bir neçə dəfə uzadılıb.

XS
SM
MD
LG