«Bizim küçəyə içməli su xətti çəkiləndən bəri hər yağış yağanda su içində qalırıq. Asfaltı dağıdıb tökdülər, amma boruları yerə basdırandan sonra yolu düzəltmədilər. Yağışlı günlərdə bəzi döngələrdə keçilməz gölməçə yaranır. Oradan islanmamış keçməyə uzunboğaz ayaqqabılar da boy vermir. Uşaqları məktəbə bəzən kürəyimizdə aparırıq».
Kürdəmir şəhərindəki Yaşar Seyidov küçəsində yaşayan sakinlərdən biri yaşayış şəraitlərindən gileylənir. Onun sözlərinə görə, vaxtilə «Kommunist» adlanan bu küçəyə sonradan Qarabağ uğrunda gedən döyüşdə həlak olmuş həmyerlilərinin adı verilib. Deməsinə görə, bu da rəsmilərin həmin küçəyə münasibətini dəyişməyib: «Dəfələrlə fərdi və kollektiv şəkildə yerli icra hakimiyyətində qəbulda olmuşuq, yazılı müraciət etmişik. Amma hər dəfə də bu işə vəsait tapa bilmədiklərini deyirlər. Kürdəmirdə təmir-abadlıq işləri yalnız mərkəzi küçə və meydanda aparılır. Şəhərin qalan küçələri isə kənd yollarından az fərqlənir...».
İcra hakimiyyəti: «Nəzərə alınacaq»
Ötən ilin mayında Kürdəmir Rayon İcra Hakimiyyətindən sakinlərdən birinə bu məzmunda cavab verilib: «Şəhərin küçə və meydanlarının təmiri işləri fevral-mart aylarında planlaşdırıldığından yaşadığınız küçənin 2018-ci ilin planlaşmasına daxil edilməsi imkan xaricindədir. Həmin küçənin təmir edilməsi məsələsi 2019-cu ilin planlaşmasında nəzərə alınacaqdır».
İcra hakimiyyətindən deyilən planlaşma vaxtı yaxınlaşır. Bu il Yaşar Seyidov küçəsində abadlıq işi görüləcəkmi? Biz bu sualla Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhəri üzrə nümayəndəsi İlqar Salmanova müraciət etdik. O, bunları bildirdi: «Su xətti çəkiləndə «Azərsu» Açıq Səhmdar Cəmiyyəti (ASC), yaxud onun elan etdiyi tenderin qalibi olan təşkilat, yəni orada bu işi kim görübsə, həmin küçəni bərpa etməli idi... Kürdəmirdə 92 küçə var. Hər il onlardan bir neçəsi təmir edilir. Əvvəl planlaşdırılır, ölçüb-biçilir, hesablanır, maliyyə mənbəyi müəyyən edilir, sonra tender keçirilir. İndi mən dəqiq deyə bilmərəm... Amma təmirə daha çox ehtiyac olan küçə kimi nəzərimizdə saxlayacağıq».
Bu deyilənlərə, hələlik, «Azərsu» ASC-dən isə münasibət almaq mümkün olmayıb.