Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:53

‘Koçaryanla Sarkisyan Yerevanda mitinq keçirməkdənsə Qarabağa getsinlər...’


Andranik Koçaryan AzadlıqRadiosunun studiyasında
Andranik Koçaryan AzadlıqRadiosunun studiyasında

Bunu Ermənistanda hakim “Mənim addımım” parlament fraksiyasının rəhbəri Andranik Koçaryan deyib

Ermənistanda hakim “Mənim addımım” parlament fraksiyasının rəhbəri Andranik Koçaryan Ermənistanın keçmiş prezidentləri Robert Koçaryana və Serj Sarkisyana Yerevanın Azadlıq meydanında mitinqlər keçirməkdənsə, Dağlıq Qarabağa yollanmağı məsləhət görüb.

Onların ikisi də əslən Qarabağdandırlar.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutuyuna müsahibəsində Andranik Koçaryan deyib ki, Dağlıq Qarabağa dəstək Dağlıq Qarabağın öz içərisindən daha faydalı olardı. Onun sözlərinə görə Dağlıq Qarabağın problemləri Dağlıq Qarabağda həll olunmalıdır:

“İki müxalif qüvvənin liderlərinə təklif edirəm ki, öz qərargahları və tərəfdarları ilə Artsaxda (Qarabağ – red) ayda bir dəfə toplanış keçirsinlər. Qoy özlərinin azsaylı qrupları ilə özünümüdafiə ordusunun imkanlarını həm iştirakları, həm də maliyyələri ilə gücləndirsinlər. Hazırkı vəziyyətdə dövlət hakimiyyətinin dəstəyindən başqa cəmiyyətimizə müxalifət qüvvələrinin dəstəyini görmürük”.

Azatutyun xatırladır ki, aprelin 5-də Ermənistanın müxalif Hayastan və “Şərəfim var” fraksiyaları Yerevanın Azadlıq meydanında Dağlıq Qarabağa dəstək mitinqi keçirməyi planlaşdırırdılar.

Mitinq aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə keçiriləcək görüşünün ərəfəsinə təsadüf edir.

Brüssel danışıqlarından gözləntiləri barədə suala cavab verərkən Andranik Koçaryan deyib:

“Əvvəlcə görüş olacaq və bu görüşdən sonra əlbəttə hökumətin nəyisə gizlətməsinə ehtiyac qalmayacaq”.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG