Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:25

Keçmiş MTN-çi həbsxanadan kimlərə gül göndərir


Güllər
Güllər

MTN əməkdaşı olmuş Vüqar Allahverdiyev dələduzluq suçlamasıyla hakim qarşısına çıxarılıb. Adamlar deyir ki, keçmiş MTN-çi onlardan həbsdə olan yaxınlarını prezidentin əfv siyahısına saldırmaq adıyla pul alıb. Ancaq nə o adamlar əfvə düşüb, nə də verilən pul geri qayıdıb. İddiaya görə, V.Allahverdiyev bütün bunları həbsdə ola-ola edib.

Elə əvvəl də dələduzluq ittihamıyla həbs olunan sabiq MTN əməkdaşı 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanılıb. Zərərçəkmişlərin əksəriyyəti də həmin müəssisələrdə olan məhkumların yaxınlarıdır.

Pul verən adamlar aldandıqlarını başa düşəndən sonra prokurorluğa şikayət ediblər, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Deyir, borc pul alıb

Cinayət işinin materiallarında yazılıb ki, V.Allahverdiyev müəssisədə məhkum kimi, həftədə iki dəfə ona verilən telefon danışığı hüququndan başqa məqsədlə yararlanıb. Məhkumlardan yaxınlarının nömrələrini alıb və əlaqə saxlayaraq, onlarla qohumlarını əfv siyahısına saldıra biləcəyi barədə danışıb. Beləliklə, zərərçəkmişlərdən 2 min 500-3 min pul alıb. Pullar onun tapşırığıyla Kəmalə Qasımova adlı qadına çatdırılıb.

***Buna da bax-Əhəd Abıyev: 'MTN-də Samir Şərifovun əleyhinə ifadə almaq istəyirdilər'

V.Allahverdiyevə CM-nin 178 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

V.Allahverdiyev ittihamla razılaşmır və özünü təqsirli bilmir. Məhkəmədə də deyib ki, heç kimdən əfv siyahısına salmaq adıyla pul almayıb. O, bir neçə adamdan borc pul aldığını söyləyib.

Zərərçəkənlər arasında V.Allahverdiyevin həbsindən öncə işə düzəlməkdən ötrü ona pul verdiyini iddia edən şəxslər də var. Onlardan Tural Əliyev məhkəmədə bildirib ki, təqsirləndirilən şəxsə MTN-də işə düzəlmək üçün 12 min 700 manat pul verib. İş alınmayanda araşdırıb, məlum olub ki, V.Allahverdiyev 13 Saylı Cəzaçəkmə Müəssisəsindədir:

***Buna da bax-MTN işi: 'Deyirdi, bu ölkədə prokuror da bizik, məhkəmə də'

«2012-ci ildə bu adam bacıma görə bizə elçi gələcəkdi. Amma bir müddət itdi. 2 il sonra yenə anama zəng edib hal-əhval tuturdu. İşlə bağlı bizim danışığımız bundan sonra oldu. Özü mənə zəng elədi. Deyirdi ki, MTN-də şöbə rəisi işləyir. Mən deyəndə ki, görüşək, razılaşmırdı. Özü mənə zəng edirdi, amma nömrələr düşmürdü. Pulu da özünə yox, göndərdiyi sürücüyə vermişəm. Sonradan öyrəndim ki, bu həbsdə imiş...».

Güllərin pulunu cəzaçəkmə müəssisəsindən alıb

Təqsirləndirilən V.Allahverdiyev isə şahidin yalan danışdığını deyib. Bildirib ki, bu şahid MTN-də onun işlədiyi şöbənin rəisi olmuş, hazırda da DTX-da çalışan Ülvi Tağıyevin xalası oğludur. Onun sözlərinə görə, T.Əliyev işə düzəlmək üçün öz xalası oğlu ilə danışıb: «MTN-də Ülvi Tağıyevin işçisi idim. Tural özü MTN-ə işə düzəlmək istəyəndə sənədlərini xalası oğlu Ülviyə vermişdi. Heç mənim bu söhbətdən xəbərim olmayıb».

Şahid isə təqsirləndirilən şəxslə razılaşmayıb və ondan pulun qaytarılmasını tələb edib.

Məhkəmədə «Ağ çiçəyim» gül dükanın işçisi Vüqar Yaqubov da dindirilib. Məlum olub, keçmiş MTN-çi cəzaçəkmə müəssisəsindən zəng edib müəyyən ünvanlara, adamlara çatdırılması üçün gül buketləri sifariş edirmiş. V.Yaqubov güllərin pulunu gedib 7 Saylı Cəzaçəkmə Müəssisəsindən qapıdan alıb gəlirmiş: «Bu şəxs dəfələrlə bizdən mal alıb. Sonra mənim nömrəmi götürmüşdü. Zəng edirdi, sifariş etdiyi gülləri mən aparırdım. Onun həbsxanada olduğunu bilmirdim. Amma sifariş verilən güllərin pulunu həbsxanadan götürürdüm. Qapıya yaxınlaşanda, pulu verirdilər, sifarişi aparıb ünvana çatdırırdım».

V.Allahverdiyev gülləri konkret kimlərə göndərdiyini açıqlamayıb.

Məhkəmə davam edir.

XS
SM
MD
LG