Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:57

Kasyanov: Ukrayna məğlub olsa, ‘sırada Baltik ölkələridir’


Mixail Kasyanov
Mixail Kasyanov

Kasyanov Rusiyanın kommunist və Putin idarəçiliyindən uzaqlaşmasının təxminən on il çəkəcəyini proqnozlaşdırır

Ukrayna müharibədən məğlub çıxarsa, “sırada Baltikyanı ölkələrdir”. Bunu Rusiyanın sabiq baş naziri Mixayıl Kasyanov “Frans-Press” agentliyinə iyunun 13-də yayımlanan videomüsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Moskvanın Ukraynaya qarşı müharibəsinin nəticəsi Rusiyanın gələcəyini müəyyənləşdirəcək. Rusiya prezidentinin açıq tənqidçisi olan Kasyanov vurğulayıb ki, əvvəlcə Vladimir Putinin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayacağına inanmayıb.

Lakin o, Ukraynanın işğalından üç gün öncə Rusiya Təhlükəsizlik Şurasının iclasının çağrıldığını görəndə fikrini dəyişib.

“Gördüm ki, Putin artıq özündə deyil”

“Başa düşdüm ki, artıq müharibə olacaq. Sadəcə olaraq bu insanları tanıyıram və gördüm ki, Putin artıq özündə deyil", – o söyləyib.

Sabiq nazir "tibbi mənada deyil, siyasi baxımdan başqa bir Putini tanıdığını” əlavə edib.

64 yaşlı Kasyanov əvvəl-axır Putinin ölkənin güclü təhlükəsizlik xidmətlərinin nəzarətində olan psevdo-varislə əvəzlənəcəyini düşünür. Keçmiş baş nazir Rusiyanın çətinliklə olsa da demokratik ölkəyə çevriləcəyini də təxmin edir.

"Əminəm ki, Rusiya demokratik dövlət quruculuğu yoluna qayıdacaq”, – 2000-2004-cü illərdə baş nazir olmuş Kasyanov müsahibəsində bildirib.

O, ölkənin kommunist və Putin idarəçiliyindən uzaqlaşmasının təxminən on il çəkəcəyini proqnozlaşdırır.

“Bu, özəlliklə kriminal müharibədən sonra çətin olacaq. Keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) polkovniki Putin son iyirmi ildə Rusiya təhlükəsizlik xidmətinin keçmiş və indiki əməkdaşlarının dominant olduğu sistem qurub”, – keçmiş nazir vurğulayıb.

Qanunsuzluğa əsaslanan sistem

Kasyanovun sözlərinə görə, bu tamamilə qanunsuzluğa əsaslanan KQB sistemidir.

“Aydın məsələdir ki, onlar heç bir cəza gözləmirlər. Bu, Putinin təşəbbüsü ilə dövlət başçısı kimi yaratdığı, Sovet İttifaqının son mərhələsində olduğundan daha kinli, qəddar şəkildə fəaliyyətə başlayan sistemin nailiyyətləridir”, – o əlavə edib.

Kasyanov hazırda Xalq Azadlıq Partiyasının (PARNAS) lideridir. Lakin fevralın 24-də müharibə başlayandan bir müddət sonra təhlükəsizliyindən narahat olduğundan Rusiyanı tərk edib. Ancaq getdiyi yer barədə məlumat ictimaiyyətə açıqlanmayıb.

“Şübhəsiz ki, indi hamımızın şahidi olduğu faciədən sonra müxalifət birləşəcək. Hər şeyi yenidən qurmaq lazım gələcək. Əslində, bütün iqtisadi və sosial islahatlar paketinə yenidən baxılmalı və icrası başlamalıdır. Bunlar çox böyük və çətin vəzifələrdir. Bu vəzifələri yerinə yetirmək lazımdır”, – keçmiş nazir əlavə edib.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG