Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:59

Respublikaçılar Trump-ın razılığı ilə FTB-ni qərəzdə ittiham edən memonu açıqladılar


ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin üzvü olan respublikaçılar Federal Təhqiqatlar Bürosunu (FTB) və Ədliyyə Nazirliyini prezident Donald Trump-a qərəzli münasibətdə ittiham edən ziddiyyətli memorandumu açıqlayıblar. Bundan az əvvəl Trump bu sənəd üzərindəki məxfiliyi qaldırmışdı.

Fevralın 2-də açıqlanmış memorandum iddia edir ki, FTB və Ədliyyə Nazirliyi Trump seçki kampaniyasının Rusiya ilə uzunmüddətli əlaqələri olan üzvü Carter Page-in izlənməsi üçün icazədən qanunsuz şəkildə istifadə ediblər.

Sənəddə deyilir ki, buradakı faktlar “FTB və Ədliyyə Nazirliyinin hərəkətlərinin legitimliyi və qanuniliyi barədə narahatlıqlar yaradır”.

Ağ Evin bu memo ilə bağlı verdiyi bəyanatda da deyilir ki, “Ədliyyə Nazirliyi və FTB-nin ən yüksək səviyyədə qəbul etdiyi qərarların düzgünlüyü” ciddi suallar doğurub.

Bu memonun açıqlanmasından dərhal sonra Konqresdəki demokratlar Trump-a xəbərdarlıq edərək bildiriblər ki, o bu sənəddən istifadə edərək Ədliyyə Nazirliyinin xüsusi prokuroru Robert Mueller-i vəzifəsindən azad etməyə cəhd göstərərsə, bu, ölkədə ciddi “konstitusiya böhranı” yarada bilər. Mueller hazırda Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları və Trump-ın yaxın adamları ilə Rusiya rəsmiləri arasında mümkün sövdələşməni araşdırır.

Demokratlar bunu da bildiriblər ki, gələn həftə öz memolarını açıqlayacaqlar.

Ağ Evin bəyanatında deyilir ki, administrasiya Konqresə başqa sənədlərin də açıqlamasında dəstək verməyə hazırdır.

Trump fevralın 2-də bu memonun üzərindəki məxfiliyi qaldırarkən deyib ki, “indi bizim ölkəmizdə baş verənlər rüsvayçılıqdır”.

Bu memonun açıqlanmasından sonra Trump-ın baş prokuroru Jeff Sessions deyib ki, onun Ədliyyə Nazirliyindəki “kişi və qadınlara böyük etimadı” var.

Ağ Evdəki mənbələr bildiriblər ki, FTB-nin direktoru Christopher Wray-in xəbərdarlıqlarına rəğmən Trump bu sənədin heç bir redaktə edilmədən tam açıqlanmasına qərar verib.

Memorandumu Devin Nunes-in başçılığı altında Konqresin Kəşfiyyat Komitəsinə daxil respublikaçılar hazırlayıblar. Nunes Trump-ın müttəfiqi, FTB-nin onun Rusiya ilə əlaqələrini araşdırmasının qatı əleyhdarıdır.

Memoda iddia edilir ki, FTB Trump-ın araşdırılmasında tamamilə onun siyasi rəqibləri olan Demokratların Milli Komitəsi və Hilalry Clinton-un seçki kampaniyasının sifarişi ilə hazırlanmış dosyeyə əsaslanıb.

Memoda bu da iddia edilir ki, guya dosyeni hazırlamış Britaniya casusu Christopher Steele Ədliyyə Nazirliyindəki bir rəsmiyə necə olursa-olsun Trump-ın prezident seçilməsinə yol verməmək istədiyini bildirib.

FTB yanvarın 31-də bu memonun açıqlanmamasına açıq çağırış etmiş və bildirmişdi ki, sənəd ayrı-ayrı faktları konteksdən çıxarmaqla tərtib olunub və bu memonun dəqiqliyinə fundamental şəkildə təsir göstərib.

Demokratlar deyirlər ki, respublikaçıların bu memonu yaymaqdan məqsədi Kəşfiyyat Komitəsinin diqqətini Rusiyanın seçki müdaxiləsini araşdırmaqdan yayındırmaqdır.

Memonun açıqlanmasından az sonra demokratlar bidliriblər ki, böyük bir ehtimalla fevralın 5-dək onlar da öz memolarını elan edəcəklər.

Senatın demokrat azlığının lideri Chuck Schumer, Konqres demokratlarının lideri Nancy Pelosi və başqa nüfuzlu demokratlar birbaşa Trump-a müraciət edən bəyanat yayıblar:

"Biz bunu yazaraq sizə bildiririk ki, belə bir özbaşına hərəkəti Rusiya təhqiqatında həqiqətin üzə çıxmasına maneçilik törədilməsi hesab edəcəyik. Baş prokuror müavini Rod Rosenstein-in, Ədliyyə Nazirliyi rəhbərliyinin və ya xüsusi prokuror Bob Mueller-in vəzifəsindən kənarlaşdırılması Qətliam Şənbəsindən bu yana görünməmiş konstitusiya böhranı yarada bilər”.

1970-ci illərdə baş vermiş Uotergeyt qalmaqalı zamanı prezident Richard Nixon-un Ədliyyə Nazirliyinin ovaxtkı rəsmilərini vəzifədən qovması Amerikanın ən yeni tarixinə məhz “Qətliam şənbəsi” kimi düşüb. Bu hadisə Nixon-un impiçment edilməsində əsas rolu oynayıb.

Senatın Kəşfiyyat Komitəsinin demokrat üzvü senator Mark Warner memonun açıqlanmasını “milli təhlükəsizliyimizə hədə” adlandırıb.

Həmin gün Trump Twitter-də yazmışdı: "FTB-nin və Ədliyyə Nazirliyinin ali rəhbərləri və baş təhqiqatçıları müqəddəs istintaq prosesini demokratların xeyrinə və respublikaçıların əleyhinə siyasiləşdiriblər. Bu, bir az əvvələ qədər haqqında düşünülməsi belə mümkün olmayan bir şeydir”.

Lakin yüksək rütbəli respublikaçı senator John McCain respublikaçıların FTB və Ədliyyə Nazirliyinə hücumunu pisləyib və deyib ki, “belə hücumlar yalnız Rusiya prezidenti Vladimir Putinin güclənməsinə kömək edir”.

XS
SM
MD
LG