Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 00:52

Sərhədlərin bağlı qalması ölkəiçi turizmə necə təsir göstərib?


Qəbələ xarici turistlə qaynayır: 'Kasıbların cibinə uyğun deyil'
Gözlə

No media source currently available

0:00 0:06:41 0:00

Qəbələ xarici turistlə qaynayır: 'Kasıbların cibinə uyğun deyil' (2022)

2020-ci ilin martından bəri Azərbaycanın quru sərhədləri bağlıdır. Sərhədlərin belə uzun müddət bağlı qalması vətəndaşların haqlı narazılığına səbəb olur. Ölkədə təyyarə biletlərinin çox baha olması bu narazılığı daha da artırır, axı xaricə getmək istəyənlərin quru sərhədlərdən keçməklə gediş-gəlişi nisbətən ucuz başa gəlirdi.

Rəsmi açıqlamada hökumət quru sərhədlərinin bağlı qalmasını koronavirus pandemiyasına bağlasa da, artıq bütün dünyada bu səbəb heç kimə inandırıcı görünməz. Rəsmi şəxslər belə qapalılığın ölkəiçi turizmin inkişafına yol açdığını da dilə gətirirlər. O halda bu təbii sualı cavablamaq gərəkir: Pandemiya dövründə ölkədə daxili turizm səfərləri necə dəyişib?

Azalan daxili turizm səfərləri

Dövlət Statistika Komitəsinin (DSK) bilgilərindən bilinir ki, pandemiyadan öncə - 2019-cu ildə Azərbaycanda istirahət və əyləncə məqsədi ilə 7.5 milyon daxili səfər olub. Pandemiyanın başlanğıcında – 2020-ci ildə bu rəqəm yeddi dəfədən çox azalaraq sayca 1 milyona yaxınlaşıb. 2021-ci ildə daxili turizm səfərlərinin sayı 3.3 milyona, ötən ilsə 5.2 milyona yüksəlib. Beləcə, rəsmi rəqəmlərdən aydın olur ki, hətta pandemiya məhdudiyyətlərinin tam aradan qaldırıldığı 2022-ci ildə də daxili turizm səfərlərinin sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə 31 faiz azalıb. Bu baxımdan, hökumət rəsmilərinin iddiaları yanlışdır və quru sərhədlərinin bağlı olduğu dövrdə daxili turizmin gəlişdiyini söyləmək olmaz.

DSK-nın 2023-cü illə bağlı daxili turizm göstəriciləri, hələlik, yalnız ilk üç ayı əhatə edir. Bu ilin ilk üç ayında ölkədə əyləncə və istirahət məqsədi ilə 1 milyon 52 min daxili turizm səfəri gerçəkləşib. 2019-cu ilin eyni dövründə bu rəqəm 980 min idi. Bu baxımdan, aydın olur ki, 2023-cü ildən başlayaraq 2019-cu il səviyyəsi qayıdır, ancaq sərhədlərin bağlı qaldığı üç ili aşan zaman içində daxili turizmin inkişaf etdiyini demək çətindir.

Turoperatorların gəlirləri azalıb

Pandemiya daxili turizm agentliklərinin gəlirlərini də azaldıb. Rəsmi rəqəmlərə görə, turizm şirkətləri 2019-cu ildə ölkəiçi səyahət üçün vətəndaşlara 7 min 500 turizm zərfi satıb. Ötən il bu göstərici 2019-cu illə müqayisədə üç dəfə az - 2 min 400-ə yaxın olub. Eyni zaman dilimində turizm şirkətlərinin ölkəiçi turizm səfərlərindən götürdüyü gəlir 7.1 milyon manatdan 800 min manata düşüb.

Gəlirlərin azalması son illər ölkədə turizm şirkətlərinin önəmli bölümünü sıradan çıxarıb. 2019-cu ildə 432 turagent və ya turoperator vardısa, ötən ilin sonunda bu say 240-a enib, başqa deyimlə, 44 faiz azalıb. Bu sektorda çalışanların sayı da 2019-cu illə müqayisədə (2 min 205 nəfər) ötən il 937 nəfər aşağı düşüb. Bu, minə yaxın şəxsin işini itirməsi anlamına gəlir.

Azərbaycan vətəndaşları turagentliklərin satdığı göndərişlərlə ölkə daxilində ən çox İsmayıllı (2 min 485 nəfər) və Quba (565 nəfər) rayonlarına səfər edib. Pandemiyadan öncə turizm şirkətləri ölkə daxilində ən çox Xaçmaz rayonuna turizm zərfi satmışdı (5 min 800 nəfər).

Hansı rayonlarda otel xidmətindən daha çox istifadə edilib?

DSK-nın açıqladığı bilgilərə görə, ötən il ölkəiçi otellərdə toplam 789 min Azərbaycan vətəndaşı qalıb. Bunun 229 min nəfəri paytaxt Bakıdakı otellərin payına düşüb. Paytaxtdan kənarda ən çox insanın oteldə qaldığı bölgələr Lənkəran (85 min nəfər) və Qubadır (72 min nəfər). Qəbələ (47 min nəfər), Şabran (46 min nəfər), Qusar (33 min nəfər), Xaçmaz və İsmayıllı (hərəsi 22 min nəfər) və Şamaxı (21 min nəfər) rayonları da daxili turistlərin otel xidmətlərindən ən çox istifadə etdiyi bölgələr arasındadır.

2021-ci ildən bəri turist səfərlərinin qeydə alındığı Şuşa da ən çox daxili turist qəbul edən bölgələrdən biridir. Ötən il Şuşadakı otellərdə 14 min 115 nəfər ölkə vətəndaşı yerləşdirilib.

Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədəki otellərdə toplam 12 min 314 nəfər çalışıb. Bu, pandemiyadan öncə ilə müqayisədə təxminən 160 nəfər aşağı göstəricidir. Ancaq nəzərə almaq lazımdır ki, həmin müddət ərzində ölkədəki otel sayında artım qeydə alınıb. Bakıdan kənarda otellərin məşğulluğa ən çox töhfə verdiyi bölgə Quba-Xaçmaz iqtisadi rayonudur. Quba, Qusar, Xaçmaz və Şabran rayonlarındakı otellərdə toplam 2 min 358 nəfər çalışır.

Ayrı-ayrı rayonları gözdən keçirəndə məlum olur ki, otel sektorunda ən çox çalışan şəxs Qəbələdədir. Bu ilin əvvəlinə Qəbələdəki otellərdə 992 nəfər çalışıb. Müqayisə üçün: Pandemiyandan öncə - 2019-cu ildə Qəbələdə otel sektorunda çalışanların sayı 1 min 412 nəfər idi. Bu o deməkdir ki, pandemiya dövründə Qəbələdə otel sektorunda çalışanların sayı 400 nəfərdən çox azalıb.

XS
SM
MD
LG