Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:25

Kəlbəcər və Şuşaya gedən ‘yaxın yolların’ çətinliyi (Video)


Şuşa və Kəlbəcərə gedən maşınları erməni qüvvələri də yoxlamaq istəyir?
Gözlə

No media source currently available

0:00 0:15:06 0:00

Şuşa və Kəlbəcərə gedən maşınları erməni qüvvələri də yoxlamaq istəyir?

Beynəlxalq Böhran Qrupu yazır ki, Qarabağın qarlı dağları, keçilməz yolları Şuşanı və Kəlbəcəri bir növ təcrid vəziyyətinə salıb

Beynəlxalq Böhran Qrupu (BBQ) yazır ki, Qarabağın qarlı dağları, keçilməz yolları Şuşanı və Kəlbəcəri bir növ təcrid vəziyyətinə salıb. Beləki, hazırda azərbaycanlılar bu rayonlara yaxın yollarla getmək üçün çox yerdə hazırda əsasən Rusiya sülhməramlılarının nəzarətində olan erməni yaşayış məntəqələrindən keçir.

Rusiya sülhməramlılarının müşayiəti ilə gedəndə onlar Azərbaycanın erməni yaşayış məntəqələrindən silah daşımasına icazə vermir, yalnız tikinti materialı və ərzaq aparılmasına icazə verirlər.

Beynəlxalq Böhran Qrupu isə bu ilin iyununda dərc olunmuş hesabatında hətta iddia edir ki, bəzi hallarda Azərbaycan maşınlarını erməni qüvvələri də yoxlamağa cəhd edirlər. Hətta onlar bir dəfə Azərbaycan yük maşınında tapança tapıb və karvanı bir neçə saat saxlayıblar, daha sonra Rusiya sülhməramlılarının yüksək rütbəli zabitləri duruma müdaxilə ediblər.

Şuşaya gedən maşınları erməni qüvvələri də yoxlamaq istəyir?
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Ərazi bütövlüyü üçün ciddi problem

Hələlik Beynəlxalq Böhran Qrupunun Azərbaycanın öz ərazisində üzləşdiyi hərəkət məhdudiyyətləri barədə iddialarını başqa mənbələrdən təsdiqləmək mümkün olmayıb. Azərbaycanın Müdafiə Nazirliyi də AzadlıqRadiosunun bu yöndə suallarına cavab verməyib.

Müstəqil Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, müharibədən sonra Azərbaycanın öz ərazisindən istifadə edə bilməməsi onun ərazi bütövlüyü üçün ciddi problemdir.

O bildirir ki, “bu, suverenlik üçün utancverici məsələdir”.

Rəsmi Bakının mövqeyini şərh edən ehtiyatda olan zabit, Ədalət Verdiyev isə deyir ki, əslində Azərbaycan özü silahlarını erməni məntəqələri olan yerdən aparmaqda maraqlı deyil.

“Azərbaycan tərəfi birmənalı olaraq öz hərbi fəaliyyətlərini, xüsusilə də Qarabağla bağlı olan fəaliyyətləri nə erməni əhalinin gözü qarşısında, nə də sülhməramlıların müşayəti ilə həyata keçirmək istəmir. Buna yalnız məcburiyyət olduqda yol verilə bilər. Təhlükəsizlik məsələləri mütləq məxfilik rejiminə və maskalanmaya əməl olunaraq həyata keçirilməlidir”.

Ekspert: “Azərbaycanın Kəlbəcərlə əlaqəsində qışda da problem olmayacaq”

Azərbaycanlılar həm Şuşa, həm də Kəlbəcərə Rusiya sülhməramlılarının nəzarətindən kənarda olan yollarla da gedə bilir. Amma həmin yollar əlverişli deyil. Kəlbəcərə, Göygöl-Toğana- Ömər aşırımından gedən mövcud yolu prezident İlham Əliyev “cığır” adlandırıb. Bu yol dağlardan keçən çətin yoldur və Bakıdan daha uzaqdır.

Ədalət Verdiyev deyir ki, hazırda adı çəkilən bölgələrə bəzi yerlərdə hətta dağların altında keçən tunellərlə yollar çəkilir. Amma bu yollar istifadəyə verilənə qədər də Azərbaycanın Kəlbəcərlə əlaqəsində qışda da problem olmayacaq:

“Yol bağlanarsa, bundan ötrü mühəndis xidməti var, hansı ki, bulduzerlərlə təchiz olunur, onlar həmin yolu açırlar, bizim Kəlbəcərdən də az sərt olmayan mövqelərimiz var Naxçıvanda, ora biz qaz çəkmişik”.

Şərhçi Rauf Mirqədirov isə deyir ki, Azərbaycan bu qədər dolayı yollardansa, 10 noyabr bəyannaməsinə protokol əldə etməli, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən qeyd-şərtsiz istifadəyə nail olmalıdır.

Keçən il 44 günlük müharibədən sonra Qarabağda ermənilər yaşayan əraziyə Rusiya sülhməramlıları nəzarət edir. Amma həmin ərazilərdə erməni silahlı qüvvələri də hələ qalır.

Xatırlatma

2020-ci il sentyabrının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya arasında həmin razılaşmaya əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Həmin münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG