Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:47

Keçmiş müstəntiqin şikayəti təmin edilməyib


Rüfət Səfərov (sağ) və vəkil Bəhruz Bayramov, 7 sentyabr 2016
Rüfət Səfərov (sağ) və vəkil Bəhruz Bayramov, 7 sentyabr 2016

Milli Şuranın oktyabrın 19-da keçirdiyi mitinqdə saxlanan keçmiş müstəntiq Rüfət Səfərov-un 30 günlük həbs qərarından apellyasiya şikayətinə baxılıb.

Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində öncə onun vəkili Bəhruz Bayramov çıxış edib. Deyib ki:

"Sərbəst toplaşma azadlığı haqqında" qanunun 5-ci maddəsində mitinq barədə icazə almaq yox, dövlət orqanını xəbərdar etmək nəzərdə tutulub: "Azərbaycan Konstitusiyasının 49-cu, Avropa Konvensiyasının 11-ci maddəsi də sərbəst toplaşma azadlığını nəzərdə tutur. Rüfət Səfərov heç bir şüar səsləndirməyib, sakitcə dayandığı halda, polislər onu çox kobud şəkildə tutub aparıblar".

Rüfət Səfərov özü də konstitusion hüququndan istifadə etdiyini və əməlində qanun pozuntusu olmadığını vurğulayıb. Deyib ki, haqqındakı məhkəmə qərarı qanunsuz və ədalətsizdir:

“Mənim oktyabrın 19-da, 17.10-da saxlandığım yazılıb. Amma daha tez tutulmuşdum”.

Həm Rüfət Səfərov özü, həm də vəkili sözügedən qərarın ləğvini istəyib.

Amma hakim Namiq Məmmədov şikayəti təmin etməyib. Nəsimi Rayon Məhkəməsi-nin qərarı qüvvədə saxlanıb.

Xatırlatma

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Sonradan onlardan 30-dan çoxuna inzibati həbs cəzası verildiyi açıqlanıb.Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma BŞİH bu yerlərin heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi. BŞİH Milli Şuranın təklif etdiyi yerləri münasib saymamasını, əsasən həmin ərazilərdə nəqliyyatın sıxlığı və təhlükəsizlik amili ilə izah etmişdi.

Bundan sonra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan etmişdi ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

Təşkilatçıların bildirməsinə görə, aksiyanın tələblərinə siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi məsələlər daxildir.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Bəzi hakimiyyət rəsmiləri habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.

XS
SM
MD
LG