Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:10

Köçkün: 'Kim istəyər ki, üstünə vulkan püskürsün?'


Vulkan üstündə oturanları yandıran nədir?
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00
Direct-ə keçid

Vulkan üstündə oturanları yandıran nədir?

«Həyatımız təhlükədədir. Gəlib bizi siyahıya alıb gediblər. Deyirlər, hər an vulkan püskürə və bu evlər məhv ola bilər. Uzun illərdir ki, həyəcan içində yaşayırıq. İndisə həyəcanımız birə beş artıb. Çünki deyilənə görə, vulkan püskürməsinin təsir əhatəsi ildən ilə genişləndikcə, gəlib evlərimizə qədər çıxmaqdadır».

Son vaxtlar Keyrəki palçıq vulkanı ətrafındakı evlərin siyahıya alınması burada yaşayanları narahat etməyə başlayıb. 10 ilə yaxındır ki, ərazidə yaşayan Sakit Məqsədli deyir, əslində, onları narahat edən buradan köçürülmələri deyil, əksinə, köçürülmə vacibdir. Narahatçılığa səbəb köçürülmə zamanı kompensasiya verilib-verilməməsidir:

«QƏFİL AYILDILAR Kİ...»

«Bəlkə 7-8 ildir ki, dövlət qurumları gəlib siyahını təzələyib gedir. Ancaq ortada heç nə yoxdur. Hərdən qulağımıza çatdırırlar ki, ərazi boşaldılacaq, tikililərdən təmizlənəcək. Biz də xəbər yollayırıq ki, köçməyə hazırıq, ancaq kompensasiya, ya da başqa yerdə evlə təmin olunmaq şərti ilə... Yoxsa, kim istəyər ki, üstünə vulkan püskürsün».

Ərazidə yaşayan köçkün Əlövsət Namazov deyir, burada ev tikənlərin çoxu vaxtilə seçim qarşısında qalıb, ərazidə vulkan püskürməsi təhlükəsi barədə bilgiləri olmayıb, buradakı torpaq sahəsi daha ucuz satıldığından buranı seçib:

«Uzun illər dözdük, hökumət bizi yaşayış yeri ilə təmin etmədi. Biz də bələdiyyəyə, icra hakimiyyətinə puldan-paradan basıb burda evlər tikdirdik. O vaxt Bakıda ən ucuz torpaq sahəsi burdaydı, ona görə də köçkünlərin çoxu buranı seçdi. Sonra burda torpaq satışı dayandırıldı. Qəfil ayıldılar ki, vulkan əraziyə yaxın yerləri satmaq insanların həyatı üçün təhlükəlidir. Şəxsən mən özüm burda evi tikib içinə yığışandan sonra bilmişəm ki, yaxınlıqdakı dağda tez-tez vulkan püskürürmüş».

«TORPAQ SATIŞI QANUNSUZ OLUB»

Hələ 7-8 il əvvəl Keyrəki palçıq vulkanı ətrafındakı bəzi tikililər sökülüb və çoxlu sayda «əraziyə giriş qadağandır» lövhələri vurulub. Ancaq bir qədər kənarda hələ də xeyli ev qalmaqdadır. Binəqədi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, vulkan püskürməsinin təsiri altına düşən ərazi genişləndikcə, evlərin siyahıya alınması prosesi də davam edir:

«O ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır, çoxdandır ki, qoruq elan edilib. Ümumiyyətlə, o ərazidə torpaq satışı qanunsuz olub, ancaq bir az da vətəndaşın öz məsuliyyəti olmalıdır. Ev tikmək üçün torpaq sahəsi alanda bir araşdırmalıdır, görsün, o ərazinin relyefi, şərtləri yaşamağa əlverişlidir, ya təhlükəlidir».

İcra hakimiyyətindən ərazidə köçürülmə deyil, yalnız siyahıyaalınmanın gerçəkləşdirildiyi bildirilib.

Bir neçə il əvvəl püskürmənin təsiri altına düşən ərazilərdəki tikili və yarımtikililər sökülərkən sakinlərlə hökumət nümayəndələri arasında qarşıdurmalar olmuşdu. Sakinlər kompensasiya tələb edir, hökumətsə tikililərin qanunsuz olduğunu səbəb gətirərək ödənişdən imtina edirdi.

Nazirlər Kabinetinin 29 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Keyrəki vulkan dağının 31.35 hektar torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Həmin 31.35 ha ərazidə hazırda heç bir yaşayış evi yoxdur.

XS
SM
MD
LG