Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:21

Siyasətçilər hökumətin koronavirusa qarşı tədbirlərinə qiymət verir


Həkim Fernanda Arrabal koronavirusla bağlı taksi sürücüsündən nümunə götürür, Braziliya 26 iyun 2020
Həkim Fernanda Arrabal koronavirusla bağlı taksi sürücüsündən nümunə götürür, Braziliya 26 iyun 2020

Bu gün, iyunun 28-də Azərbaycanda ilk dəfə koronavirusun aşkarlanmasının 4 ayı tamam olur. Fevralın 28-də ölkədə bu virusa ilk yoluxma halının qeydə alındığı açıqlanmışdı. Amma həmin tarixdən bir qədər əvvəl Azərbaycanla qonşu İrandan bununla bağlı həyacanlı xəbərlər gəlməkdəydi. Fevralın 29-dan İranla gediş-gəliş məhdudlaşdırıldı, martın 24-dən ölkədə karantin, aprelin 5-dən isə hərəkət mehdudiyyəti tədbiq edildi. Aprelin 27-dən karantin rejimi yumşaldılsa da, bu ay yenidən sərtləşmə qərarı qəbul edildi.

Belə dəyişkən qərarlardan sonra hökumətin tədbirlər planına tənqidi münasibətlər eşidilməyə başladı .

AzadliqRadiosunun mövcud durumla bağlı müraciət etdiyi siyasi partiya üzvlərinin isə bu məsələdə mövqeləri haçalanır.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Məlahət Həsənova ilk dəfə fevralın sonunda koronavirus xəstəsi qeydə alınandan hökumətin təşkil etdiyi mübarizə tədbirlərini çox yüksək dəyərləndirir. Məlahət Həsənova xatırladıb ki, Azərbaycan hələ bir çox Avropa ölkələrindən də əvvəl sosial hərəkətliliyin meydanı olan orta və ali məktəbləri qapadıb:

“Bu addım ən böyük uğurlu tədbirlər planına işarə idi”

Məlahət Həsənova, 2018
Məlahət Həsənova, 2018

“ Bu addım ən böyük uğurlu tədbirlər planına işarə idi. Ardınca dövlətin karantin rejiminə nəzarət etməsi, yüksək standartlara cavab verən xəstəxanalarla ölkəni təmin etməsi, bütün bölgələrdə testlərin keçirilməsi, yüksək keyfiyyətli test ləvazimatların gətirlməsi, tibb müəssisələrinin müasir avadanlıqlarla təmin edilməsi, dizinfeksiya işlərinin görülməsi və maska sexlərinin açılması yönündə qərarlar qəbul edildi. Eyni zamanda, karantin dövründə ayrı-ayrı təbəqələrə müavinətlər verildi. Dövlət işində çalışan 1 milyondan çox insan ödənişli məzuniyyətə göndərildi, eləcə də karantində olan bütün təbəqələr üçün dövlət tamamilə təminat verdi, bura xüsusilə sahibkarlara olan dəstəyi xatırlamaq yetər”

“Düşünüldü ki, yumşalsa qərarı verildisə, deməli, koronavirusun yayılması bitib”

Xəstəxana, arxiv foto
Xəstəxana, arxiv foto

Məlahət Həsənova son vaxtlar yoluxmaların sayının artmasının səbəblərinə toxunaraq deyib ki, karantin rejiminin də bir həddi var:

“Yumşalma prosesi aparıldıqdan sonra cəmiyyətdə bir növ unutqanlıq yarandı, düşünüldü ki, yumşalma qərarı verildisə, deməli, koronavirusun yayılması bitib. Halbuki, koronavirusla mübarizədə “qızıl qaydalar” var, gigiyenik normalara riayət etmək, maskalardan istifadə olunması, sosial məsafənin saxlanılması kimi halları vətəndaşlar ciddiyə almadılar, bu, təəssüf doğurur. Dünyanın bir çox ölkələrində, fərqi yoxdur inkişaf etmiş, yaxud inkişaf etməmiş olsun, koronavirusla mübarizə qaydaları eyni formadadır. Lakin müəyyən cəmiyyətlərdə insanlar qayda və qanunlara daha çox riayət edirlər”.

"...Düzdür, belə şeylər əksər dövlətlərdə də mümkündür..."

Onun vurğulamasına görə, Azərbaycanda isə təəssüf ki, şayiələr, dedi-qodular üstünlük təşkil etdi:

“ İnsanın təbiətində də dedi-qodulara, şayiələrə inanmağa daha çox meyl olur. Düzdür, belə şeylər əksər dövlətlərdə də mümkündür, məsələn, daha çox itkiyə məruz qalan İtaliya parlamentində müzakirələr zamanı hətta bunun oyun olduğunu deyənlər də tapıldı. Biz isə oyun deyə düşünməməliyik, istənilən halda xəstəlik var. Baxmayaraq ki, nə qədər təbliğat aparılsa da, millətin bütün təbəqəsi bundan yararlanmadı, yenə də yalan və şayiələr, bunlara inanlar da itkiyə məruz qaldı. Ona görə də “qızıl qaydalar”-sosial məsafəlilik, maskalardan istifadə mütləq vacibdir”

"...hökumətlər nə qədər məsuliyyət daşıyırsa, ..."

Bakıda karantiv yoxlamaları, 6 aprel 2020
Bakıda karantiv yoxlamaları, 6 aprel 2020

Deputat xatırladıb ki, Ramazan Bayramında 8 günlük tətil oldu (24 - 25 may – Ramazan bayramı oldu. Ardınca 28 May isə Respublika Günüdür. Bu bayramlarla bağlı 8 gün qeyri iş günü oldu):

“ Bu dövrdə insanlarda hərəkətlilik artdı, sıxlıq vardı. Bilirsiniz, hökumətlər nə qədər məsuliyyət daşıyırsa, öhdəliyi varsa, vətəndaşın da eyni şəkildə məsuliyyəti və öhdəliyi var. Artıq faktlar var ki, virusun daşıyıcısı olanlar xəstələnmir, amma yoluxdurduğu insanlar bəzən ölür, bu təhlükəni dərk edib, qaydalara riayət etməyimiz vacibdir. Məsələn, Belarus və İsveçdə karantin rejimi tətbiq olunmadı, amma hökumətlər ictimaiyyətə qaydalara riayət etmələrini söylədilər, cəmiyyət də riayət etdi. Bizdə isə hətta karantin rejimində də özünü təcridi, maska və sosial məsafəliliyi kənara qoyurlar, bu laqeydlik və buganəlik təəssüf doğurur. Yoluxmaları araşdıranda məlum olur ki, adamlar yas yerinə, Ramazan süfrəsinə və ya ad gününə gediblər”

“Vətəndaş məsuliyyəti çox əhəmiyyətlidir”

Deputatın fikrincə, burdan belə nəticə çıxır, nə qədər tədbirlər planı güclü olsa da, vətəndaş məsuliyyəti çox əhəmiyyətlidir:

“ Baxın, Türkiyədə çox uğurlu mübarizə aparıldı, ölüm sayı 15-ə düşmüşdü, amma yumşalma olandan sonra ölüm sayı 25-ə qalxdı, hətta Baltik ölkələrində belə oxşar problemlər yaşanır. Virusun mənşəyi tam şəkildə araşdırma aparılıb ortaq məxrəcə gəlinmədiyindən hansısa qərar vermək tibb elmi üçün çətindir, hələ ölkələr bir-birindən öyrənir. Sadəcə, Çinin təcrübəsi bir az çox ola bilər ki, o da dekabrdan mübarizədə olduqlarındadır. Biz də cəmiyyət olaraq qaydalara elə riayət etməliyik ki, hökumətin tədbirlər planı mükəmməl olsun”

Məlahət Həsənova sonda da deyib:

“Düşünürəm ki, təbliğat məsələsində mütəxəssilərin cəlbi çox vacibdir, xüsusilə virusoloqlar. Söhbət ondan getmir ki, onlar hər gün televiziyalarda olsun, media bu cür peşəkarlarla təmasda olub fikirlərini ictimaiyyətə çatdırsın. Təəssüf ki, bu gün koronavirusa şübhəylə yanaşan insanlarımız hələ var”.

“Əvvəla, sərhədləri bağlamaq lazım idi,...”

Seymur Həzi, 2019
Seymur Həzi, 2019

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi isə təəssüflənir ki, Azərbaycan hökuməti fevraldan koronavirusla mübarizə çərçivəsində heç bir addımı vaxtında, düzgün, sistemli və düşünülmüş şəkildə atmayıb. Seymur Həzi fikrini əsaslandırmaq üçün bir neçə faktı misal gətirib:

“Əvvəla, sərhədləri bağlamaq lazım idi, vətəndaş cəmiyyəti, siyasi partiyalar, sadə adamlar, xarici ölkələrlə təmasları olan ekspertlər İranla sərhədin bağlanmasının vacibliyini qeyd edirdilər. Hətta ilk dəfə İrandan gəlib Azərbaycandan Gürcüstana gedən şəxs qonşu ölkədə koronavirus xəstəsi kimi aşkarlansa da, rəsmi Bakı yenə məsələyə ciddi yanaşmadı. Sonradan Xalq Cəbhəsi də daxil müxalif partiyalar təklif etdi ki, koronavirusla mübarizə çərçivəsində respiratorlar, nəfəs aparatları alınmalıdır, əgər bu istiqamətdə zamanında addımlar atılmasa, xəstəliyin pik həddində problemlər yaranacaq. Amma hökumət bunun müqabilində cəbhəçiləri həbs edib ictimai-siyasi vəziyyəti gərginləşdirdi. Nəticədə günün birində ölkədə xəstəliklər elə bir həddə yayıldı ki, nəfəs aparatı da, xəstəxanalar sahəsində də çatışmazlıq üzə çıxdı”

S.Həzinin vurğulamasına görə, hətta bir ara apteklərdə maskalar olmayıb:

“Dövlətin işi düzgün təşkil etməməsi, peşəkarları yaxın buraxmamasıdır”

Nazirlər Kabineti, arxiv foto
Nazirlər Kabineti, arxiv foto

“ Hazırda xəstəxanalara aparılan xəstələrə baxılmadığı gündəmi zəbt edir, bu barədə xəstələr özləri danışır. Məsələ ondadır ki, xəstəxanaya düşən insanların əksəriyyətinin müəyyən xroniki olan xəstəlikləri olduğundan orqanizmləri zəif olur. Bu cür xəstələr və yaşlı insanlar xəstəxanaya düşürlər, nə tibb bacıları, nə həkimlər vaxtında onlara baxırlar, səbəb də həkimlərin özlərinin qorunması problemləridir. Digər tərəfdən də zəhmətkeş həkimlərin əməyi heç olur, yenə də dövlətin işi düzgün təşkil etməməsi, peşəkarları yaxın buraxmamasıdır”.

“Operativ qərargahın qərarları da bir-birini təkzib edir”

Seymur Həzi-nin deməsinə görə, Nazirlər Kabineti yanında Operativ qərargahın qərarları da bir-birini təkzib edir:

“ Mayın 18-də karantin rejimi yumşaldı, amma yoluxma sayı azalmadı, artdı, iki bazar günü sərt karantin rejimi isə əks effekt verdi. Bunun ardınca tıxaclar davam etdi, insanlar rayonlara axışdı, qərargahın rəsmiləri də iki bazar günü karantinin effekt vermədiyini etiraf etdi. Həmin iki bazar günü sərt karantin rejimi insanları marketlərə yönləndirdi və yoluxma artdı, ikinci, insanlar rayonlara axışdı, tıxaclar da o cümlədən. Ümumiyyətlə, maarifləndirmə işi əvvəldən düzgün qurulmadı”.
Hökumətin nəyi düz etdi sualına gəlincə, Seymur Həzi bildirib ki, hökumətin karantin rejimi elan etməsi doğruydu:

“Xalq taleyin ümidində, xəstəliyin məngənəsindədir”

“ Ancaq təcrid dövründə insanların evdə qalması üçün sosial təminat məsələlərini köklü şəkildə həll etmədiyindən ictimai narazılığı gücləndirdi. Nəticədə insanlar evdə qala bilmədi, çünki körpəsi, qocası olan ailələr var ki, onların sosial problemləri hər gün artırdı. Çox təəssüf ki, indiki mənzərəni yaşayırıq, gündəlik yoluxmalar 500-dən artıq olur, insanların həyatı təhlükədədir. Bununla belə hökumət ciddi və köklü addımlar atmır. Görünən mənzərə budur ki, xalq taleyin ümidində, xəstəliyin məngənəsindədir’’.

Xatırlatma

Çin, həkimlər, arxiv foto
Çin, həkimlər, arxiv foto

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 10 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 501 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə qədər ümumilikdə 15890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 193 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılmışdı. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılmışdı. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlamışdı.Amma son vaxtlar yoluxma artdığından əks tədbirlər görülməyə başlandı. İyunun 6-dan 8-nə kimi Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyuldu. Sonrakı həftəsonu karantinin sərtləşdirildiyi yerlər bir qədər də artırıldı. Bunun ardınca da sərtləşdirilmə müddəti iki həftəyə çıxarıldı.Beləliklə, iyunun 21-dən iyulun 5-nə kimi Bakı və daha bir çox yerlərdə karantin sərtləşdirildi. SMS-lə icazə almaq qaydası yenidən bərpa edildi.

Bu müddət ərzində hökumət aprel və may aylarında 600 min işsiz və karantin müddətində işini itirən şəxsə 190 manat müavinət verildiyini açıqlayıb.İyun ayında isə yalnız karantinin sərtləşdirildiyi yerlərdə işsizlərə bu yardım göstərilməlidir.

Hökumətin açıqlamasına görə, pandemiyanın biznesə, sahibkarlara və mşğulluğa mənfi təsirlərini aradan qaldırmaq üçün 3,5 milyard manatlıq pakat həyata keçirilib.Müstəqil iqtisadçılar isə bu rəqəmin şüşirdildiyini iddia edirlər.

Karantin avqustun 1-nə kimi uzadılıb.

XS
SM
MD
LG