"Esquire" jurnalı tanınmış insanların həyat qaydalarını dərc etməsi ilə məşhurdur. Jurnalda çıxmış "Kirk Duqlasın həyat qaydaları"nda deyilir ki, əgər nəyəsə nail olmaq istəyirsinizsə, uğursuzluqlara cəsarətiniz çatmalıdır.
Övlad
Mən oğullarıma deyirəm – uşaqlıqda elə bir üstünlüyüm olub ki, onlar ondan məhrumdurlar. Mən ən dəhşətli səfalət içində doğulmuşam. Yuxarıdan başqa hərəkət etməyə yerim olmayıb.
Uşaqlara daha çox azadlıq verin. Qoy səhvlər eləsinlər. Onları məsləhətlərin altında qoymayın.
Yaşın nə qədər çoxdursa, sevgini o qədər dərin hiss edirsən.
Tövratı nə qədər çox öyrəndimsə, içimdə daha az din qaldı. Anladım ki, Tanrıya bizim təriflərimiz lazım deyil. O bizdən təkcə bir şey istəyir –daha yaxşı olmağımızı.
Hər kəsin qüruru var.
Səhv
Məni ilk dəfə Hollivuda çağıranda, imtina etdim. Sonra Maykl anadan oldu, pulsa yox idi və mən gəldim. Bəzən səni bağlayan şey eyni zamanda sənə azadlıq verir.
Əgər həyatında bircə dəfə də olsun günah etməmiş insanla qarşılaşsaydım, çətin ki, onunla ünsiyyətdə olmaq istəyərdim. Çatışmazlıqları olan insanlar daha maraqlıdır.
Mən oğullarımı dodaqlarından öpəndə mənə çəp-çəp baxırlar. Bunda zəiflik əlaməti görürlər. Ancaq oğlanlara təkcə anaları ilə yox, ataları ilə də fiziki yaxınlıq vacibdir.
İşlər nə qədər pis getsə, onlar daha pis ola bilər. İnsultdan sonra məndə nitq qüsuru yaranıb – nə olsun? Musanın da nitq qüsuru olub. Bu ona mane olub?
İnsanların səhv saydığı səhvlər çox vaxt səhv deyil.
Qocalıqdan qorunmaq üsulu
"Ququ quşu yuvası üzərində" kitabının qəhrəmanı Makmerfi yadınızdadır? O, əlüzyuyanı divardan qoparmaq istəyirdi, ancaq qopara bilmirdi. O, otaqdan çıxır və oradakıların hamısı onun ardınca baxır. O isə çevrilib deyir: "Lənət olsun, ancaq mən heç olmasa çalışdım!» Hərdən düşünürəm ki, bu mənim qəbir yazım üçün əla yaraşardı.
"Siyasət" sözü söyüşə çevrilib.
Qolf oynayan zaman partnyoruma dedim: "Gəl bu qocaları qabağa buraxaq – qoy birinci başlasınlar". O da mənə belə cavab verdi: "Kirk, o qocalar səndən 20 yaş cavan olarlar".
Qocalıq insanın başındadır. Vertolyot qəzası və onurğa əməliyyatı keçirmişəm. Mənə kardiostimulyator qoşublar. Zərbə alıb az qala intihar etmişəm. Ancaq özümə deyirəm: böyüməli və daha çox öyrənməliyəm. Bu, qocalıqdan yeganə qorunma üsuludur.
Din
Ola bilsin ki, ölümünüzdən sonra siz taxtda oturan böyük saqqallı qocanın qarşısında dayanıb ondan soruşacaqsınız: "Bura cənnətdir?". O isə sizə deyəcək: "Cənnət? Siz ki indicə oradan gəlirsiniz!".
Din milyonlarla insanı öldürüb. Onun dəqiq nəyisə çatmır.
Çoxları keçmişi xatırlamağı sevir. Deyirlər, əvvəllər filmlər daha yaxşı olurdu, aktyorların hamısı böyük olurdu... Ancaq mən belə düşünmürəm. Özümsə keçmiş haqqında yalnız bir şey deyə bilərəm – o keçib.
Başqaları haqda düşüncələr bizi özümüz haqda daimi düşüncələrdən yayındırır.
Deyəsən, kim olduğumu yalnız indi həqiqətən bilirəm. Üstünlüklərim, zəifliklərim – sanki bütün bunlar uzun illər ərzində vam odda bişirdi və yavaş-yavaş buxarlanıb qatılaşırdı. Odur ki, axıra yaxın qazanda sadəcə mənim mahiyyətim, əvvəldə nə ilə başlamışdımsa, o qalıb.