Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

'Kəndlilər buğdanı, əsasən, heyvandarlıqda istifadə edirlər'


Taxıl biçini
Taxıl biçini

Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bildirib ki, hazırda ölkədə ərzaq buğdasına tələbatın 64.8 faizini yerli istehsal ödəyir.

O qeyd edib ki, hökumət bu göstərici ilə qane olmayacaq. F.Fikrətzadənin sözlərinə görə, hər il buğda istehsalının 200 min ton artırılması nəzərdə tutulur.

«Ölkə əhalisinin ərzaq buğdası ilə maksimum təmin olunması Azərbaycan dövlətinin prioritetlərindən biridir və bununla bağlı zəruri tədbirlər görülür». Bunu isə o, «Turan» agentliyinə müsahibəsində söyləyib.

O, daha sonra da əlavə edib: «Məhsulun artırılması da 2018-ci ildə 1 milyon ton civarında idxal edilən buğdanın idxalının azaldılmasına xidmət edəcək. Həmin 1 milyon tonun da azalması üçün hər il 200 min ton, və ya hər hektar üzrə 1-2 sentner məhsuldarlıq artırılmalıdır».

F.Fikrətzadə vurğulayıb ki, dövlət taxıl istehsalçısı olan fermerləri güzəştli şərtlərlə gübrələrlə təmin edir, sertifikatlı toxum məsələsini təşviq edir: «Gözləntimiz budur ki, haradasa ildə 1-2 sentner artım stabil şəkildə davam etsin və buna da potensial var».

«Məhsuldarlıq 15-55 sentner arasında dəyişir»

Mərkəz rəhbəri deyib ki, hazırda taxıl sahələrində məhsuldarlıq hər hektar üzrə 15-55 sentner arasında dəyişir: «Suvarılmayan dəmyə torpaqlarda bu, 15 sentnerdir, suvarılan torpaqlarda isə 55 sentnerə qədər olur. Sertifikatlı toxum siyasətinin bir qolu da həmin dəmyə torpaqlardakı məhsuldarlığın yüksəldilməsini nəzərdə tutur. Dəmyə torpaqlar üçün ixtisaslaşmış dövlət proqramı var ki, bu, az məhsul sindromunu sındırır və dəmyə torpaqda 30 sentner götürməyi hədəfləyir».

V.Məhərrəmov
V.Məhərrəmov

«Ölkə ərzaq buğdasına tələbatının yarısını da...»

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə AzadlıqRadiosuna deyib ki, Azərbaycan ərzaq buğdasına olan tələbatının yarısını belə daxili istehsal hesabına ödəyə bilmir: «Mən konkret faktlara əsasən deyəcəm. Son üç-dörd ilin məlumatıdır. 2015-ci ildə ərzaq məhsulu kimi 2 milyon tondan bir az çox buğda istifadə edilib. Bunun 1 milyon 353 min tonu idxal edilib, bu da bu məhsula olan tələbatın yarıdan çoxunun idxal olunması deməkdir. 2016-cı ildə isə 2 milyon 198 min ton ərzaq məhsulu kimi buğdadan istifadə edilib. Bunun da 1 milyon 599 min tonu idxal olunub. Bu hesabla daxili istehsaldan istifadə cəmi 500 min ton olub. Yeganə 2018-ci ildə ərzaq kimi idxal edilən buğda yerli istehsallın 50 faizini təşkil edib. Bu da onun hesabınadır ki, əvvəlki ildən ehtiyat buğda qalmışdı. Bu il isə vəziyyət olduqca gərgindir. 8 ay ərzində ölkəyə 852 min ton buğda idxal edilib. Bu da bizim, demək olar ki, 8 ay ərzində istehlak etdiyimiz buğdanın təxminən 70 faizi qədərdir».

«Keyfiyyət aşağıdır»

V.Məhərrəmov deyib ki, Azərbaycan istehsal etdiyi buğdanı sinfə ayırmır və hazırda ölkədə nə qədər 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci sinif buğda istehsal edildiyi bilinmir: «Heç kim bunu deyə bilməz. Ona görə ki, buğda təmizlənməli, çeşidlənməli, siniflərə ayrılmalıdır, bu proses getmir. Bu, müəyyən avadanlıqlar, texnologiya, əlavə xərclər tələb edir. Ona görə də kəndlilər buna getmirlər, istehsal etdikləri buğdanı, əsasən, heyvandarlıqda yem kimi istifadə edirlər. Bir hissəsi də istehlaka yönəlir».

Ekspertə görə, Azərbaycanda taxılçılıqda məhsuldarlıq və keyfiyyət aşağıdır, rəsmi rəqəmlər isə şişirdilir: «Bu il yabanı vələmir çox geniş yayılmışdı. Yabanı vələmir olan yerdə buğda, taxıl ola bilməz. Ona görə ki, yabanı vələmir buğda, taxıl zəif olan yerdə yetişir və məhsuldarlıq 10-15 sentner olur».

Xatırlatma

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin 8 ayında Azərbaycana 852 min 878 ton buğda idxal edilib. Buna 186 milyon 213.41 min dollar xərclənib. 2018-ci ilin eyni dövründə isə 130 milyon 955.79 min dollar sərf edilərək 730 min 990.23 ton buğda alınmışdı.

2 il əvvəl eyni dövrdə isə ölkəyə 607 min 973.70 ton buğda gətirilib. Həmin buğdaya isə 112 milyon 690.56 min dollar verilib.

XS
SM
MD
LG