Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:09

Kitab dükanları 'öldümü'


Tbilisidə kitab dükanı
Tbilisidə kitab dükanı

Son 10 il ərzində bir çoxları çap sahəsinin, özəlliklə də əsl, fiziki kitab dükanlarının öləcəyini deyirlər.

«Amazon» internet kitab mağazasının başgicəlləndirici uğuru ənənəvi kitab mağazalarının məhvi, elektron kitabların populyarlaşması isə kağız kitabların gözdən düşməsi ilə bağlı proqnozlara yol açırdı. İlk vaxtlar dövrün statistikası da bu ehtimalları dəstəkləyirdi. 1995-2009-cu illərdə ABŞ-da müstəqil kitab dükanlarının sayı 43% azalmışdı. 2011-ci ildə böyük və populyar «Borders Books» kitab dükanları şəbəkəsinin bağlanması bu proqnozları daha da gücləndirdi.

Ancaq müstəqil kitab dükanları nəinki ölmədi, hətta artmağa başladı. 2018-ci ildə Amerika Kitab Satıcıları Assosiasiyasının 2470 məkanda fəaliyyət göstərən 1835 üzvü var. Bu, yalnız 9 il ərzində şirkətlərin sayında 31%, dükanların sayında 49.6% artım deməkdir.

Qurumun baş icraçı direktoru Oren Teyçer deyir ki, «Amazon» sərt rəqib olsa da, fiziki kitab dükanlarının heç yerə getmək fikri yoxdur.

«Amazon» da kitab dükanı açıbsa...

Müstəqil kitab satıcıları qismən ölkənin çap industriyasındakı artımdan bəhrələnirlər. «Ivy» kitab dükanlarının sahibləri Ed və Enn BerlinEmma Snayder dükanlarını daha çox məhəllələrdə açmağa üstünlük verirlər. Onlar burada kitab klubları keçirir, müəllifləri qonaq çağırır, ədəbiyyat festivalları təşkil edir, yerli təşkilatlar üçün ianə toplayırlar.

İş o yerə çatıb ki, «Amazon» da bir neçə fiziki kitab dükanı açıb. Merilenddəki kiçik Betesda şəhərciyində, Kolumbiya və Annapolis mollarında Amazonun kitab dükanları var.

Teyçer deyir ki, kitab almaq başqa istehlak malları almaqdan fərqlidir: ​«Kitab alışı kəşflərdən asılıdır. Kitabların əksəriyyəti siz onları kitab dükanı, yaxud da kitabxanada rəfdə təsadüfən tapdığınıza görə alınır. Yaxud da onları sizə inandığınız bir şəxs tövsiyə edir. Fiziki kitabla ünsiyyət çox vacibdir. Satışı həyata keçirmək üçün məhsulla kontakt olmalıdır».

Müstəqil kitab dükanlarının sayının artması kağız kitabların satışındakı artımla eyni vaxta düşür.

2017-ci ildə kağız kitablardan gələn gəlirin həcmi 5.92 milyard dollar olub. Amerika Naşirlər Assosiasiyasının məlumatına görə, bu, dörd ildə 10.7% artım deməkdir. Eyni müddət ərzində elektron kitablardan gəlir 36% azalaraq ötən il 2.08 milyard dollara çatıb.

Heç kim elektron kitabların bazardan çıxacağını düşünmür. Onlar rahatdır, alan kimi əlinizdə olur, özlərinin də heç bir çəkisi yoxdur. Ancaq müşahidəçilərin fikrincə, elektron kitablar, sadəcə, oxu variantlarından biri olacaq.

Seçim və zamanın tələbi

«Ivy Bookshop» dükanlarının həmtəsisçisi Ed Berlin daim kağız kitablar oxusa da, eyni zamanda, planşetində elektron kitablar da oxuyub. O deyir ki, elektron kitabların insanların həyatına girməsi televiziyanın çıxması ilə müqayisə oluna bilər.

«Bu gün insanlar həm radio dinləyir, həm televizora baxır, həm də kinoya gedir. Onlar kağız kitabları da oxuyurlar, elektron kitabları da. İnsanlar seçim xoşlayır», – o deyir.

Son zamanlar kitab dükanları və nəşriyyatlar satış və paylama sistemlərini modernləşdirərək «Amazon»la rəqabət apara biləcək səviyyəyə çatdırıblar. Kitab alıcıya qısa zamanda, üstəlik, çox vaxt pulsuz çatdırılır.

«Köhnə vaxtlarda alıcı kitab dükanına gəlib axtardığı kitabı tapmayanda, satıcı onu bir həftəyə gətirdə biləcəyini deyirdi. Ancaq naşirlər ayıldılar və paylama sistemlərini yeniləşdirməyə milyonlarla dollar pul yatırdılar. Odur ki, indi biz ölkənin istənilən yerində istənilən kitabı 24-48 saat ərzində əldə edirik. Bu, zamanın tələbinə çevrilib», – Teyçer deyir.

XS
SM
MD
LG