-
“Konstitusiyaya nəzərdə tutulan dəyişiklik müddəaları toplu halda ölkədə indiki hakim ailənin davamlı və qeyri-məhdud hökmranlığına qanuni əsaslar yaratmağa xidmət edir. Bu dəyişikliklərin qəbulu Azərbaycanda, artıq, xeyli vaxtdır faktiki tətbiq edilən monarxiya quruluşunun qanuniləşməsi demək olardı”.
Demokratik Qüvvələrin Milli Şurasının Konstitusiyaya təklif edilən dəyişikliklər haqında referendum aktı layihəsini pisləyən bəyanatında belə deyilir.
Milli Şura bəyan edir ki, prezident İlham Əliyev öz ailəsinin əbədi hakimiyyətini təmin etməkdən ötrü dövlət quruluşunu faktiki konstitusiyalı monarxiyaya dəyişmək niyyətindədir
Milli Şura yada salır ki, Azərbaycan hakimiyyəti beynəlxalq hüquqi öhdəliklər götürüb.
Buna da bax: Konstitusiyaya (Anayasaya) düzəlişlərə dair düşüncələrim (1-ci yazı)
“Monarxiyanı qanuniləşdirmək istəyi həmin öhdəliklərə zidd və onların pozulmasıdır. Azərbaycan Avropa Şurasının və ATƏT-in üzvü kimi mütərəqqi dünyada qəbul edilmiş universal demokratik dəyərlərə sədaqət və onları inkişaf etdirmək öhdəliyinə malikdir. Milli Şura bütövlükdə Qərb dünyasından Əliyevlər ailəsinin Azərbaycanı orta əsr çağlarına doğru dartıb monarxiyalaşdırmasına etiraz etmələrini gözləyir ”, bəyanatda bildirilir.
Daha əvvəl başqa müxalifət qüvvələrdi də Konstitusiyaya dəyişiklik təklifinin əleyhinə olduqlarını ifadə ediblər.
Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)
Müsavat Partiyası, eləcə də, REAL Hərəkatı dəyişikliklər paketini qınamışdılar.
Hakim Yeni Azərbaycan Partiyasının ( YAP) təmsilçiləri isə layihəni dəstəkləyən mövqe ifadə edirlər.
Dövlət başçısı İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır.
Buna da bax: Konstitusiyaya dəyişiklik təklifi (Karikatura)