Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:41

Kaspersky Lab haker kodunu ABŞ kompüterindən əldə etdiyini boynuna alıb


Kaspersky Lab şirkətinin Moskvadakı iqamətgahı
Kaspersky Lab şirkətinin Moskvadakı iqamətgahı

Kaspersky Lab şirkəti onun antivirus proqramlarında 2014-cü ilin sentyabrında Amerikadakı bir şəxsi kompüterdən alınmış haker kodundan istifadə edildiyini etiraf edib.

Bu barədə məlumat oktyabrın 25-də şirkətin daxili təhqiqatının ilkin nəticələri barədə hesabat kimi açıqlanıb.

Bundan əvvəl ABŞ mediaları Kaspersky Lab şirkətini Rusiya xüsusi xidmətləri ilə əməkdaşlıqda və casusluqla əlaqədə ittiham etmişdi.

Bu yaxınlarda şirkətin təsisçisi və başçısı Yevgeni Kasperski Associated Press agentliyinə etiraf etmişdi ki, onun şirkəti 2014-cü ildə “təsadüfən” ABŞ Milli Təhlükəsizlik Agentliyinə məxsus faylları əldə edib. Onun sözlərinə görə, o sənədlərin məxfi olduğunu bilən kimi onların silinməsinə göstəriş verib.

Bu ilin yayında ABŞ bütün hökumət orqanlarına Kaspesky Lab şirkətininn heç bir proqramından istifadə etməmək göstərişi verib.

Buna cavab olaraq Yevgeni Kasperski, şirkətin “nə Rusiya xüsusi xidmətləri, nə də başqa ölkələrin strukturları ilə bağölı olmadığına dair bütün zəruri sübutları” təqdim edəcəyini vəd etmişdi.

Eyni zamanda şirkət vəd etmişdi ki, lazım gəldikdə müstəqil ekspertlərin yoxlamaları üçün 2018-ci ilin əvvəllərindən proqramlarının və bütün gələcək yenilənmələrin ilkin kodunu açacaq.

Bu açıqlamalardan əvvəl, oktyabrın 5-də The Wall Street Journal xəbər verirdi ki, Rusiya hökuməti casusluq aləti kimi istifadə etmək üçün Kaspersky proqramlarını dəyişdirə bilib.

Oktyabrın 10-da The New York Times yazırdı ki, İsrail kəşfiyyat rəsmiləri Rusiya hökumət hakerlərinin Kaspersky proqramlarından casusluq üçün istifadə etdiyini bildiriblər.

Kreml Kaspersky Lab şirkətinin Rusiyanın casusluğu üçün vasitə olduğuna dair məlumatları “absurd” adlandırıb.

XS
SM
MD
LG