Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:14

Kəlbəcərdə sərhəddə atışma gedir


Kəlbəcər. Foto arxiv
Kəlbəcər. Foto arxiv

Ermənistanın Müdafiə Nazirliyi bu gün sərhəddə baş verən atışmada bir hərbçinin öldürüldüyünü, bir neçəsinin yaralandığını bildirir.

Günorta saat 14:30-da artıq atışmanın dayandığı xəbər verilir.

+++

Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin sərhədin şərq hissəsində erməni mövqelərinə hücum etdiyini bildirir. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumatda Azərbaycan Silahlı Qüvvələrinin geri oturdulduğu, canlı qüvvə itkisinə məruz qaldığı qeyd edilir. "Hazırda atışma davam edir", – nazirlik bildirir.

+++

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri bu iki ölkənin dövlət sərhədinə yaxın öz ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb: "Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib".

Açıqlamaya görə, Azərbaycan bölmələrinin qısa müddət ərzində gördüyü cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

09.12.2021

İki erməni hərbçinin yaralandığı bildirilir

Ermənistanın Müdafiə Nazirliyi dekabrın 9-da xəbər verib ki, Azərbaycan-Ermənistan sərhədində "Azərbaycan tərəfinin təxribatı nəticəsində" Ermənistan silahlı qüvvələrinin iki hərbçisi yüngül yaralanıb.

"Azatutyun" Ermənistan MN-ə istinadən yazır ki, yerli vaxtla saat 18:00-da sərhəddə atışma dayanıb.

Bundan əvvəl erməni tərəfi Geğarkunik vilayətindəki mövqelərinin Azərbaycan silahlı qüvvələri tərəfindən müxtəlif çaplı silahlardan intensiv atəşə tutulduğunu xəbər vermişdi.

Azərbaycan tərəfi atəşkəsin erməni tərəfinin təxribatı nəticəsində pozulduğunu bildirmişdi.

08.12.2021

Azərbaycan hərbçisi həlak olub

Azərbaycan hərbi qulluqçusunun həlak olduğu bildirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumata görə, dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində Azərbaycanın bir hərbi qulluqçusu həlak olub.

Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri qarşı tərəfə cavab verib.

Bu məlumata, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.

MN: Kəlbəcər atəşə tutulub

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Kəlbəcər rayonunda mövqeləri atəşə tutulub.

Nazirliyin açıqlamasına görə, dekabrın 8-i saat 14.35-dən 15.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan heç bir səbəb olmadan intensiv atəşə tutub.

Bildirildiyinə görə, buna qarşı adekvat cavab tədbirləri görülüb: "Azərbaycan ordusunun şəxsi heyət və texnika baxımından itkisi yoxdur".

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Bundan əvvəl də tərəflərin atəşkəs pozuntuları ilə bağlı qarşılıqlı açıqlamaları olub. Onlar buna görə bir-birlərini günahlandırıblar. Hətta ölən və yaralanan hərbi qulluqçuların olduğu da bildirilib.

Ermənistan təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin dekabrın 8-də Azərbaycan silahlı qüvvələrinin döyüş mövqelərini atəşə tutması bərədə Azərbaycan tərəfinin məlumatını "dezinformasiya" adlandırıb: "Erməni tərəfi Azərbaycan silahlı qüvvələrinin istiqamətində atəş açmayıb".

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında razılaşmaya əsasən dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalara gətirib çıxarıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG