Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:47

Torpağın 'İpək yolu'na düşübsə, ondan əlini üz...


Pay torpaqları (arxiv fotosu)
Pay torpaqları (arxiv fotosu)

“Pay torpaqlarımız yol çəkilişi planına düşüb. Deyirlər, buradan İpək Yolu keçəcək. Ancaq bizi aldadıb torpaqlarımızı su qiymətinə alıblar”.

Şəmkirin Əliyaqublu kənd sakinləri pay torpaqlarının əllərindən alındığını deyirlər.

Onların iddialarına görə, "Azəravtoyol" ASC-nin Bakı-Qazax yolunun İpək Yolu layihəsində kompensasiyalar düzgün ödənilmir.

Buna da bax:​ Astara sakininə niyə çəltik əkmək daha sərf eləmir?

65 SOTA 5 MİN 500 MANAT

İpək Yolu layihəsinə düşən Şəmkir kəndlərindəki pay torpaqlarına görə bir müddət öncə kompensasiyaların verilməsi barədə qərar qəbul olunub. Ancaq kəndlilərin iddialarına görə, Şəmkir Rayon İcra Hakimiyyəti vətəndaşlara təsərrüfatlarının real qiymətindən bir neçə dəfə az kompensasiya təklif edib. Məsələn, kənd sakini Aslan Quliyev deyir, pay torpağında kreditlə, pensiyayla heyvandarlıq işini qurub. Ancaq onun torpağının sotu vur-tut 300 manatdan hesablanıb:

"Hamını aldadıb saxta sənədlərə qol çəkdiriblər, sonradan bilmişik ki, torpaqlar bizdən sotu 300 manatdan alınıb. Mən torpağımda heyvandarlıqla məşğul olmuşam, mənfəət götürmüşəm. Elə adam var ki, onun torpağı ən yuxarı rəqəmlə hesablanıb, mənim kimilərə isə ən aşağı rəqəmlə qiymətləndiriblər. Məsələn, qonşuluğumdakı 8 sot torpağa 24 min 500 manat yazılıb, mənim 65 sot torpağıma 5 min 500 manat..."

Buna da bax:​ 'Niyə ayda 10 manat xərcə düşməliyəm?'

“SAXTA SƏNƏDLƏRLƏ İŞ GÖRÜRLƏR”

Kəndlilər bildirirlər ki, onlara imza atdırılan müqavilələrin surətləri təqdim olunmayıb. Əli Səmədov:

"Torpaqlarımızda düzgün qiymətləndirmə aparmırlar, saxta sənədlərlə iş görürlər. Bizə saxta sənədlərə imza atdırıblar. Müqavilələri üzə çıxarmırlar, bizə vermirlər. Biz də bu səbəbdən məhkəməyə verə bilmirik. Üzümüzü prezidentə tutub deyirik ki, haqq-ədaləti bərpa eləsin, əkinçiliklə, heyvandarlıqla məşğul olduğumuz torpaqlarımızın bizdən su qiymətinə alınmasına imkan verməsin".

Kəndlilər iddia edirlər ki, yerli məmurlar saxtakarlıqla bəzi torpaqlara 70-80 min qiymət qoyub sonra pulları öz aralarında bölüşdürürlər.

Buna da bax:​ 'Bakının oksigenini kəsirlər'

Arzu Heydərov:

"Mənim plana düşən təsərrüfatıma görə 121 min manat kompensasiya verilməli idi. Ancaq 20 min manat verdilər. Qardaşımın obyekti dağıdıldı, 197 min manat hesablansa da, pulu başqasının adına rəsmiləşdirib qardaşıma cəmi 30 min manat verdilər. Abbas və Çingiz Yusifovlara 308 min manat hesablandı, ancaq cəmi 70 min manat verdilər".

“MƏBLƏĞLƏ RAZILAŞIBLAR”

Kəndlilər həm də heyvanlarının başqa yerə yerləşdirilməməsindən narazıdırlar. Onların deməsinə görə, kənddə hamı, əsasən, əkin və heyvandarlıqla məşğul olur. Onlar pay torpaqları əldən çıxandan sonra dolanışıqlarını necə təmin edəcəklərini bilmirlər.

Buna da bax: Bələdiyyə evi dağılana: 'Gözlə, gedim vergi yığım, gəlirəm'

Şəmkir rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, torpaqların qiymətləndirilməsində hər hansı yanlışlığa və qanunsuzluğa yol verilməyib. Pay torpaqları plana düşən kəndlilər məbləğlə razılaşıblar və kompensasiyanı qəbul ediblər.

Bəzi kəndlilər artıq prokurorluq orqanlarına müraciət etdiklərini bildirirlər.

XS
SM
MD
LG