Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:48

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Yerevandan cavab gözləyir


Yerevanda KTMT sammitinə qarşı etiraz aksiyası (2022-ci il)
Yerevanda KTMT sammitinə qarşı etiraz aksiyası (2022-ci il)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati (KTMT) Ermənistanın sərhədyanı ərazilərində müşahidə missiyasının yerləşdirilməsinə hazırdır.

Bunu Rusiyanın RIA Novosti agentliyinə Rusiya XİN-in MDB ölkələri üzrə 1-ci departamentinin direktoru Mikael Aqasandyan deyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ağasandyan əmin olduğunu bildirib ki, belə bir qərar regiondakı vəziyyətin yaxşılaşmasına müsbət töhfə verərdi:

“Biz hələ də Yerevandan müsbət cavab gözləyirik və Ermənistanın sərhədyanı bölgələrində KTMT müşahidə missiyasının yerləşdirilməsinə dair təklif üzərində predmetli işin bərpasına, habelə müttəfiqimizə başqa birgə tədbirlərlə kömək etməyə hazırıq. Müvafiq qərarların qəbulu regiondakı ümumi vəziyyətə müsbət təsir göstərərdi. Bir daha təkrar edirəm ki, biz belə konstruktiv işə hazırıq”.

Azatutyun xatırladır ki, Ermənistan bundan əvvəl KTMT-nin işindən dəfələrlə narazılıq bildirib.

Yerevan təşkilatdan “Azərbaycanın 2022-ci ilin sentyabrında Ermənistanın suveren ərazisinə müdaxiləsinin” pislənməsini tələb edir.

Lakin KTMT təşkilatın digər üzvlərinə görə bu tələbi yerinə yetirə bilmir.

Bu gərginliklərin əsnasında Ermənistan əvvəlcə öz ərazisində KTMT təlimlərindən, daha sonra isə təşkilatda baş katibin müavini vəzifəsi kvotasından imtina edib.

Yerevan susur

KTMT bundan əvvəl dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazırdır və bu, Yerevanın təhlükəsizlik maraqlarına uyğundur.

Rəsmi Moskva aprelin ortalarında bildirmişdi ki, sərhədə missiya göndərilməsinin vaxtı Yerevandan asılıdır.

Rusiya rəsmiləri bildirirlər ki, Yerevan missiyadan rəsmi qaydada imtina etməyib və belə bir layihə üzərində iş davam edir.

Bundan bir neçə gün sonra baş nazir Nikol Paşinyan demişdi ki, Yerevan da belə bir missiyanın qəbuluna hazırdır.

Azatutyun yazır ki, bu məsələ ilə bağlı baş nazirin ofisinə sorğu göndərsə də hələ ki, cavab almayıb.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG