Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:03

Hesabat: Fransa Kilsəsində 216 min uşağa cinsi təcavüz edilib


Təhqiqatın rəhbəri Jan-Mark Sove mətbuat konfransında
Təhqiqatın rəhbəri Jan-Mark Sove mətbuat konfransında

Təhqiqatın başçısı deyib ki, söhbət 2900-3200 arası təcavüzçüdən gedir

Fransa Katolik Kilsəsində 1950-ci ildən bəri əksəriyyəti oğlanlar olmaqla 216 min uşağa qarşı cinsi təcavüz törədilib.

Bu barədə məlumatı BBC yeni araşdırmanın nəticələrinə əsasən verib.

Təhqiqatın başçısı deyib ki, söhbət 2900-3200 arası təcavüzçüdən gedir.

O Kilsəni “öz qurbanlarına münasibətdə qəddar laqeydlikdə” ittiham edib.

Vatikanın bəyanatında deyilir ki, Roma Papası Frensis təhqiqatın aşkara çıxardığı faktlardan “ürək ağrısı” keçirir.

Qurbanlardan biri isə deyib ki, Kilsənin öz hərəkətlərini yenidən qiymətləndirməsinə ehtiyac var.

La Parole Libérée (Azad ifadə) adlı qurbanlar assosiasiyasının təsisçisi Fransua Devo deyib ki, uşaqların etibarına və mənəviyyatına xəyanət edilib.

Təhqiqatın nəticələrinə görə Fransada kilsələrdə təcavüzə məruz qalanların sayı 330 minə yüksələ bilər.

Bu da qeyd olunur ki, təcavüz törədənlər əsasən kilsələrin işçiləri və katolik məktəblərin müəllimləri olub.

Cənab Devo bildirib ki, bu Fransa tarixində dönüş nöqtələrindən biridir, çünki qurbanların nəhayət kimi rəsmi tanınması baş verib.

O əlavə edib ki, yepiskoplar və Papa hələki belə bir etirafa hazır deyillər.

Vatikanın bəyanatına görə Papa bu hesabat barədə məlumatı son bir neçə gün ərzində Fransa yepiskopları ilə görüşündən sonra öyrənib:

"O ilk növbədə qurbanlara, onlara vurulan yaralara görə dərin kədər hissi keçirir, qurbanların səslərini ucaltmaq üçün özlərində cəsarət tapmalarını təqdir edir. O habelə Fransa Kilsəsi barədə düşünür. O hesab edir ki, Kilsə bu dəhşətli hadisələri etiraf etməklə və Allahın bu uşaqlara görə iztirabları ilə nəhayət bağışlanma yoluna çıxa bilər”.

Bu hesabatın açqılanmasından əvvəl dünya boyunca Katolik Kilsəsinə qarşı təcavüz iddiaları və ittihamları səslənmişdi.

2018-ci ildə Fransa Katolik Kilsəsi tərəfindən maliyyələşdirilən müstəqil araşdırma aparılmışdı.

İki il yarım davam edən bu təhqqiat zamanı minlərlə məhkəmə, kilsə və polis sənədləri öyrənilmiş, şahidlər dinlənmişdi.

Fransa qanunlarına görə zaman müddəti keçmiş çox köhnə işlər üzrə cinayət təqibi tətbiq olunmur.

“Qurbanlara inanmırdılar”

2500 səhifəlik hesabatda deyilir ki, qurbanların əksəriyyəti 10-13 yaşları arasında oğlanlar olub.

Sənəddə qeyd olunur ki, Kilsə nəinki bu təcavüzlərin qarşısını almayıb, hətta bu barədə məlumat da verməyib və beləliklə qurbanların bir çoxunu təcavüzçülərlə baş-başa buraxıb.

Təhqiqatın rəhbəri Jan-Mark Sove deyib ki, burada böyük bir laqeydlik və təsisatlanmış ört-basdır baş verib.

Onun sözlərinə görə 2000-ci illərin əvvələrinə qədər Kilsə “dərin, tam və hətta qəddar bir laqeydlik” nümayiş etdirib:

"Qurbanlara inanmayıblar, onları dinləməyiblər. Dinləyəndə isə belə nəticə çıxarıblar ki, qurbanlar başlarına gələn təcavüzə görə hətta məsuliyyət də daşıyıblar”.

Sove deyib ki, Katolik Kilsəsində cinsi təcavüz davam edən bir problemdir.

"Azad ifadə" qurbanların təşkilatının rəhbəri Fransua Devo
"Azad ifadə" qurbanların təşkilatının rəhbəri Fransua Devo

Komissiya bildirir ki, 115 min keşişin arasında 3200 cinsi təcavüzçünün olduğu aşkar edilib, amma bu rəqəm çox güman hələ tam deyil.

Hesabatda deyilir ki, Katolik Kilsəsi ailə və dostların çevrəsindən sonra cinsi təcavüzlərin ən çox baş verdiyi ən böyük mühit olub.

Parler et Revivre (Danış və yenidən yaşa) təşkilatının başçısı Olivyer Savinyak 13 yaşında Fransanın cənubunda katolik yay düşərgəsinin direktoru tərəfindən təcavüzə məruz qalıb.

O Associated Press xəbər agentliyinə deyib ki, təcavüzə qədər bu keşişi çox yaxşı bir insan hesab edirdi:

"Lakin bu, bəd xassəli şiş kimidir, bu böyüyən şiş, qanqrena kimi qurbanın bədənində və qəlbində həmişəlik qalır”.

Hesabatda bu da deyilir ki, uşaq vaxtı cinsi təcavüzə məruz qalan oğlan və qızların 60 faizi sonrakı emosional və seksual həyatlarında problemlərlə üzləşib.

Təzminat çağırışları

Bu da qeyd olunur ki, hesabatda haqqında danışılan çox az faktlar barədə çox az inzibati tədbir görülüb. Heç bir iş cinayət məsuliyyəti ilə nəticələnməyib.

Keçən müddətin uzunluğuna görə indi bu halların əksəriyyəti barədə cinayət işi açılmayacaq.

Lakin hesabat buna baxmayaraq Katolik Kilsəsini təzminat ödənilməsi də daxil məsuliyyətini qəbul etməyə çağırır.

Sənəddə deyilir ki, “mənəvi yaraları maliyyə təzminatı sağaltmasa da, belə təzminatın ödənilməsi etirafın bir hissəsi ola bilər”.

Hesabatda habelə cinsi təcavüz hallarının qarşısının alınması üçün bir sıra tövsiyələr verilir.

6-dək qurbanlar birliklərinin bəyantında deyilir:

"Biz Kilsədən konkret və aydın reaksiya gözləyirik!”

Bu hesabatın sifarişçilərindən biri olan Fransa Yepiskoplar Konfransının prezidenti deyib ki, qurbanların sayı və iztirabların miqyası “təsəvvürə sığmır”.

Arxiyepiskop Erik de Mulins-Byufor deyib:

"Mən xəcalət hissimi, qorxumu, eyni zamanda qurbanlarla birlikdə qətiyyətimi ifadə edirəm ki, görməkdən, eşitməkdən imtina, faktları pərdələmək, bunu etiraf etməmək kimi niyyətlər birdəfəlik yox olsun”.

Fransa Kilsəsi bundan əvvəl, gələn ildən başlayaraq qurbanlara təzminatların ödənəcəyini bildirmişdi.

Bu ilin əvvəllərində Roma Papası Frensis Katolik Kilsəsinin qanunlarını dəyişib.

Bu dəyişikliyə görə cinsi təcavüz cinayətkar əməl hesab olunur. Bu, Katolik Kilsəsinin məcəlləsində son 40 ilin ən böyük dəyişikliyidir.

XS
SM
MD
LG