Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:01

Bu il 'kupça' verənlər də xeyli az qazanıb...


Göydələnlər. Şerif. Karikatura.
Göydələnlər. Şerif. Karikatura.

Bu il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində çalışanların gəliri 38,2 faiz azalıb. Təsərrüfat hesabı ilə çalışan bu qurumların işçilərinə çatası dövlət rüsumunun həcmi də bu il kəsilib.

Əvvəl 30 faiz idi, bu ildən 25 olub

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) açıqlamasına görə, bu ilin doqquz ayında daşınmaz əmlakın qeydiyyatı orqanının hesabına 1 milyon 729 min manat köçürülüb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə gəlir 1 milyon manatdan çox azalıb.

Mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyindən, ödənilən dövlət rüsumunun 30 faizi bu qurumun hesabına köçürülür. Bu vəsait Xidmətin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə ödənilir. Prezident İlham Əliyev bu barədə 2011-ci ilin noyabrında qərar verib.

Buna da bax:​ Hansı sənədsiz evlərə "küpça" verilir?

Hökumət bu ildən qeydiyyat orqanı işçilərinin «kəmərini» bir qədər sıxıb: İndən belə yığılan dövlət rüsumunun 30 faizi deyil, 25 faizi onlara qalır. Bu ilin yanvar-sentyabr aylarında ayrıca hesaba yığılan pulun 1 milyon 417 min manatı əməkhaqqı şəklində ödənilib. Qalan 311 min manat sosial sığorta ayırmalarıdır. Ötən il işçilər dövlət rüsumu hesabına 2 milyon 291 min manat alıblar.

Bazarda fəallığın azalması da təsir göstərib

Gəlirin azalması daşınmaz əmlak bazarında fəallığın azalmasından da qaynaqlana bilər. ƏMDK, hələlik, daşınmaz əmlakın dövlət qeydiyyatının yarımillik göstəricilərini açıqlayıb. Məlumata görə, təkcə mülkiyyət hüququna dair çıxarışların sayı 105,6 mindən 83,2 minə düşüb.

Dövlət rüsumunun bir hissəsi daşınmaz əmlakın qeydiyyatı orqanlarında çalışanların yeganə gəlir mənbəyi deyil. Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli qərarı ilə onlar xidməthaqqı da alırlar.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində çalışanların sayını və toplanan xidmət haqlarının məbləğini ƏMDK açıqlamır.

Buna da bax:​ Daşınmaz əmlak bazarında süstlük

Gömrük və yol polisi aldığını demir

Korrupsiyaya qarşı mübarizə və işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə təkcə Reyestr Xidmətinin əməkdaşları deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da əməkhaqqına əlavə alırlar. Bu ildən vergi və gömrük əməkdaşlarına ödənilən vəsaitin həcmi 50 faizə qaldırılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, toplanan və işçilərə ödənilən bu vəsait haqqında məlumat hər üç aydan bir həm media, həm də öz məlumat bazası vasitəsilə ictimaiyyətə açıqlanmalıdır. Vergilər Nazirliyi və ƏMDK-dan başqa bu qərara əməl edən yoxdur.

XS
SM
MD
LG