Kipr Avropa İttifaqının Belarusa qarşı sanksiyalarını bloklamaqla təhdid edir.
Kipr Belarusa qarşı sanksiyalara qol qoyması üçün şərt kimi Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsini qoyub.
The Guardian yazır ki, əslində bir-biri ilə heç bir əlaqəsi olmayan iki məsələnin bir müstəviyə gətirilməsi Avropa İttifaqının qərar qəbul etməsində böhranlı vəziyyət yaradıb.
Kipr Avropa İttifaqından Aralıq dənizində neft-qaz axtarışı apardığına görə Türkiyənin üzərinə sanksiyaların qoyulmasını tələb edir.
Avropa İttifaqının qaydalarına görə qərarlar ittifaqın bütün üzv ölkələri tərəfindən dəstəklənməlidir.
Qəzet yazır ki, məhz bu qaydalara görə Avropa İttifaqının ən kiçik üzvü 40 Belarus rəsmisinə qarşı sanksiyaların irəli sürülməsini əngəlləyib.
Kipr Belarus sanksiyalarını “girov götürüb”
Avropa İttifaqının xarici işlər nazirlərinin gələn həftənin bazar ertəsi günü keçiriləcək iclasında Belarus rejiminin 40 nümayəndəsinə qarşı aktivlərin dondurulması və viza qadağanı kimi sanksiyalar müzakirə olunmalıdır.
Ötən ay Avropa İttifaqı nazirlərinin müvafiq qərarından sonra Belarus rejimi üzərinə sanksiyaların qoyulmasına “artıq həll edilmiş” bir məsələ kimi baxılırdı.
Avropa diplomatlarından biri The Guardian qəzetinə deyib ki, Kiprin belə mövqe tutması kifayət qədər ciddi məsələdir.
Həmin diplomat bildirib ki, “Kipr faktiki olaraq Belarus sanksiyalarını girov götürüb”.
Sentyabrın 16-da Avropa İttifaqı ölkələrinin diplomatları Kipri Belarus sanksiyaları məsələsini “alver predmetinə çevirməməyə” çağırmışdılar.
The Guardian yazır ki, avtoritar prezident Alyaksandr Lukaşenka barəsində kəskin bəyanatlar verdikdən sonra Belarus rejiminə qarşı sanksiyaların elan edilməməsi Avropa İttifaqının nüfuzuna ciddi zərbə vura bilər.
Avropa İttifaqının Türkiyə ilə münasibətləri Avropa liderlərinin gələn həftə keçiriləcək sammitində müzakirə olunacaq.
Ankara şərqi Aralıq dənizində neft-qaz kəşfiyyat axtarışına başlayandan bəri Kipr və Yunanıstan Türkiyəyə qarşı Avropa sanksiyalarının qoyulmasına çalışırlar.
Kipr prezidenti Nikos Anastaiades sentyabrın 16-da deyib ki, Avropa İttifaqı öz ixtiyarında olan bütün vasitələrdən istifadə edərək Türkiyənin “qanunsuz hərəkətlərini” dayandırmalıdır.
Avropa ölkələrinin çoxu Türkiyəyə sanksiyalar qoyulması əleyhinədir
Lakin Avropa İttifaqının əksər üzvləri Türkiyəyə qarşı sanskiyaların qoyulmasına qarşı çıxırlar.
Yunanıstan və Türkiyə arasında vasitəçilik edən Almaniya Avropa İttifaqı ilə Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında gərginliyin eskalasiyasına qarşıdır.
Berlin unutmur ki, Avropa İttifaqı və Türkiyə 2016-cı ildə Avropaya miqrant axınının dayandırılmasına dair saziş imzalayıb.
Bu həftənin əvvəllərində Avropa İttifaqı xarici işlər komissarı Josep Borrell demişdi ki, Ankara və ittifaq arasında həlledici an yetişib.
O Türkiyəni özünün Yavuz neft-qaz kəşfiyyat gəmisini Kipr sahillərindən çəkməyə çağırmışdı.
Ötən həftə Türkiyənin Reis Oruc kəşfiyyat gəmisinin mübahisəli bölgədən çıxarılması Ankara və Afina arasında razılaşma əldə ediləcəyinə ümid yaradıb.
Avropa diplomatları bildiriblər ki, Kipr vetosunu geri götürərsə, Belarus üzərinıə sanksiyalar artıq gələn həftə elan edilə bilər.