Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:11

Keçmiş işçi SOCAR rəsmisinə 1000 manat ödəməlidir


A.Qəmbərov
A.Qəmbərov

Ali Məhkəmə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) «Kompleks Qazma İşləri Tresti»nin rəisi İsgəndər Şirəliyə görə bu qurumun keçmiş işçisi Arif Qəmbərovun cərimələnməsini haqlı hesab edib.

A.Qəmbərovun kassasiya şikayəti üzrə qərarı bu gün, avqustun 1-də Ali Məhkəmənin mülki işlər üzrə kollegiyası çıxarıb.

A.Qəmbərov aşağı məhkəmələrin onu SOCAR rəsmisinin işgüzar nüfuzuna xələl gətirməkdə günahkar bilib cərimələməsini qanunsuz hesab edirdi. O, kassasiya şikayətində aşağı məhkəmələrin qərarlarının ləğvini istəmişdi.

A.Qəmbərov məhkəmədə tələblərini müdafiə edib, işgüzar nüfuzu ləkələyən hər hansı açıqlamalar vermədiyini, buna görə də cərimələnməsinin qanunsuz olduğunu bildirib.

***Buna da bax-SOCAR rəsmisi üçün 'qəpik aksiyası' keçirilir

Ancaq hakim İlqar Xələfovun sədrlik etdiyi məhkəmə kollegiyası onun şikayətinin dəlillərini əsaslı hesab etməyib. Bakı Apellyasiya Məhkəməsinin A.Qəmbərovla SOCAR rəsmisinin mübahisəsi üzrə qərarını qüvvədə saxlayıb. Qərara əsasən, keçmiş işçi SOCAR-ın «Kompleks Qazma İşləri Tresti»nin rəisi İ.Şirəliyə 1000 manat təzminat ödəməlidir.

SOCAR-ın «Kompleks Qazma İşləri Tresti»nin rəisi İ.Şirəlinin iddiası əsasında bu qurumun keçmiş işçisi A.Qəmbərov 10 min manat cərimələnmişdi. Qərarı bu ilin fevralında Sabunçu Rayon Məhkəməsi çıxarmışdı.

Mayda isə Bakı Apellyasiya Məhkəməsi həmin məbləği 10 dəfə azaldaraq - 1000 manata endirmişdi.

A.Qəmbərov apellyasiya məhkəməsinin qərarına əsasən, İ.Şirəliyə 1000 manat ödəməlidir.

Xatırlatma

A.Qəmbərov 30 il çalışdığı trestdən 2017-ci ilin yayında çıxarılıb. Onun sonuncu iş yeri «Günəşli» yatağında 8 saylı özüldə qazma üzrə rəis müavini vəzifəsi olub.

***Buna da bax-Neftçi: 'Könüllü ərizə yazdırmaq istədilər, hər şey bundan sonra başladı...'

Trestdə özbaşınalığa etirazını bildirdiyindən döyüldüyünü, təhqirə məruz qaldığını iddia edən A.Qəmbərovun sözlərinə görə, ötən yay ona aşağı vəzifəyə keçirilməsindən ötrü könüllü ərizə yazdırmaq istəyiblər. O isə bu tələbə əməl etməyib: «Onlar da qarşımda şərt qoydular ki, könüllü aşağı vəzifəyə keçməsəm, işimi yerli-dibli itirəcəm. Hətta bu barədə yaşadığım ünvana bildiriş də göndəriblər ki, imzalayım. Mənsə imzalamadım».

A.Qəmbərov iddia edir ki, təcrübəli neftçilər işdən kənarlaşdırılır, onların yerinə bu sahədə təcrübəsi olmayan, ancaq vəzifədə qohum-qardaşı olanlar gətirilir. Dediyinə görə, 2017-ci il sentyabrın 14-də «Günəşli» İstehsalat Bölümünün rəisinin qəbuluna gedib, amma orada təhqir və zorakılığa məruz qalıb.

Dövlət Neft Şirkətindən isə bildirilib ki, A.Qəmbərovun şikayəti Xətai Rayon Prokurorluğunda araşdırılıb və onun iddiaları, o cümlədən döyülməsi haqda söylədikləri təsdiqini tapmayıb. Ona görə də məhkəməyə müraciət olunub.

SOCAR-ın idarə rəisi iddia edirdi ki, müxtəlif saytlarda onun haqqında yazılan məqalələri A.Qəmbərov yazdırıb. Həmin məqalələrdə trestdə rəhbərliyin işçilərin hüquqlarını pozduğu, onlara təzyiq göstərib məcburi ərizə yazdırıldığı, korrupsiya, qohumbazlıq hallarının hökm sürdüyü iddia edilirdi. Habelə vurğulanırdı ki, İ.Şirəli dövlət idarəsini özünün ailə şirkəti kimi idarə edir.

XS
SM
MD
LG