Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:19

Konstitusiya Məhkəməsi prezidentin sorğusuna baxacaq


Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisinin buraxılması ilə bağlı prezidentin sorğusuna baxacaq.

Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən “Turan” agentliyinə bildirilib.

Mətbuat xidmətindən qeyd edilib ki, bu gün, dekabrın 2-də Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Qurumdan qeyd edildiyinə görə, iclasda Milli Məclisin dekabrın 2-də “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında parlamentin buraxılmasının Konstitusiyaya uyğunluğu ilə bağlı dövlət başçısının sorğusuna baxılıb.

Toplantıda bu məsələnin Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb. “Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq”, mətbuat xidməti qeyd edib.

Bu gün, dekabrın 2-də Milli Məclisin növbədənkənar iclası keçirilib.

İclasda hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciəti müzakirə edilib.

Müzakirələrdə Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət olunması barədə qərar layihəsi hazırlanıb. Layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Sənəddə parlamentin buraxılması islahatlara dəstəklə əlaqələndirilib.

Qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər bitərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. 1 deputat isə səsvermədə iştirak etməyib.

Xatırlatma

Ötən həftə, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət gönədərmələri tövsiyə edilib. Bundan sonra, hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər.

YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Parlamentin hazırkı tərkib 2015-ci ilin noyabrın 1-də keçirilmiş seçkilər əsasında formalaşıb. 2020-ci ilin noyabrında bu parlamentin fəlaiyyət müddəti başa çatırdı. Parlamentin tərkibi 125 nəfər deputatdan ibarətdir.Onların yarıdan çoxu YAP təmsilçiləridir.

XS
SM
MD
LG