Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:38

Komanda özü uduzanda... [video]


Neftçi Futbol Klubunda nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:13:42 0:00

Neftçi Futbol Klubunda nə baş verir?

"Neftçi" futbol klubu öz qərarını açıqladı. Baş məşqçi Vəli Qasımovu, klubun icraçı direktoru Elnur Məmmədov və onun idman məsələləri üzrə müavini Mübariz Xudiyevi vəzifələrindən azad etdi.

Belə bir qərar klubun sentyabrın 10-da "Qəbələ"yə 8:0 hesabla məğlubiyyətindən sonraya təsadüf edir. Bir neçə gündür ki, mətbuat, sosial şəbəkələr "biabırçı məğlubiyyət" adlandırdığı bu oyunu müzakirə edir, klubun rəhbərliyi sərt tənqid olunur. Klubun Müşahidə Şurası isə hələ sentyabrın 13-də növbədənkənar iclas keçirib, transfer siyasətinin düzgün aparılmadığı və onu reallaşdıranları cəzalandıracağını, işdən çıxaracağını bildirib.

Buna da bax:​ Vəli Qasımov 'Neftçi'dən kənarlaşdırıldı

Müşahidə Şurasının sözçüsü Rüstəm Fətəliyev deyir ki, işdən çıxarılanların yerinə təyinatlarla bağlı məlumat yaxın zamanda açıqlanacaq. Rüstəm Fətəliyevin fikrincə, 8:0 məğlubiyyətdən sonra dəyişiklik qaçılmaz idi və hətta sabiq məşqçi Vəli Qasımov özü də deyib ki, dəyişiklik labüddür.

Dünən - sentyabrın 13-dəsə Müşahidə Şurasının iki üzvü - Bəhram Bağırzadə və Mehdi Nəcəfov bəyanat yayıblar. Bildiriblər ki, bəzi mətbuat orqanları "Neftçi"nin əvvəlki rəhbərlikdən aldıqları aylıq rüşvət dayandırılandan sonra kluba qarşı qara piar aparmaqla azarkeşləri də aldadıblar. Deyilir ki, məhz bu piar nəticəsində məşqçilərdən Samir Əliyev və Əsgər Abdullayev öz istəkləri ilə istefa veriblər və bütün bunlardan sonra komandanın oyunu indiki səviyyəyə düşüb. Bəyanat müəllifləri onu da deyirlər ki, komandanın yaralarını sağaltmaq üçün əllərindən gələni edəcəklər.

"Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Süleymanovsa bu cür iddiaları əsassız sayır. Deyir ki, keçmiş rəhbərlik jurnalistlərə rüşvət verməyib, müəyyən KİV-lərlə aralarında reklam müqavilələri olub. Tahir Süleymanov deyir ki, məhz onların rəhbərliyi dönəmində transfer edilən Ruslan Qurbanov indi Neftçiyə qarşı oynadığı oyunda 2 qol vurub. 20 ildən çoxdur stadionlarda Neftçini dəstəkləyən azarkeş Ceyhun Əzizli də indi sevdiyi komandanın oyununu ürək ağrısı ilə izlədiyini deyir. Neftçinin hazırki uğursuzluğunda o da komanda rəhbərliyini suçlayır. Yalnız hazırki işdən çıxarmalarla islahatın baş tutacağına da inanmır.

"Komandanın düşdüyü durumu ürək ağrısı ilə izləyirik, amma biz azarkeşlərin əlindən də heç nə gəlmir. Xalqın komandasını indi elə adamlar idarə eir ki. onlar heç xalqın dilini də bilmirlər. Pul qazanmaq xətrinə o boyda tarixi olan komandanı məhv etdilər".

Buna da bax:​ 'Neftçi'də gizli ödənişlər, qohumbazlıq ittihamları yağır

İki gün öncə Azadlıqradiosu-na müsahibəsində Müşahidə Şurasının sədri, detektiv yazarı Çingiz Abdullayev şuranın ünvanına səslənən tənqidləri doğru saymadığını deyib. Bildirib ki, futbola cavabdeh təkcə Müşahidə Şurası deyil. Sədr ona da irad tutub ki, təkcə qüsurları yox, uğurları da görmək lazımdır, məsələn komandanın əvəzedicilərinin birinci yerdə getməsini və s.

"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli hesab edir ki, 8 qat ölkə çempionu, 6 dəfə ölkə kubokunu qazanan bir komanda ard-arda uğursuz çıxışlar edirsə, ona qarşı sərt tənqidin olması təbiidir. Mahir Rüstəmlinin də qənaətincə, klubun idarəçiliyində problem var.

“Forma olaraq Müşahidə Şurasının olması yaxşıdır, dünyada futbol klubları bu qaydada idarə olunur. Amma təəssüf ki, Neftçinin Müşahidə Şurasında olanların bəziləri başqa sahənin adamlarıdır, futbolu yaxşı bilmirlər, bu mənada idarəçilikdə çətinlik yaranır. Yayda transfer siyasəti oldu, komanda bir neçə oyunçu aldı, xüsusən də, legionerləri transfer etdilər, bu, tam iflas oldu. Olduqca zəif oyunçular alınıb. Bu yarıtmazlıq da öz əksini meydanda tapır”.

Buna da bax:​ Neftçi 0:8 hesabı ilə uduzandan sonra...

Mahir Rüstəmli hazırda verilən qərarın “Neftçi”nin gələcək məğlubiyyətlərdən sığortalanmağa yetərli olmadığını da düşünür. O, futbolçuların da cəzalandırılmalı olduğunu bildirir. Mütəxəssis cəzalandırılmanın yeganə yolunun klubdan uzaqlaşdırılma olmadığını, başqa seçimlərin də olduğunu qeyd edir. Ümumiyyətləsə Mahir Rüstəmli təkcə “Neftçi” futbol klubunda deyil, digər klublarda da Müşahidə Şurasının yaradılmasını ölkədə futbolla bağlı düzgün islahat sayır. Amma deyir ki, futbolun səviyyəsini yüksəltmək üçün bu Şurada kimlərin təmsil olunmasına da önəm vermək və ümumiyyətlə cəmiyyətdə futbola marağı istənilən səviyyəyə qaldırmaq gərəkdir.

XS
SM
MD
LG