Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 08:21

Kürdəmirdə xəstə, əkiz bacıların şikayətləri


G.Novruzova
G.Novruzova

İşıqları sönüb, qazları kəsilib. Demələrinə görə, çırağa tökməyə neft, sobada yandırmağa odun da tükənmək üzrədir. Bəxtləri onda gətirib ki, bu il qış sərt keçmir...

Kürdəmir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 69.

Həmin ünvanı qonşuların müraciəti və bələdçiliyi ilə gəlib tapdıq. O qonşular ki, demələrinə görə, baxımsız qalan iki yaşlı qadına hər gün evlərindən isti çörək, qənd, çay gətirir, onların vəziyyəti pisləşəndə isə Təcili yardıma zəng edirlər.

Ev sahibəsi-Gülbəniz Novruzova deyir ki, son 5 ildə bu duruma düşüblər: «Həyat yoldaşımdan ayrılmışam. Üç uşağım var, onlar da ailə qurandan sonra hərəsi bir yanda yaşayır. Üçü də kasıbdır. Buna görə baxanım yoxdur. Mən beş il əvvəl infarkt keçirmişəm. Hazırda ürəyimdə və böyrəyimdə yaranan problemlərdən əziyyət çəkirəm. Əmək qabiliyyətimi itirsəm də, əlillik qrupu ala bilmirəm».

G.Novruzova effektli müalicə oluna bilməməyini imkansızlıqla əlaqələndirir: «Təcili yardım işçiləri əsasən ağrıkəsici vururlar. Bu, müalicə deyil ki... Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında adama pulsuz bircə dərman da verilmir. Xəstənin yaxınını göndərirlər ki, get lazım olan iynə-dərmanı aptekdən al. Axırıncı dəfə məni oğlum xəstəxanaya aparmışdı. Komadan ayılanda öyrəndim ki, tibb işçiləri düşüblər uşağın üstünə, mənə işlədilən iynə-dərmana görə ondan pul tələb ediblər. İndi gəl belə şəraitdə günlərlə qalıb müalicə olun. Adı dövlət xəstəxanasıdır. Amma pulsuz adama kim baxar?».

Xəstəlik tarixçəsi
Xəstəlik tarixçəsi

Evdə daha bir yaşlı qadın var. Amma o, danışmır, gözlərini məchul bir nöqtəyə zilləyərək sakitcə oturmuşdu. G.Novruzovadan öyrənirik ki, bu qadın onun bacısıdır: «Biz əkiz doğulmuşuq. O, nitq qüsurludur, həm də əsəb xəstəsi. Valideynlərimiz vəfat edəndən bəri ona mən baxıram. Onun da müalicəyə ehtiyacı var, amma imkansızlığa görə etdirə bilmirəm. Pensiyası cəmi 60 manatdır. Bu pula nə gəlirsə dükandan qənd, çay alıram. Günlərlə bu evdə ac qalırıq. Bəzən çörəyə sürtməyə şor, çay içməyə qənd olmur».

G.Novruzova xəstəliyin verdiyi ağrı və iztirablarla yanaşı, biganəlikdən də gileylidir. O bildirir ki, köməksiz vəziyyətdə, ac-susuz olduqları, soyuq, qaranlıq evdə qaldıqları bu müddətdə dövlət və ictimai təsisatlar qapılarını bircə dəfə də olsun döyməyiblər: «Düz iki ildir ki, icra hakimiyyətində məni qəbula buraxmırlar, görən kimi qovurlar... Bacım gəlib dayandı gözümün qabağında. Mən ölsəm, ona kim baxacaq?..».

İcra hakimiyyəti: «Bizə müraciət etsəydi, onu tanıyardıq»

Kürdəmir Rayon İcra Hakimiyyəti aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İnqilab Məmmədov G.Novruzovanın qəbula buraxılmaması ilə bağlı dediklərini yalanlayır: «İcra başçısı həftədə iki dəfə qəbul keçirir. Biri rayon sakinlərinin hamısı üçündür, digəri isə yerlərdə keçirilən səyyar qəbul. İnanın ki, bu qəbullar «açıq qapı» prinsipi ilə keçirilir. İcra başçımız da imkan daxilində hamıya kömək edir. Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işini mən təşkil edirəm. O qadın qəbula gəlsəydi, ya ərizə ilə bizə müraciət etsəydi, mən onu mütləq tanıyardım. Ona deyin, lap mobil nömrəmi də verin, gəlsin yanıma, mən onu cənab başçı ilə görüşdürüm».

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Novruzov isə sakinlərin şikayətini araşdırmağa hazır olduğunu bildirib: «Gəlsin mənim yanıma, desin görüm ondan iynə-dərmana və ya tibbi xidmətə görə kim pul istəyib. Desin, biz də araşdıraq. Yoxsa belə ünvansız olmur. Gələcəkdə də nə şikayəti olsa, şəxsən mənə bildirsin».

XS
SM
MD
LG