Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 09:25

Keçmiş prezident Robert Koçaryanın korrupsiya məhkəməsi hökmsüz başa çatdı


Robert Koçaryan 2020-ci ildə məhkəmədə (Arxiv fotosu)
Robert Koçaryan 2020-ci ildə məhkəmədə (Arxiv fotosu)

Ermənistanda keçmiş prezident Robert Koçaryanın korrupsiya ittihamı ilə uzun müddətdir davam edən məhkəməsi heç bir hökm çıxarılmadan başa çatıb.

Bu ona görə baş verib ki, Koçaryan ittihamları qəti şəkildə rədd etməsinə rəğmən ittiham müddətinin ötməsinə dair maddə ilə razılaşıb.

Ermənistana 1998-2008-ci illərdə rəhbərlik etmiş Koçaryan ilk dəfə 2018-ci ilin iyulunda baş nazir Nikol Paşinyanı hakimiyyətə gətirmiş “məxməri inqilabın” ardınca həbs edilmişdı.

Əvvəlcə ona qarşı 2008-ci il seçkisinin ardınca müxalifət etirazlarının zorakılıqla yatırılmasına görə ittiham irəli sürülmüşdü.

İttihamlar və xitamlar

Keçmiş prezident bundan sonra bir qadın iş adamından 3 milyon dollar rüşvət almaqda ittiham edilirdi.

Koçaryanın, onun administrasiya rəhbəri Armen Gevorqyanın və təqaüddə olan iki generalın məhkəməsi 2019-cu ilin mayında başlanmışdı.

Onların hamısı ittihamları “siyasi motivli” adlandıraraq rədd edirdilər. Koçaryan iddia edirdi ki, bu məhkəmə ona qarşı Paşinyanın başlatdığı “siyasi qisasın” bir hissəsidir.

Müttəhimlərə qarşı çevriliş ittihamına 2021-ci ildə Ermənistan Konstitusiya Məhkəməsi ittihamın qanuna zidd olduğu barədə qərar qəbul edəndən sonra xitam verilib.

Buna baxmayaraq Koçaryan və Gevorqyana qarşı rüşvət ittihamı üzrə iş davam edirdi.

İttiham müddətinin ötməsi

Dekabrın 27-də məhkəməyə sədrlik edən hakim Anna Danibekyan sözü gedən işə müttəhimlər barəsində hökm çıxarmadan xitam verib.

Hakim bildirib ki, bu iş üzrə ittihamın müddəti ötüb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Koçaryanın vəkillərindən şərh almaq mümkün olmayıb.

Onlar bu ilin əvvəllərində demişdilər ki, işə rəsmi xitam verilməsindən başqa heç bir hökmü qəbul etməyəcəklər.

Azatutyun yazır ki, hazırda ən böyük müxalifət alyansına başçılıq edən 69 yaşlı keçmiş prezident hətta təqsirli bilinsə də, həbsxana cəzası çəkməyəcəkdi.

Əslən Qarabağdan olan Robert Koçaryan 1998-ci ildə Ermənistan prezidenti seçilməzən əvvəl Qarabağdakı separatçı rejimə başçılıq edib.

Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonları onun başçılığı ilə işğal olunub.

O Ermənistanın rəhbəri kimi Azərbaycanla Qarabağ tənzimlənməsinə dair danışıqlarda ən barışmaz mövqe tutan prezident olub.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

XS
SM
MD
LG