Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:35

100 il öncə bu günü görən yazıçılar


Karel Çapek
Karel Çapek

1920-ci ildə, bir gün çex yazıçısı Karel Çapek rəssam böyük qardaşı Yozefdən məsləhət istəyir. Karel süni işçilər haqqında pyes yazır, ancaq onlara yaxşı bir ad tapa bilmirdi. Yozefin ağlına "robot" adı gəlir. Eyni zamanda Petroqradda (indiki Sankt-Peterburq) Yevgeni Zamyatin adlı bir rus yazıçısı da gələcəyin yüksək texnologiyalı diktaturası haqqında roman yazırdı. Onun da romanı Çapekin robotları kimi uğurlu oldu.

BBC bu il bu iki əsərin 100 yaşının tamam olması münasibətilə böyük məqalə dərc edib.

Çapek "RUR" adlı pyesini 1920-ci ildə çap etdirsə də, əsər ilk dəfə 1921-ci ilin yanvarında səhnəyə qoyulub. Zamyatinsə "Biz" adlı romanının əlyazmasını 1921-ci ildə təqdim etsə də, o, daha gec çap olunub. Ancaq bizə robot anlayışını və mexanikləşdirilmiş antiutopiyanı verən il 1921-ci ildir. Çapek 1920-ci ildə yazırdı: "Gələcəyin bir hissəsi hər zaman indiki dövrün ovcundan oxuna bilər".

Süni insanlar

"RUR" "Rossum Universal Robotları" ifadəsinin abreviaturasıdır. Rossum "şüur" mənasında işlənən çex sözü "rozum"dan yaranan söz oyunu, "robota" isə çex dilində "nökərçilik" deməkdir. Əsərdə dünyanın əsas işini biomühəndislik məhsulu olan, əsl insandan seçilməyən süni insanlar görür. Onların sahibləri isə işsonrası utopiyada həyatlarından həzz alırlar. Ancaq işlər planlaşdırıldığı kimi getmir. İnsanlar tənbəlləşir və sonsuzlaşır, robotlarsa soyqırımı inqilabı planlaşdırırlar. "Ancaq bu, maşınların yox, bizim günahımızdır", –Çapek sonradan yazırdı.

"RUR" dərhal bütün dünyada uğur qazandı. Artıq 1923-cü ildə pyes dünyanın 30 dilinə tərcümə edilmiş, həm Vest End, həm də Brodveydə səhnələşdirilmişdi. Maraqlıdır ki, o, həm də 1927-ci ildə BBC-nin yayımladığı ilk radiotamaşa, 1928-ci ildə isə dünyanın elmi fantastika janrında hazırlanmış ilk televiziya dramı olub. "Star Trek", "Doctor Who" və "Futurama" kimi şoularda vaxtaşırı "RUR"a istinad edilib.

Yevgeni Zamyatin
Yevgeni Zamyatin

"1984" yada düşür

"Biz" romanı da eyni dərəcədə əhəmiyyətli bədii əsərdir. Cek London və Herbert Corc Uells də daxil olmaqla bir sıra yazıçılar daha öncə antiutopiya janrında romanlar yazmağa çalışıblar. Ancaq Zamyatinin romanı dünyanın ilk antiutopik romanı sayılır. Romanda hadisələr "Vahid Dövlət" adlı ultrarasional məkanda cərəyan edir. Burada işdən tutmuş, seks və musiqiyə qədər hər şey riyazi hesablanır, uniformalı "şifrələr"in isə adları yox, nömrələri var. Hər kəs Benefaktor adlı diktatorun nəzarətində olan keşikçilər tərəfindən izlənilir. D-530 adlı baş qəhrəman zəhmətkeş və vicdanlı raket mühəndisidir. I-330 adlı xarizmatik qadın dissident onu yoldan çıxararaq gizli inqilabi hərəkata cəlb edib. Qaldırılan böyük üsyan darmadağın edilir, I-330 edam edilir, D-530 isə lobotomiyaya məruz qoyulur (beyninin ön payı çıxarılır) və o, itaətə məhkum edilir. Zamyatinin təsvir etdiyi azadlıq ideal deyil, qeyri-rasional, bəzən də bədbəxtdir. Başqa sözlə, insanidir.

Bu hekayənin oxuculara "1984" romanını xatırlatması təsadüfi deyil. Məsələ burasındadır ki, Corc Oruell "Biz" romanını o qədər sevmişdi ki, 1940-cı illərdə onun ingilis dilinə keyfiyyətli tərcüməsini nəşr etdirməyə çalışmışdı. Roman özünün bugünkü nüfuzuna görə Corc Oruellə borcludur. Oruell öz romanının ilk qaralamasını yazanda hələ "Biz" romanının mövcudluğundan xəbərsiz idi. Ancaq "Biz"in onun hekayəsinin dilinə və xarakterinə təsir etdiyi şübhəsizdir.

İki kitabın mirası

"Biz" romanının təsirlərini Ayn Rendin "Himn" novellasında, Corc Lukasın "THX 1138" filmində, Kurt Vonnequtun "Mexaniki piano" romanında və "Leqo" filmində də görmək mümkündür.

Məqalədə qeyd edilir ki, bu iki kitabın ümumi irsi saya-hesaba gəlmir. Çapek ilə Zamyatinin altı il yaş fərqi var. Onların ölüm tarixləri də bir-birindən iki il fərqlidir. Hər ikisi İkinci Dünya müharibəsindən bir qədər əvvəl vəfat edib. Hər ikisi azad düşüncəli, qeyri-adi zəkalı yazıçılar idi. Hər iksinin pyesləri, romanları, hekayə, tərcümə və publisistik yazıları var. Hər ikisi ingilis dili və ədəbiyyatını sevir, Herbert Corc Uellsə xüsusi pərəstiş edirdilər. Hər ikisi iki müharibə arasındakı dövrdə doqma, traybalizm və dilin korlanmasına qarşı çıxırdılar.

Hər iki yazıçı totalitarizm təhlükəsini əvvəldən görüb. Hər ikisi də totalitarizm tərəfindən əzilib. Hər ikisinin ən məşhur əsəri onların həyatını dəyişdirib. Ancaq fərqli istiqamətlərdə. "RUR" Çapeki ədəbi superulduza çevirib. "Biz" romanı isə Zamyatinin cəmiyyətdən kənarlaşdırılmasına səbəb olub. Hər iki romanda maşınlar qalib gəlir.

XS
SM
MD
LG