Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:57

Kosovo Avropada hicab debatının mərkəzində 


Kosovoda hicablı orta məktəb şagirdi müəllimi dinləyir
Kosovoda hicablı orta məktəb şagirdi müəllimi dinləyir

Kosovoda bir yuxarı sinif şagirdi baş örtüyünü açmaqdan imtina etdiyi üçün məktəbdən xaric olunub. Yerli təhsil qurumları və Peya şəhərində yerləşən Bedri Peyani akademik liseyi Kosovo Təhsil, Elm, Texnologiya və İnformasiya Nazirliyinin 2014-cü ildə qəbul etdiyi təlimata uyğun davrandıqlarını bildiriblər. Bu təlimatlar orta təhsil ocaqlarında dini geyimi yasaqlayır.

Ölkənin müsəlman əhalisini təmsil edən Kosovo İslam İcması (KBİ) da daxil olmaqla tənqidçilər iddia edirlər ki, məktəb və yerli məmurlar bu təlimatı yanlış yozurlar və 18-yaşlı vətəndaşın təhsil hüququnu əlindən almaqla onun insan haqlarını pozublar.

AzadlıqRadiosunun müxbiri Bekim Bislimi yazır ki, gənc qadının ailəsinin polisə şikayətindən sonra Peyadakı yerli prokurorluq şagirdin hüquqlarının pozulub-pozulmadığını araşdırmağa başlayıb.
Məktəblərdə dini geyim yasaqdır

2008-ci ildə Serbiyadan müstəqilliyini elan edən Kosovo bir il sonra orta məktəblərdə və liseylərdə dini geyimi qadağan edib. Bu isə dindar müsəlmanların etirazlarına səbəb olub. Hökumət bu qərarının arxasında duraraq onun ölkənin dünyəvi konstitusiyasına uyğun olduğunu bildirib.

O zamandan bəri ölkənin təhsil qanunu bir neçə dəfə dəyişikliyə uğrayıb. Təhsil Nazirliyinin 2014-cü ildə qəbul edilən sözügedən təlimatı isə bu qadağanı daha da möhkəmləndirib.

Kosovo konstitusiyasında vicdan və din azadlığı təsbit edilib. Ölkənin din haqqında qanununda isə deyilir ki, Kosovoda dövlət dini yoxdur. Kosovonun 1.5 milyon nəfərə yaxın əhalisinin böyük əksəriyyəti müsəlmandır. Ancaq onların çoxu mötədil müsəlmanlardır.

Mühafizəkarların səsi eşidilir

Di gəl, müstəqilliyin əldə edilməsindən sonrakı illər ərzində islamın ən mühafizəkar qanadı Kosovoda yavaş-yavaş özünə sosial baza toplamağa başlayıb. Sayları az olmasına baxmayaraq, islamın bu növünü təbliğ edənlər öz səslərini eşitdirirlər.

Ötən il ölkənin cənubundakı Prizren şəhərində müsəlman icmasının üzvləri kanadalı müğənni Piçezin (Peaches) çıxışına etiraz ediblər. Feminist olması ilə məşhur olan Piçez eyni zamanda LGBT icmasının kumiridir.

Kosovalı müsəlman qadınlar Cümə namazı zamanı məscidinin içərisində eyvanda namaz qılırlar.
Kosovalı müsəlman qadınlar Cümə namazı zamanı məscidinin içərisində eyvanda namaz qılırlar.

Hicab məsələsi Avropada illərlə ən çox müzakirə olunan məsələlərdən biridir. 2004-cü ildə Fransa hicab ətrafında mübahisələrin episentrində idi. O zaman Fransa hicab və "gözəçarpan" dini rəmzlərin dövlət məktəblərində işlədilməsini yasaqlamışdı. O zamandan bəri Avropanın bəzi digər ölkələri də buna bənzər addımlar atıb.

Avropa İttifaqının Avstriya, Belçika Bolqarıstan, Danimarka və Niderland kimi ölkələrində, İtaliyanın bəzi yerlərində, və İspaniyanın Kataloniya muxtar icmasında hicabın təhsil müəssisələri, iş yerləri və ya ictimai məkanlarda birbaşa, yaxud qismən qadağan edilməsi istiqamətində tədbirlər görülüb.

AƏM-in qərarları

Açıq Cəmiyyət Ədalət Təşəbbüsünün 2022-ci ilin martında yaydığı hesabatda iddia edilir ki, bu cür qadağalar ABŞ siyasətçilərinin 2001-ci il 11 Sentyabr hücumlarının ardınca terrora qarşı qlobal müharibə elan etməsindən sonra qüvvəyə minməyə başlayıb. Hesabatda deyilir ki, ABŞ siyasətçilərinin bu addımı bütün dünyada müsəlmanlara geyimlərinə görə şübhə ilə yanaşılması hallarını artırıb.

2021-ci ilin iyulunda Aİ-nın ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi (AƏM) işəgötürlənlərin iş yerində müəyyən şərtlər daxilində hicab da daxil olmaqla dini rəmzlərin geyilməsinə qadağa qoya bilməsi haqda hökm çıxarıb.

AƏM-in 2022-ci ilin oktyabrında çıxardığı hökmə görə isə, Aİ şirkətləri dini rəmzlərin geyilməsi ilə bağlı qadağalarını izah etməli ola bilərlər. Məhkəmənin bu hökmü Belçikada bir müsəlman qadının iş yerində hicab taxa bilməməsinə dair şikayətinə cavab olaraq çıxarılıb.

Kosovoda isə məktəbdən kənarlaşdırılan şagirdin ailəsi Sülh Mərkəzi adlı yerli insan haqları QHT-sindən kömək istəyib.

Eyni zamanda yerli imam olan təşkilat lideri Labinot Maliqi son yeddi ildə 50-dən çox bu cür işlə bağlı uğurla vasitəçilik etdiyini və hicaba görə kənarlaşdırılan məktəbli qızların dərs otaqlarına qaytarıldığını deyir.

"Bu ədalətsiz qadağa təkcə baş örtüyü taxmağa qərar verən qızların elementar təhsil hüququnu deyil, eyni zamanda inanclarına açıq əməl etmək azadlıqlarını da pozur", – Maliqi söyləyir.

XS
SM
MD
LG