Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:46

Koçaryan yenidən məhkəmə qarşısına çıxarılacaq


Robert Koçaryan
Robert Koçaryan

Ermənistanın Kassasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın yenidən mühakimə edilməsiə dair qərar verib.

Məhkəmə üç il bundan əvvəl Koçaryan barəsində ittihamlara xitam vermişdi.

Koçaryan, onun keçmiş hərbi qərargah rəisi Armen Gevorkyan və daha iki təqaüddə olan ordu generalı 2008-ci ildə Yerevanda seçki sonrası zorakılığa görə ittiham olunurdular.

Bundan sonra rayon məhkəməsi, 2021-ci ilin aprel ayında onların barəsində “konstitusiya quruluşunun devrilməsi cəhdi” ittihamına xitam vermişdi.

Buna səbəb Ermənistan Konstitusiya Məhkəməsinin qərarı idi. Qərarda deyilirdi ki, Koçaryan və başqalarının Cinayət Məcəlləsinin bu maddəsi ilə ittiham olunması Ermənistan Konstitusiyasına ziddir.

Prokurorların inadkarlığı

Prokurorlar bu xitam qərarından apellyasiya vermişdilər. Onlar deyirdilər ki, müttəhimlərin 2008-ci ilin mart hadisəsinə görə səlahiyyətlərini aşma maddəsi ilə ittiham olunmasına imkan verilməlidir.

Lakin Apellyasiya Məhkəməsi xitam qərarını qüvvədə saxlamış, prokurorlar daha yüksək instansiya olan Kassasiya Məhkəməsinə üz tutmuşdular. Kassasiya Məhkəməsi öz növbəsində bu ilin martında Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Konstitusiya Məhkəməsinin iyul ayında verdiyi hökmdə deyilirdi ki, Ermənistan Prosessual Məcəlləsi prokurorlara eyni müttəhimləri fərqli maddə ilə ittiham etmək hüququ verir.

Bu hökmə əsaslanan Kassasiya Məhkəməsi birinci məhkəmə instansiyasına yeni mühakiməyə başlanması üçün tapşırıq verib.

Bundan əvvəl Koçaryanın vəkillərindən Hayk Alumyan demişdi ki, Konstitusiya Məhkəməsi keçmiş prezidentin “siyasi motivlərlə təqibinin bərpa olunmasına” imkan yaradıb.

2008-ci ilin 2 martı. Etirazçılara divan tutulduqdan sonra
2008-ci ilin 2 martı. Etirazçılara divan tutulduqdan sonra

Konstitusiya Məhkəməsinin mühüm qərarı

Hazırda Ermənistanın əsas müxalifət fraksiyası – Hayastana liderlik edən Koçaryan bundan əvvəl rüşvət maddəsi ilə ittiham olunmuşdu. Keçmiş prezident həmin ittihamı da qətiyyətlə rədd edirdi. Buna baxmayaraq 70 yaşlı keçmiş prezident və Gevorkyan rüşvət ittihamı ilə mühakimə olunurdular. Daha əvvəl hakim Anna Danibekyan onlar barəsində çevriliş ittihamına 2021-ci ilin aprelində xitam vermişdi.

Həmin məhkəmə prosesi 2023-cü ilin dekabrında heç bir hökm çıxarılmadan dayadırılmışdı. Hakim bildirmişdi ki, Koçaryan barəsində ittihamın müddəti qanunla başa çatıb. Qərarda deyilirdi ki, bu səbəbdən Koçaryan hətta 2008-ci il hadisələrinə görə təqsirli bilinsə də həbsxana cəzası ala bilməzdi.

Beləliklə hakim Danibekyanın səlahiyyətləri ləğv olunduqdan bir həftə sonra Konstitusiya Məhkəməsi Koçaryanın yeni mühakiməsi üçün yol açıb.

Hazırkı hökumətin qatı tənqidçisi olan Koçaryan ilk dəfə 2018-ci ildə, “məxməri inqilabdan” dərhal sonra həbs olunmuşdu. O 2020-ci ilin iyununda zaminə buraxılıb.

Azatutyun xatırladır ki, Paşinyan qanlı zorakılıqla bitmiş 2008-ci il etirazlarında aparıcı müxalifət fiquru idi.

O hakimiyyəti devirmək ittihamı ilə mühakimə olunaraq ömrünün iki ilini həbsxanada keçirib.

İndiki baş nazir Nikol Paşinyan 2008-ci il, 1 mart aksiyasında mərkəzi fiqurlardan biri idi
İndiki baş nazir Nikol Paşinyan 2008-ci il, 1 mart aksiyasında mərkəzi fiqurlardan biri idi

1 mart 2008-ci il hadisəsi

Ermənistan Xüsusi İstintaq Xidməti 2018-ci ilin 26 aprelində Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamını irəli sürmüşdü.

Robert Koçaryan 2008-ci il martın 1-də baş vermiş qanlı hadisələrdə ittiham edilirdi.

Keçmiş prezident bu ittihamın “qondarma və siyasi motivli” olmasını bəyan etmişdi.

Ermənistanda 2008-ci ilin prezident seçkisindən dərhal sonra, fevralın 19-dan başlayaraq minlərlə insan seçki nəticələrinə etiraz edirdi.

Əsasən prezidentliyə namizədlərdən biri, keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarlarından ibarət etirazçılar başqa bir əslən qarabağlı Serj Sarkisyanın saxtakarlıqla qalib gəldiyini bildirirdilər.

Tənqidçilərin fikrincə, bu seçkidə hakimiyyət faktiki olaraq Qarabağ klanının bir nümayəndəsindən başqasına ötürülürdü.

Nəhayət günlərlə davam edən etirazların əsnasında, martın 1-də polis və təhlükəsizlik qüvvələri gecələri Azadlıq meydanında qurulmuş çadırlarda keçirən etirazçılara dəyənəklər və elektroşokla hücum etmişdilər.

Belə bir ehtimal da irəli sürülürdü ki, etirazın yatırılması üçün Yerevana Qarabağdan separatçı ordunun birləşməsi gətirilmişdi.

Toqquşmalar zamanı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdu. 200-dən çox nümayişçinin xəsarət aldığı və yaralandığı xəbər verilirdi. Xeyli sayda insan yoxa çıxmışdı.

Hadisənin ardınca Levon Ter-Petrosyan faktiki olaraq ev dustağı edilmişdi. Hələ də prezident kürsüsündə qalan Robert Kocharyan fövqəladə vəziyyət elan etmişdi.

XS
SM
MD
LG